Planlı salınmış Mingəçevirin plansız görkəmi

Baş memar Etibar Abdullayev növbəti icra başçısına öz layihələrini sırımaqla məşğuldur

Bu il ölkənin bir neçə şəhər və rayonunun baş planı hazırlanıb. Bu məqsədlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi layihə institutlarına müraciət edib. “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor-Texnoloji Institutu sifariş edilən şəhər və rayonların hər birinin baş planı üzərində işləri yekunlaşdırmış, xəritələşdirmə işlərini başa çatdırmışdır. Dəqiqliklə hazırlanması üçün peyk vasitəsi ilə kosmosdan çəkilən şəkillərdən də istifadə edilmiş layihələrdə yeni tikililərlə yanaşı, sənaye zonası, dəmir və avtomobil yolları tam əhatə olunub.
Bu məsələyə nahaqdan toxunmadıq. Öz orijinal memarlıq üslubu ilə seçilən Mingəçevir ölkənin başqa şəhər və rayonlarından küçə və meydanlarının həddən artıq genişliyi ilə fərqlənib. Zaman ötdükcə bu genişlik ayrı-ayrı adamlar üçün əsl qazanc mənbəyinə çevrilib.

Süleyman Rəşidovun “Heydər bulağı” vaxtsız qurudu

Sovetlər dönəmindən Mingəçevirin ən böyük prospekti Lenin prospekti olub. Keçmiş SSRI-nin hər yerində olduğu kimi burada da – prospektin başlandığı yerdə “proletariatın dahi rəhbəri”nin abidəsi ucalırdı. 1992-ci ildə prospektə Şərqdə ilk Demokratik Cümhuriyyətin banisi Məhəmməməd Əmin Rəsulzadənin adı verilsə də, ovaxtkı hakimiyyət imkan edib Rəsulzadəyə heykəl qoya bilmədi. Əvəzində 1998-ci ildə şəhərin o zamankı icra başçısı Süleyman Rəşidov abidənin yerində primitiv bir su kranı düzəldib adını “Heydər bulağı” qoydu. Hərçənd bulaq quruduğundan onun suyundan içmək kimsəyə nəsib olmadı (Yeri gəlmişkən, 2010-cu ilin yanvarında Ağır Cinayətlər Məhkəməsində 1997-1998-ci illərdə Mingəçevirin icra başçısı olmuş S.Rəşidovun cinayət işinə baxıldı. 2 ilə yaxın icra başçısı postunu tutmuş Rəşidov Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı maddələriylə suçlanırdı. Maraqlıdır ki, S.Rəşidov bu maddələrlə düz 10 il axtarışda olsa da, 2009-cu ildə saxlanılmışdır. O da qəribədir ki, Rəşidov icra başçısı olmazdan öncəki əməllərinə – Mingəçevir şəhər təhsil şöbəsinin müdiri olarkən törətdiyi cinayətlərə görə ittiham olunurdu – A.).
Abidə maniyası ilə seçilən Məhəbbət Qarabağlı
6 ilə yaxın Mingəçevirə başçılıq etmiş Məhəbbət Qarabağlı (xalq şairi Zəlimxan Yaqubun qudası – A.) abidələrə (əslində onları abidə adlandırmaq gülünc səslənir) olan maniyası ilə hər zaman diqqət mərkəzində oldu. Onun rəhbərliyi dövründə şəhərdə ucaldılan “Ana dili”, “Istiqlal” kimi “abidələr” sovet dönəmində kənd məktəblərinin həyətlərində qoyulurdu.
Dəmir dirəyə mərhum prezidentin adını yazıb ərazini Heydər Əliyev meydanı elan etməyin təşəbbüskarı, 2004-cü ilin aprelində “şəhər sakinləri və çoxsaylı kollektivlərin xahişini nəzərə alaraq” M.Ə.Rəsulzadə prospektinə H.Əliyevin adının verilməsi haqqında sərəncamın müəllifi də M.Qarabağlıdır. 2005-ci ilin əvvəlində qurumuş bulağın yerində H.Əliyevə heykəl qoyulması işlərinə başlandı…

