“Maaşımızı 90 manata, bəzilərininkini isə hətta 40-50 manata salıblar, bununla ailə saxlamaq olar?”
Dünən uşaq baxçalarının 25-ə yaxın müəllimi əməkhaqqının azlığına etiraz olaraq piket keçirməyə cəhd ediblər.“Azadlıq” radiosunun məlumatına görə, onlar əvvəlcə əllərində Heydər Əliyevin şəkli ilə Heydər Əliyev Fonduna üz tutublar. Lakin orada onlara deyilib ki, vətəndaşları Heydər Əliyev adına Idman Konsert-Kompleksində qəbul edirlər.
Bundan sonra narazı müəllimlər Prezident Administrasiyasına yollanıblar. Onlardan 4 nəfəri qəbul edilib. Qəbulda iştirak edənlərin bildirdiyinə görə, onlara deyilib ki, şikayətlərini Nazirlər Kabineti və digər aidiyyəti qurumlara məktubla göndərsinlər.
Baxça müəllimləri daha sonra Bakı şəhər Icra Hakimiyyətinə yollansalar da, qeyri-iş günü olduğundan onları qəbul edən olmayıb.
Müəllimlərin dediyinə görə, onların işlədiyi və Dövlət Neft Şirkətinin tabeliyində olan baxçalar Bakı şəhər Icra Hakimiyyətinə veriləndən sonra maaşları yarıbayarı azalıb: “Biz Neft Şirkətinin tərkibində olanda, 200-250 manat maaş alırdıq. Indi maaşlarımızı 90 manata, bəzi müəllimlərin maaşını isə 40-50 manata salıblar. Bununla ailə saxlamaq olarmı? Biz buna etiraz edirik?”
Bakıda Neft Şirkətinə məxsus 38 uşaq bağçasının hamısı avqustun 1-dən Bakı şəhər Icra Hakimiyyətinin tabeliyinə verilib. Təhsil Nazirliyinin tərkibində olan bağçalara da bu ildən Bakı şəhər Icra Hakimiyyəti nəzarət edir.