Morninqstarın vərdişinə sevinənlər üçün qorxulu əlamət

Dahi italyan aktyoru Adriano Çelentanonun baş rolda çəkildiyi “Blef” filmində bəlkə də diqqəti o qədər də cəlb etməyəcək kimi görünə bilən unudulmaz bir səhnə var. Xanım Bell, dahi dələduz əri Filip Benksdən intiqam almaq üçün onu türmədən qaçırmağa qərar verir. Bunun üçün o, ərinin cavanlığını xatırladan, gənc və həbsdən yeni çıxmış Feliksi (Adriano Çelentano) kirayələyir. Həbsxana rejimini əzbər bildiyi üçün Feliks oraya yalnız müqəddəs ata, yəni keşiş qılığında girməyi qərara alır. Qaçıracağı məhbusu, yəni Benksi etirafa çağıran Feliks qısa müddətə buraya nə üçün və hansı sifətlə gəldiyini unudur və dustaqlar kimi kamerada var-gəl etməyə başlayır, hətta, səhv etmirəmsə, nəzarətçi də tələb etməyə cəhd edir. Cəmi bir neçə dəqiqədən sonra yaddaş instinktə qalib gəlir və o, nə üçün gəldiyinin anlayaraq, tələsik əməliyyata dönür və dustağı qaçırır…
Srağagün ABŞ Dövlət Departamentinin ənənəvi brifinqində, Bakıya yeni təyin olunmuş səfiri Riçard Morninqstarın Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil qoymasına standart yanaşma (!) və daxili protokol tələbi süsü verdi. Sualın ikinci hissəsi – səfirin baş əyməsi isə inkar edildi, dedilər ki, belə bir şey olmayıb.
Diplomatik dillə jurnalistə başa salındı ki, əyibsə də bu bizlik deyil. Bu, onun peşə vərdişlərindən irəli gələn instinkdir.
Morninqstarı qınamaq da olmur, 67 yaşı var, bütün karyerası neft-qaz “iyi verir”. Dəfələrlə Bakıya neft-qazla bağlı gəlməyə adət etmiş və istər Heydər Əliyevlə, istərsə də indiki prezidentlə görüşən Morninqstar bu dəfə səfir kimi gəlir, və… gülü abidə önünə qoyub, başəymə prosesində xatırlayır ki, bura fövqəladə və səlahiyyətli səfir kimi gəlib…
Burada narahatçılığa əsas verən bir şey görmürəm, diplomatlar da insandır, onların da hissi, adət və vərdişləri ola bilər. Bu nə iqtidar üçün sevinməyə əsas verir, nə müxalifətə bədbin olmağa… Götürək elə Metyu Brayza ilə Eskuderonu. Bu diplomatlar guya sırf peşəkar idilər, üst-üstə 60 illik siyasi və diplomatik təcrübələri vardı və gördünüz axırda nə oldu, bu haqda az sonra…
Fikir verirsinizsə, səfirin baş əyməyi bir az qəribə təsir bağışlayır, ikiqat təzimə “adət edən” heykəl qarşısında yüngülcə, centlmensayağı təzim edir. Bu, yəqin ki, adı çəkilən heykəl qarşısında hələlik ən soyuq başəymə kimi tarixə düşəcək. Siyasi oriyentasiyasını dəyişən əski müxalifət nümayəndələri belə bu mərasimi daha can-başla yerinə yetirirlər. Biz o heykəlin qarşısında əyildikdən sonra göbək və ona aid qarnın ağırlığından qalxa bilməyən məmurları demirik. Bəziləri hətta yanında xüsusi olaraq adam da aparır ki, qalxa biməsə, ona yardım etsin.
Başqalarından fərqli olaraq, mən bunu yeni səfirin sırf peşə vərdişi ilə əlaqələndirirəm, çünki təxminən 666 gün bundan qabaq, 2010-cu ilin noyabrında Vaşinqtonda “Amerika-Azərbaycan münasibətləri: ”strateji tərəfdaşlıq”ın vəziyyəti” mövzusunda beynəlxalq konfransda ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi kimi çıxış edərkən Riçard Morninqstar Azərbaycan hökumətinin müxalifət jurnalistlərinə rəftarına belə münasibət bildirmişdi: “Insan hüquqları məsələləri bizim gündəliyimizin tərkib hissəsidir… Mən sizə demirəm ki, qaz insan hüquqlarından üstündür. Insan hüquqları açıq-aydın müzakirə olunan məsələlərdəndir”.
Qayıdaq Brayza və Eskuderoya… onların hər ikisi sırf diplomat idilər, yəni biznesdən uzaq idilər. Eskudero səfir işləyə-işləyə Nardaranın yarısını zəbt eləmişdi, diplomatiyanı kənara qoyub bizneslə məşğul idi. Brayza isə hazırda Türkiyədə yanacaqdoldurma şirkətində (ARDNŞ-lə şərik qurumdur – X.Ə.) çox yüksək maaşla işləyir.
Brayzadan əvvəlki səfir Enn Dersi isə, ixtisasca indiki səfir Morninqstar kimi iqtisadçı idi, uzun illər ABŞ-ın Avropa Ittifaqındakı missiyasında iqtisadi məsələlər üzrə nazir – müşavir işləyib. Bu xanım, obrazlı desək.., “miss Wikiliks” qədər, iqtidarın iç üzünü açan ikinci bir dilomat tapmaq mümkün deyil. Iqtidar onu hələ də vahimə ilə xatırlayır. O, Brayza və Eskuderodan fərqli olaraq, Litvada səfirdi.
Bəli, Morninqstar da 40 ilin iqtisadçısı kimi Bakıya gəlib… Gəlin tələsməyək…