Abidənin açılışını etmək Lütvəli Babayevə nəsib oldu

Mayın ilk ongünlüyündə, Əliyevin doğum günü ərəfəsində gerçəkləşən açılış mərasiminə aprelin 30-da ölkə başçısının sərəncamı ilə Mingəçevir ŞIH-nin başçısı vəzifəsinə təyin edilmiş Lütvəli Babayev aparıcılıq edirdi. 2005-ci ilin dekabrında abidənin ətrafında respublikada ənənə şəklini almış başqa bir tikilinin – H.Əliyev muzeyinin inşası işlərinə start verildi. Muzeyin inşası “ümumşəhər tikintisi” elan edildi. Paralel olaraq H.Əliyevin heykəlinin yenisiylə əvəzlənməsi prosesinə başlandı. Səbəb kimi əvvəlki abidənin tələsik və keyfiyyətsiz materialdan hazırlanması, heykəlin “ulu öndər”ə bənzəməməsi (?) göstərildi. Bütün bu işlərə isə IH-nin Memarlıq və əsaslı tikinti şöbəsinin müdiri – şəhərin baş memarı Etibar Abdullayev nəzarət edirdi. 2006-cı il mayın 10-a işlər yekunlaşsa da, yalnız heykəlin açılışı keçirildi. Muzeyin açılışı prezidentin gəlişinə saxlanıldı. Lakin gözlənilənlərin əksi olaraq, qonşu rayonlara səfər edən ölkə başçısı Mingəçevirə gəlmədi. Belədə rəhbərlik 2007-ci ilin mayın 10-da bir ildən də artıq müddətdə hazır olan muzeyin açılışını özü etmək məcburiyyətində qaldı.
L.Babayevin şəhərə rəhbərliyi kadr islahatlarıyla yadda qaldı. Insafən, onların arasında M.Qarabağlının icra başçısı işlədiyi dövrdə (1999-2005-ci illər) təsadüf nəticəsində birdən-birə məsul vəzifəyə sahib olmuş, törətdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb olunası şəxslər vardı. Mingəçevir ŞTŞ-nin büdcə və büdcədənkənar vəsait smetasının 01.02.2003-01.05.2005-ci il tarixə qədərki dövr üzrə icrasının təftişi də L.Babayevin icra başçısı olduğu dönəmə təsadüf etdi. O vaxt ŞTŞ-nin rəhbəri başda olmaqla bir neçə məktəb və bağça müdiri tutduqları vəzifədən azad olundu. Onlardan bəzilərinin sorağı məhkəmələrədək gedib çıxdı.
L.Babayev ölkə başçısının Mingəçevirə səfər etməsində çox arzulayırdı. Prezident Mingəçevirə səfər etdi. Ancaq bu, gözlənilən səfər olmadı. 2006-cı il oktyabrın 12-də yağan aramsız yağış şəhərə ciddi ziyan vurdu. Şəhəri sel basdı. Təbii fəlakətdən 2 gün sonra, oktyabrın 14-də Şəkiyə səfər edən Ilham Əliyev vertolyotla yolüstü Mingəçevirə endi. Prezident başdan-başa abadlaşdırılmış H.Əliyev prospektinin əvəzinə yağan yağışlar nəticəsində Bozdağdan axıb gələn lil və palçıqlı küçələrin şahidi oldu.

İlyarımda Prezident Mingəçevirə 2 dəfə səfər etdi

2007-ci il dekabrın 14-də L.Babayev doğulduğu Zərdaba icra başçısı göndərildi. Prezidentin həmin gün imzaladığı başqa sərəncamla Göyçayın icra başçısı postunu tutan Mübariz Ağayev isə Mingəçevirə təyinat aldı. M.Ağayev təyinatının ilk günündən H.Əliyevin abidəsinin ətrafının yenidən qurulması işlərinə start verdi. Bu dəfə də abidənin ətrafının memarlıq tələblərinə cavab vermədiyi “ortaya çıxdı”. Keçmiş rəhbərin ideya və təkliflərini alqışlayan baş memar E.Abdullayev heç nə olmamış kimi təzə başçının bu “unikal ideyasını” dəstəkləməyi özünə borc bildi. Öncə abidənin önündə musiqili fəvvarə quraşdırıldı. Bunun üçün meydanda bir il öncə milyonlarla vəsait xərclənənərək yerə döşənmiş plitələr qoparıldı, ətrafdakı yaşıllıqlar məhv edildi. Şəhərdəki binaların boyanması işlərinə start verildi. Özü də bu proses olduqca primitiv və eybəcərcəsinə tətbiq olundu. H.Əliyev prospekti boyunca, həmçinin şəhərin Xaldan şosesi tərəfdən girəcəyində şəhərsalma prinsiplərinə tam zidd olan hasarlar quraşdırıldı.
Baş memar isə susurdu.
M.Ağayevin şəhərə rəhbərliyi dönəmində Ilham Əliyev iki dəfə – 2009-cu il martın 3-də və 2010-cu il oktyabrın 14-də Mingəçevirə səfər etdi. Ölkə başçısının çıxışından hər iki səfərdən, özəlliklə şəhərdə aparılmış abadlıq və quruculuq işlərindən razı qaldığı məlum oldu.

