Rüstəm Behrudi: “”Azadlıq” Azərbaycanda sosial, iqtisadi, siyasi hadisələri işıqlandıran ən böyük qəzetdir”
Hacıbaba Əzimov: “Bu qəzeti ayaqda saxlamaq ancaq millətin xeyrinə, bizim gənclərin gələcəyi naminə çox lazımdır”
Görkəmli ictimai xadim, Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənlinin “Azadlıq” qəzetinə dəstək çağırışı müdafiə olunur. Ziyalılar Forumunun üzvü, tanınmış akademik Rafiq Əliyev, hüquqşünas Qurban Məmmədovdan sonra istiqlalçı deputat, professor Hacıbaba Əzimov və şair Rüstəm Behrudi də cəmiyyətə çağırış edib.
“Müxalifət mövqeyindən çıxış edən bir-iki qəzetdən biri olan ”Azadlıq” xalqa ancaq həqiqəti söyləyir. Hakimiyyətin oğurluğunu, məmurların korrupsioner hərəkətlərini, özbaşınalığı açıq-aşkar, heç nədən çəkinmədən millətə, xalqa, ictimaiyyətə, dünyaya çatdırır. Ona görə də vicdanı, milli qeyrəti olan gənc, ziyalı, hər bir vətəndaş “Azadlıq” qəzetini həm mənəvi, həm də maddi cəhətdən müdafiə etməlidir. Həyat təcrübəm olduğu üçün deyə bilərəm ki, bu qəzeti ayaqda saxlamaq ancaq millətin xeyrinə, bizim gənclərin gələcəyi naminə çox zəruridir, lazımdır və bu yöndə hər kəsi kömək etməyə səsləyirəm”, – deyə H.Əzimov bildirib.
R.Behrudi isə bunları deyib: “Mən həmişə demişəm ki, ”Azadlıq” qəzeti Azərbaycanda Azadlıq deyilən bir qalanın fəth olunmayan bir hissəsidir. “Azadlıq” qəzeti Azərbaycanda sosial, iqtisadi, siyasi hadisələri işıqlandıran ölkənin ən böyük qəzetidir. Onun bağlanması cəmiyyətdə qaranlıq, ziddiyyətli bir mühit yarada bilər. “Azadlıq” iqtidarın xeyrinə olan bir qəzetdir. Ən azı siz onları tənqid edirsiniz, onlar da öz səhvlərini düzəltsinlər”.
Ramin DEKO
HƏMÇİNİN BAX: