Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Texniki profilaktika olaraq çəlik gətizdirdim. “Zon”da çəlik götürməyə icazə almaq üçün xüsusi fiziki göstəricilər lazımdır. Mənim çəliklə gəzdiyim bütün zaman ərzində başqa bir nəfər çəlik götürməyə təşəbbüs etmişdi. Bu, sumqayıtlı bir dustaq idi. “Zon”a gələndə əslən ağstafalı olduğuna görə onu Arazgil qarşılamışdı. Araz dimdik dayananda boyu 2 metr beş santimetr, diametri 40-50 santimetr, 40-a yaxın yaşı olan arıq bir dustaq idi. Mənimlə qonşu kupedə olurdu və çox məzəli adam idi. Mənə urcah olduğu zaman 4-cü “srok”unu yatırdı. Öskürəyə “üysürük” dediyi ilk gündən diqqətimi çəkmiş və ona “üysürük” dərmanı vermişdim. Sonradan da boş vaxtlarımın həlledici “şpon”larından birinə çevrilmişdi. Hər gün olmasa da, buna yaxın bir qrafiklə nərd oynadığım adamlardan idi. Axşamlar yerini rahatlayıb tamam-kamal uzanandan sonra, “Araz, bura gəl, sözüm var” – deyə yerindən qaldırır, yaxınlaşdığında, “Gecən xeyrə qalsın”, – deyib üzümü çevirdiyim adam idi. Gəlməyə də bilmirdi. Mənim revmatik ağrılarım onun başının ağrısına çevrilmişdi: gəlməzsə, yarım saatdan, bir saatdan sonra gedib yuxudan oyadar, “yuxun şirin olsun” kimi bir sözlər deyə bilərdim. Buna görə də binəva Araz sözümü yerə salmırdı. Hətta hərdən, bu zəruri prosedur yadımdan çıxarsa, yorğanın altından narahatlıqla boylanıb: “Noooldu? Məni daha adam yerinə qoymursan?” – deyərdi.
Hə, bu Araz həmin çəlikli dustağı gətirib kupesindəki boş yerdə yerləşdirdi, Famillə və balaca Samirlə birlikdə özünün “xlebnik”i elədi. Amma bir-iki həftə sonra Çəlikli adamı çəliyi ilə birlikdə nəinki kupesindən, hətta barakdan da çıxarıb o biri baraka qovdu. Bir müddət sonra Çəlikli adamı Idarəyə çağırıb çəliyini də aldılar və o, daha “Çəlikli adam” olmadı. Adam heç kimə qaynayıb qarışmır, “mən rusam” deyir, nə bilim, bu qəbildən avara sözlər danışırdı. Onun adını da düz-əməlli bilən olmadı, əvvəl-axır. Araz onu bir daha yaxın buraxmadı. Qarasına bir-iki lətifə danışmaqla onu tamam-kamal unutdu. Daha “Çəliyi Olmayan adam” yeməyini təkcə yeyir, heç bir kampaniyaya qatılmırdı. “Zon”da danışırdılar ki, onu bu anlaşılmaz xüsusiyyətlərinə görə “Sentral”da da yola verməyiblər və “cəhənnəm ol buralardan!” deyərək geri qayıtmağa məcbur ediblər. Dediyinə görə, on illərini Rusiya “zon”larında keçirən Çəlikli Olmayan adam burada, adidən adi bir “zon”da baş girələyə bilmədi və məlum oldu ki, onun danışdıqları təkcə mənasız deyilmiş, həm də mənasız yalanlar imiş.
Bütün bunlar cəhənnəmə, mənim oynaq ağrılarım doğrudan da zəhləmi tökürdü. Beynəlxalq Jurnalistlər Federasiyasının bizim evə göndərdiyi, adı yadımdan çıxan ağrıkəsici maz da tükəndi. Iki qutu maz mənim hesabımla beş-altı ay gedə bilərdi, amma “zon”da sümük ağrıları təkcə mənim başıma gələn olay deyil ki… Ayağı burxulan, yıxılan, keyiyən… nə qədər adam varsa, qaça-qaça yanıma gəlib “amerikanski” dərman istəyirdi. Təbii, onlar bu dərmanın özəlliyi haqqında məndən eşitmişdilər və ilk dəfə kimə “təcili yardım” göstərdiyim yadıma gəlmir. Amma hər halda, dustaqlara özüm demişdim ki, məndə belə bir dərman var və çox qənaətlə işlətsək, bir neçə ay korpusu yola verə bilərik. Buna görə də sür-sümüyü ağrıyan birisi dərman üçün müraciət edəndə ağrısının özəlliyi barədə bir xeyli danışırdı: “Bəlkə, bu zəhrimar ağrını kəsə biləcək başqa dərman var, əgər varsa, bunu israf etməyək…”
Bu sürtkü mazı korpusun ən qiymətli dəyərlərindən biri olmuşdu. Amma nə qədər qiymətli olsa da, insanlar üçün idi və buna görə də günün birində qurtarmalı idi və qurtardı. Onun qurtarması barədə elanı da axşam “Yat” komandasından sonra tam sakitliyin çökdüyü bir anı tutaraq verdim. Sükut davam etdi. Sonra hamı bir-birinə başsağlığı verirmiş kimi: “Allah yetirsin”, “Allah bizə rəhm eləsin” kimi dualar etdi. Araz qəhqəhə çəkərək, “Allah ölənlərinizə rəhmət eləsin”, – dedi və dərman taziyəsi başa çatdı.