Özünə hörmət edən memar çoxdan istefa ərizəsini yazardı

2012-ci il aprelin 14-də prezidentin sərəncamı ilə Niyazi Bayramov Mingəçevir şəhər IH-nin başçısı vəzifəsinə təyin edildi. Təyinatından bir neçə gün sonra yeni icra başçısı şəhərin hüdudlarında olan bütün qanuni və qanunsuz tiklilərin dayandırılmasına göstəriş verdi. Sərəncam tikililərin yöndəmsiz və xarici görkəminin bərbad olması, son dövrlər tikilmiş kommersiya obyektləri, fərdi yaşayış evlərinin bir çoxunun şəhərsalma norma və qaydalarına uyğun olmayaraq inşa edilməsiylə (fərqləndirmə bizimdir – A.) əlaqələndirildi. Sələflərinin gördüyü işləri bəyənməyən N.Bayramov əvvəlki başçının imzası ilə qurulan bəzi tikinti işləri yarımçıq saxlanılmaqla, bəzilərinin söküntüsünə göstəriş verdi. Şəhərin Xaldan şosesi tərəfdən girəcəyində yol genişləndirildi. Sahil parkının daha müasir şəklidə yenidən qurulmasına start verildi. Yeri gəlmişkən, parkda inşası başa çatmış obyektlərin söküntüsü səssiz ötüşmədi. Qeyd edək ki, sözügedən ərazi şəhər sakinlərinin Kür çayı ətrafında istirahət edə biləcəyi yeganə yer idi. Ötən ilin sonlarında parkın abadlaşdırılmasına dair qərar qəbul olundu. Keçmiş icra başçısının göstərişiylə ərazidəki bütün yöndəmsiz tikililər söküldü. Ərazinin yeni eskizi hazırlandı. Bütün bu işlərə isə baş memar E.Abdullayev rəhbərlik edirdi. Yanvarda yeni obyektlərin tikintisinə başlandı. Parkın açılışı may ayına planlaşdırılsa da, şəhər rəhbərinin dəyişməsi hər şeyi alt-üst etdi. N.Bayramovun narazı sahibkarlara kompensasiya olaraq şəhərin digər bir ərazisində yer təklif etməsi ehtirasları alovlanmağa qoymadı. Nədənsə bu işə rəvac verən baş memarı cəzalandırmaq yada düşmədi.
2006-cı ildə şəhərin Füzuli və I.Islamzadə küçələrinin kəsişdiyi ərazi indiyədək naməlum qalan bir tikinti üçün hasara alındı. Parkda onlarla şam ağacı kəsildi. Sakinlərin məsələylə bağlı uzun yazışmalarından sonra FHN-nin 16.04.2007-ci il tarixli göstərişiylə tikinti işləri dayandırıldı. Mingəçevir ŞIH-nə tikintiyə icazə verilməsi haqqında 11.11.2006-cı il tarixli 329 saylı sərəncamını ləğv etmək, ərazidə tikinti aparmaq istəyən “AzTikinti” MMC-yə parkı əvvəlki vəziyyətinə qaytarmaq məsləhət bilindi. 6-cı ildir ki, FHN-nin bu göstərişi qulaqardına vurulur.
2008-ci ildə şəhərdəki tarixi binaların alukobonid – el arasında “alkopon” adlanan bir materialla üzlənməsinə start verildi. Halbuki yanğına davamsızlıq kimi ciddi bir qüsuru olan bu cür üzlükdən yaşayış binaları, içində uşaqlar olan yerlər, kütləvi tədbir mərkəzləri tipli ərazilərdə istifadə qadağandır. Təbii, baş memar bunlardan xəbərsiz deyil. Ancaq görünür, ya birinci şəxsin qarşısında söz deyə bilməmək, ya da hanısa maraq bu işlərin gerçəkləşməsinə mane olmadı. Iş o yerə gəlib çatdı ki, qəbiristanlığın ərazisində şadlıq sarayının inşasına göz yumuldu.
N.Bayramovun təyinatı bir faktı da aşkara çıxardı. Sən demə, şəhərdə onlarla irili-xırdalı obyekt, şadlıq sarayları, fərdi yaşayış evləri kommunikasiya xətlərinin üzərində, şəhərin əsas və köməkçi yolunu zəbt eləmək hesabına, yüksək gərginlikli elektrik xətlərin altında, yaşayış binalarının ortasında inşa olunubmuş. Bugün bu qüsurların aradan qaldırılmasıyla bağlı layihə hazırlanır. Təbii, bu alqışlanmalıdır. Ancaq indiyədək vurulmuş ziyanın baiskarı olan baş memar E.Abdullayevin bu dəfə də sudan quru çıxması təəccüb doğurur. Çünki onun xəbəri və imzası olmadan şəhərdə daşı daş üstünə qoymağın mümkünsüzlüyü hər kəsə bəllidir.
Bu gün E.Abdullayevə Bakıdan cəlb olunmuş mütəxəssislərlə birgə Sahil parkı da daxil olmaqla bir neçə layihənin hazırlanması həvalə olunub. Bu işlərin indiyədək bir neçə başçını yola vermiş E.Abdullayevə həvalə olunması təəssüf doğurur. Bir daha qeyd edək ki, son illər Mingəçevirdə gerçəkləşdirilən əksər tikinti və söküntü işlərinə görə məsuliyyət məhz baş memarın üzərinə düşür. Və hər kəs etdiyi əməlin bədəlini ödəməlidir. Doğrudur, memarın heç bir suçu olmadığı, bizdə birinci şəxsin dediklərinin qanun olduğu qənaətində olanlar da var. Bu fikirlə razılaşmaq olardı, amma… Əmması budur ki, əlahəzrət icra başçısı şəhərin arxitekturasına yerli-yersiz müdaxilə edirsə, özünə hörmət edən memar çoxdan istefa ərizəsini yazıb üzüsulu vəzifəsindən gedərdi.

