Daha bir söküntü qalmaqalı

Sakinlər kompensasiyadan narazıdır, şirkət nümayəndəsi isə hamını razı saldıqlarını deyir

Nəsimi rayon, Bülbül prospekti 50 ünvanında yerləşən üç mərtəbəli binanı sökürlər. 10 ailədən artıq 9-u köçüb. Bir ailə qalıb ki, onlar da verilən kompensasiya ilə razılaşmayıb.

“RTZ” MMC yanaşı üç göydələn tikmək istəyir

Ötən gün sözügedən ünvanda olduq. Mənzil 8-də yaşayan Xavər Feyzullayeva deyir ki, Ərazini “RTZ” MMC alıb: “Bizim yaşadığımız yeri – Bülbül prospekti 50 və 52-ni alıblar. Yerində isə 18 mərtəbəli bina tikəcəklər. Bizim evin yanında böyük bir bina ucaldıblar. Indi burada da yenisini tikmək istəyirlər”.

Feyzullayevlər ailəsi 7 nəfərdən ibarətdir. Xavər xanım övladlarını və nəvələrini yaşadığı yerdən köçürüb: “Indi ailəmiz kirayədə, mən və yoldaşım isə burada qalırıq. Hər gün qorxu içərisindəyik. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Səsimizə səs verməyiblər. 12 ildən artıqdır ki, burada yaşayırıq. Mənzili alandan bir metr də artırmamışıq. Evimizin sahəsi 70 kvadrat metrdir. Mənzilə baxış keçirənlər sənəddə yazılan 53 kvadratın pulunu verəcəklərini deyirlər. Bu azmış kimi kompensasiya çox az verilir. Buradakı sakinlərin mənzillərinin kvadratını 2500 manatdan hesablayırlar. Qonşularımızın əksəriyyəti kirayədə qalır. Çünki yaxınlıqda ev tapa bilmirik. Ümumiyyətlə, ”RTZ” MMC-nin bizə təklif etdiyi pulla Bakının görməli yerlərində mənzil almaq mümkün deyil. Söküntü işlərini yerinə yetirənlər bizə “Bakının mərkəzində bu qədər yaşamağınız kifayət edər, indi də biz yaşayaq!” deyirlər”.

“Sadə camaata gələndə ya az pul verirlər, ya da ”müflis” olurlar”

Həzərxan Feyzullayev deyir ki, evlərinin sökülməsiylə bağlı iki dəfə Nəsimi rayon 22-ci polis bölməsinə müraciət edib: “Birinci müraciətim söküntü işlərini həyata keçirənlərlə bağlıdır. Onlar bizi təhqir etmişdilər. Ikinci müraciətim isə oğurluqla bağlıdır; iki gün öncə evimin işığını kəsib kabeli oğurlayıblar. Etdiyim hər iki müraciət cavabsız qaldı”.
Həzərxan Feyzullayev evlərinin sökülməsiylə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “RTZ” MMC-nin prezidenti N.Babayevə məktub ünvanlayıb. Məktubda yazılıb: “Söküntü işlərinin sakinlər üçün təhlükə yarada biləcəyini nəzərə alaraq, Sizə tapşırılır ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sakinlər başqa ünvana köçürülənədək söküntü işlərini dayandırasınız, sakinlərin sərbəst hərəkəti üçün həyətdə səliqə-səhman yaradasınız və görülmüş tədbirlər haqqında Agentliyə məlumat verəsiniz”.
Məktubda qeyd edilən heç bir şeyə tikinti şirkəti riayət etmir. Həyətdə adam yaşaya-yaşaya söküntü işləri gedir, səliqə-səhman yoxdur, ərazi toz-torpaq içindədir.

Feyzullayevlər deyir ki, bir neçə il bundan əvvələ qədər onların yaşadıqları ünvanda tanınmış siyasətçilərdən biri yaşayırmış: “Həmin şəxsin mənzilinin kvadratını ”RTZ” MMC 4500 manatdan aldı. Ancaq sadə camaata gələndə ya az pulu verirlər, ya da “müflis” olurlar”.
Yuxarıda qeyd etdik ki, sözügedən ünvanda bir ailədən başqa hamı pulunu alıb. Ancaq əksəriyyəti köçməyib. Bəzilər kirayədə qalıb, mənzil axtarışındadır, bəziləri isə hələ də köhnə mənzildə gecələyir. Adını çəkməyən bir xanım deyir ki, ona 244 min manat kompensasiya veriblər: “Mənzilimdə üç övladım ailəsiylə yaşayırdı. Pulu üç oğlum arasında böldüm. Ancaq ev tapa bilmirəm. Çünki qaldığımız yerdə 80-90 min manata mənzil almaq mümkün deyil”.

***

“RTZ” MMC-nin köçürülmə komissiyasının üzvü Zülfəli Xudiyev “Azadlıq”a açıqlamasında Feyzullayevlər ailəsinin dediklərini yalan olduğunu bildirdi: “Tam yalandır. Ona görə yalandır ki, burada bütün sakinlər köçürülüb, bir nəfər qalıb. Bu ailə də öz iştahasının hesabına qalıb. Camaata nə qədər kompensasiya verilirsə, ona da elə veririk. Onlar isə  hər kvadrata görə 5 min manat tələb edirlər”.
Zülfəli Xudiyev deyir ki, sakinlərə hər kvadratmetr üçün 1500-2000 manat arasında kompensasiya verilir. Zülfəli Xudiyev “bəzi sakinlərə 2500 manatdan kompensasiya verilib” sualını “kimin ki evinin sahəsi azdır, mənzil almaq üçün ona yüksək kompensasiya veririk” deyə cavablandırdı…

Ramin DEKO