AXCP rəhbərliyi yenidən regionlarda

AXCP rəhbərliyinin  regionlara  səfərləri  yenidən davam edir. Bu həftə sonu AXCP sədrinin müavini Gözəl Bayramlı  Zaqatala, Şəki, Qəbələ, Balakən,  Yevlax  rayonlarında səfərdə olub, partiyanın yerli rayon şöbələrinin  toplantılarında iştirak edib. Gözəl Bayramlının verdiyi məlumata görə,  cəbhəçilərin əhval-ruhiyyəsi, mübarizə əzmi yüksək səviyyədədir.
“Partiyamıza üzv qəbul olunmaq üçün xeyli sayda insanlar yerli rayon şöbələrimizə müraciət ediblər. Zaqatala, Şəki və Yevlax rayon şöbələrinin Məclisləri keçirildi, ictimai-siyasi vəziyyət, təşkilati məsələlər müzakirə olundu,  İctimai Palatanın regional təşkilatlarının güclənməsi üçün partiyamızın yerli şöbələrinin fəaliyyətinin daha da gücləndirilməsi qərara alındı. Sentyabr ayı ərzində adı çəkilən rayonlar da daxil olmaqla İP-nin regional təşkilatlarının toplantılarının keçirilməsinə hazırlıq da müzakirə olundu. Rayon şöbələrinin rəhbərləri regionlara intensive səfərlərin olmasının vacibliyini və bunun mübarizəmizə stimul verdiyini qeyd etdilər”, – deyə G.Bayramlı bildirib.  
Sədr müavini deyib ki, müzakirələrdə hakimiyyətin “Azadlıq”qəzetinə qarşı təzyiqləri də pislənilib.
G.Bayramlı regionlara səfərləri bundan sonra daha da intensivləşdirəcəklərini bildirib.