Tikinti, söküntü və… yeyinti

Yazıda Mingəçevirin timsalında yalnız şəhərsalma prinsiplərinə zidd olan bir neçə məqamı xronoloji ardıcıllıqla verməyimiz səbəbsiz deyil. Son bir neçə ildə Mingəçevirə növbəti icra başçısı təyin olunur. Əksər icra başçılarının dövründə E.Abdullayev kreslosunu qoruya bilib. Hansı yolla? Necə olur ki, bir icra başçısının rəhbərliyi dönəmində baş memarın da xeyir-duasıyla verilmiş sərəncam digər bir başçının təyinatından sonra qanunsuz elan olunur? Baş memarın bilavasitə nəzarəti və rəhbərliyi altında şəhər başdan-başa hasara alınır, bu işə dövlətin milyonları sərf olunur, ölkə başçısı görülən işlərdən razılığını ifadə edir, başçı yerini dəyişən kimi həmin hasarların şəhərin görkəminə xələl gətirməsi bəhanə edilərək onların söküntüsünə start verilir. Görəsən, cəmi 1-2 il öncə tikilmiş həmin hasarların (yeri gəlmişkən, hasarlar şəhərdəki “N” saylı hərbi hissənin əsgərlərinə sökdürülür), 4-5 manata alınaraq 30-40 manata rəsmiləşdirilmiş tamet plitələrin, az qala bütün şəhər boyu əkilmiş və hər biri 3.20 manata başa gələn bəzək kollarının (təəssüf ki, bunun neçəyə sənədləşdirilməsi barədə məlumatımız yoxdu) bir il sonra heç nə olmamış kimi çıxarılıb atılması və yerinin asfaltlanmasının, Sahil parkına sərf olunmuş yüz minlərlə vəsaitin hesabını kim verəcək?
Təbii, bütün bunlar ritorik suallardır. Çünki görünür, məqsəd ancaq büdcəni talamaqdır.
Bugün Mingəçevirdə ölkədə dəbdə olan Bayraq Meydanı tikilir. Meydan şəhərin giriş qapısının yaxınlığında, sabiq icra başçılarından birinin bəh-bəhlə açılışını etdiyi “Mingəçevir qədim yaşayış məskənidir” adlanan abidənin sökülməsi hesabına başa gəlir. Bax belə. Ərazisi olduqca kiçik olan şəhərdə bir abidəni söküb yerində başqasını tikmək zərurəti yaranıb. Halbuki şəhərin H.Əliyev parkında hündürlüyü kifayət qədər olan bayraq dirəyi olduğu halda bunca vəsait xərcləyib bayraq meydanı salınmasına ehtiyac yox idi.

Azər