Daha bir Servantes lazımdırmı?

A.F.Rasmussen də gəlib çıxdı. Liberal dünyagörüşünə malik və öz ölkəsinin “Liberal” partiyasının lideri olmuş bu adam mənim üçün daha çox ona görə maraqlıdır ki, o, “Sosial dövlətdən minimal dövlətə” adlı kitabın müəllifidir…
Onun “NATO-nun baş katibi” qismində təqdimatına gəlincə, mən burada elə də maraqlı bir şey görmürəm. Əvvəllər biz NATO-nun baş katibini necə təsəvvür edirdik?
Bəli, hər şey adiləşir, öz əvvəlki tutumunu itirir. Doğrusu, artıq hamını Əfqanıstan məsələsindəki əməkdaşlıq və yaxud “Sülh naminə tərfdaşlıq” proqramı çərçivəsindəki fəaliyyət, eləcə də NATO-nun Qarabağ məsələsilə məşğul olmadığı haqda hər dəfə xüsusi “intonasiya” ilə verilən bəyanatlar lap bezdirib, yorub. Insanlar təzə şey eşitmək istəyirlər.
Mən belə güman edirəm ki, bizdən fərqli olaraq, hakimiyyət adamları belə səfərlərdən daha çox razı qalırlar. Elə ölkənin “özəlliyi” NATO-nun baş katibinin səfəri zamanı da özünü biruzə verdi. Bir tərəfdə Rasmusseni qəbul edirdilər, digər tərəfdə də MDB Daxili Işlər Nazirlikləri Şurasının toplantısı keçirilirdi. Mən bəzən siyasətdən yazmaqdan yoruluram, çünki hər şeyin öz poetikası var…
Bu gün bu poetika hiss olunmur, hər şey boz rəngdədir. Rasmussenin hətta səfərinin sırası onun bu ölkələrə ciddi məsələlər üçün gəlmədiyini deməyə əsas verir. Düzdür, Cənubi Qafqaz regionunda öz ölkəsinin NATO-ya üzv olmasını ürəkdən istəyən bir prezident var – o da Mixail Saakaşvilidir. Ona görə səfərin Gürcüstandan başlanmasını başa düşürük. Amma bu sırada nədən Ermənistanın ikinci ölkə olması anlaşılmazdır. Hətta arabir mənə elə gəlir ki, bu xaricilər əvvəlcə Ermənistana səfər edir və orada Azərbaycanla bağlı material toplayır, sonra da gəlib Bakıda Ermənistanın yaşadığı narahatlıqlar haqda izahat alırlar. Onların ciddi məqsədi olsaydı, əvvəlcə bölgənin böyük dövlətinin qapısını döyərdilər. Nə isə… Rasmussenin səfəri haqda bu qədər.
Müxalifətə maraq azalıb, yoxsa…
Bugünlərdə hökumət adamlarının qəzetlərin yaşadığı böhran haqda verdiyi izahatı oxudum. Deyirlər ki, ölkədə müxalifətə maraq azalıb, elə ona görə də qəzetlər alınmır. Maraqlı açıqlamadır. Amma mənim iki qeydim var.
Birincisi: qəzetlər ona görə az alınır ki, onları satanların sayı azalıb;
Ikincisi: qəzetlər ona görə böhran yaşayır ki, hətta satdıqları qəzetlərin pullarını belə, yayım firmalarından ala bilmirlər.
Səbəblər budur. Burada hansısa fantaziya və yaxud da öncəgörmələrə ehtiyac yoxdu. Qəzetlər müxalifətdən daha çox hakimiyyətdən, onun məmurlarından və siyasətindən yazırlar. Bir gün gəlib yetişəcək, insanlar həmin o müxalifət qəzetləri üçün darıxacaqlar. Hətta indi hara baxırsan, qəzet oxuyanların hamısı müxalifət qəzetlərini oxuyur. Digər qəzetlər isə ölkədə kütlə və kəmiyyət yaratmaq üçündür, onları satış elə də maraqlandırmır, çünki bu qəzetləri alan yoxdur. Əgər müxalifət qəzetləri də o vəziyyətdə olsaydı, bəlkə də onların işçiləri indikindən daha yaxşı yaşayıb dövran sürərdilər. Çünki bu ölkədə hörmət və pul yazmaq üçün deyil, əksinə, yazmamaq üçündür. Yazmırsansa, pulun da var, hörmətin də…
Niyə “bizlərdən biri” olanları sevmirik?
O gün Mişel Obamanın bir fikrini oxudum. Deyir, Barak çətinliyin nə olduğunu yaxşı bilir, çünki özü bu həyatı yaşayıb… Daha sonra da əlavə edir ki, Barak sizlərdən biridir.
Bizimkilər nə deyərdi? Siz hara, mən hara?! Mən filankəsin oğluyam, qardaşıyam! Siz kimsiniz?
Bəli, mən bu sualların sırasını bir azca da artıra bilərdim. Amma özümüzdə də günah az deyil. Başımızın üstündə o adamları görmək istəyirik ki, onlar “bizlərdən biri” olmasın, ən azı “üç pillə” bizdən yuxarı olsunlar. Bəli, biz dəbdəbəni, amerikalılar isə sadə həyatı, biz elitarizmi, amerikalılar isə eqalitarizmi sevirlər. Kimə qulaq verirsən, qayıdır ki, bəs elita-filan yoxdur! Əcəba, sizə elita lazımdır? O var, heç bir yerə və ya başqa planetə qaçmayıblar, sadəcə, o, qapalı, mürtəce və inkişaf etməyən elitadır. Bu elitaya giriş imtiyazlıdır, bura bəziləri doğulan andan giriş alır və bu yeri öz alnının tərilə qazanmır. Ona görə də gəlin, “sosial lift”dən, mobillik və dinamizmdən danışaq. O, daha maraqlı və faydalı olar.
Görünür, daha bir M.Servantes lazımdır ki, vaxtı keçmiş cəngavərləri ələ saldığı kimi, zadəgan olmaq arzusunda bulunanları da bir yaxşıca bəzəsin…