Mən havaların üzü soyuğa getdiyini müşahidə edib buradakı əzabları davam etdirməyəcəyimə və “Sentral”a, xəstəxanaya getməyə kəsin qərar verdim. Amma bu o qədər də asan iş deyildi. Əlbəttə, sıradan bir dustaq üçün xəstəxanaya getməyin çox asan şərtləri vardı: “Zon”dakı həkimə 25-30 manat verib naryad yazdırırsan, göndərirlər ora. Orda da ayına 50 manatdan 100 manata qədər, – danışığa və səhhətindəki problemin əsaslılığına baxır, – verib qalırsan. Amma mənim müqəddəs mövcudluğum rüşvət qapılarını üzümə bağlamışdı. Mövcudluğum həddindən artıq müqəddəs olduğuna görə də düşdüyüm yerdə daş kimi saxlanmalı idim. Başqa bir yerə hərəkət üçün çox ağır çevrələrin ölçülüb-biçilmiş qərarları gərək idi. “Zon”dakı həkimlə münasibətlərim əla idi. Əslən şuşalı olan Rövşən həkim mehriban, gülərüz və insafən, nəinki mənə, bütün dustaqlara qarşı səmimi davranan bir adam idi. Amma mənim xəstəxanaya köçürülmək məsələm onun mehriban çöhrəsi və səmimi xarakterinin doğurduğu bütün nəticələrin dışında idi.
Buna görə də xəstəxanaya getmək üçün rəsmən müraciət etmək lazım gəldi. Rəsmi müraciətimin müqabilində məni xəstəxanaya aparmadılar, xəstəxananı buraya gətirdilər. Günün birində tibbi hissəyə çağırıldım və bildirdilər ki, rəsmi müraciətim əsasında məni yoxlamaq üçün “UITI”-nin həkim briqadası göndərilib. Mən bu müayinədən imtina etdim. Səbəbini də rəsmən yaza biləcəyimi dedim. Yazdım da: “Mənim səhhətimi müayinə etmək üçün göndərilən həkim briqadasının qarşısına mühüm bir vəzifə qoyulub. Bu briqada mənim Mərkəzi Xəstəxanaya göndərilməyimin nə üçün zəruri olmadığı barədə tibbi rəy hazırlamalıdır. Belə bir rəyi isə məni müayinə etmədən də yazmaq olar və müayinə aparılmadan onun yazılmasına etiraz etmirəm…” Təxminən, belə bir mülahizə idi.
Tibbi Idarədən göndərilən həkimlə isə belə bir söhbətim oldu: “Baxın, bu həbsxanadan ay ərzində 20-30 nəfər dustaq xəstəxanaya gedib-gəlir. 17 cəzaçəkmə müəssisəsi üzrə bu rəqəm 300 nəfərdən artıq edir. Deməli, mənim getmək istədiyim o lənətə gəlmiş yerə ay ərzində hətta 400 nəfərə qədər adam gedib-gəlir. Sizin Tibb Idarəsinin, eləcə də tabeliyinzdə olan bütün tibbi hissələrin həkimlərini səfərbər etsəniz də, oraya getmək istəyən bütün dustaqların həqiqətən xəstə olduqlarını əsaslandırmaq üçün briqadalar təşkil edə bilməzsiniz. O halda nədən yalnız mənim xəstəxanaya getmək xahişimin qarşısında bu qədər adama əziyyət verirsiniz? Hətta bu yazıq, yaşlı qadına da (həkimlərdən biri) əziyyət verərək bu qədər məsafəni qət eləməyə məcbur etmisiniz… Bütün bunlara nə ehtiyac var? Belə etməyin və imkan verin, mən də dünyanın bütün dustaqları kimi dustaq həyatının məmnuniyyətlərindən yararlanım…”
Insafən Tibb Idarəsinin həkim briqadası bu izahatım qarşısında bir söz demədi. Onlardan biri hətta Penitensiar Xidmətin Baş Tibb Idarəsinin baş həkiminin müavini idi. (Yaxşı bir adı vardı və bu adla o, hətta heç bir problemsiz baş həkim də ola bilərdi, amma təəssüf ki, unutmuşam).
Briqada getdi…
ardı var


