Hakimiyyət daxilində yeni ziddiyyətlərin əsasını qoyan yeni qurum yaradılır
Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyi niyə yaradılıb?
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması hakimiyyətdə yeni ziddiyyətlərin əsasını qoyub.
Məlumat üçün deyək ki, agentliyin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlər həyata keçiriləcək: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, doğumun, ölümün, nikahın, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi, notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi, gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu, Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.
“ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərə görə ödənilən dövlət rüsumlarının 30 faizinin həmin mərkəzlərdə saxlanılacaq və bu vəsait mərkəzlərdə fəaliyyət göstərən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək.
Zidiyyətlərin kökündə də elə Dövlət Agentliyin fəaliyyət istiqamətləri dayanır. Çünki yeni yaradılan qurum faktiki olaraq Ədliyyə Nazirliyi, Daxili Işlər Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinin bir qismini mənimsəyib. Bu isə sadaladığımız dövlət qurumlarının rəhbərləri Fikrət Məmmədov, Ramil Usubov, Fazil Məmmədov, Kərəm Həsənov və Aydın Əliyevin narazılığına səbəb olub. Agentliyin nəzarətinə verilən sahələr daha çox gəlir gətirən sahələrdir. Deməli, bununla həmin dövlət qurumları həm də xeyli qazanc itirirlər. Bildirilir ki, əslində hakim ailə bu sahələrin gəlirli olmasına görə, belə bir agentlik yaradıb. Bu vasitəsilə ailə həmin sahələri və oradan əldə edilən gəlirləri nəzarətinə alıb. Təsadüfi deyil ki, Dövlət Agentliyinin rəhbəri Inam Kərimovun da hakim ailəyə yaxın şəxs olduğu deyilir.
Azad