“Yumurta müşavirəsi” və “zon”

Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Dövlətin qanunu və dövlət adından çıxarılan məhkəmə hökmü ilə dustaq-narkoman “zon”a gəldiyi ilk altı ay ərzində bu məcburi müalicə kursunu başa vurmalıdır. Bu, “55″i çıxarmaq adlanır. Köhnə Cinayət Prosessual Məcəllədə bu barədə uyğun qeyd 55-ci maddədə yazıldığına görə, ”məcburi müalicə kursu”nun adı belə qalıb. Narkomanlar, hətta şirniyyata da “55″ deyirlər. Çünki şirniyyat narkomanın qida rasionunda müstəsna, bəzi hallarda isə yeganə yer tutur. Dustaq ”55″ qeydiyyatına düşmək üçün “zon”a gəldikdən az sonra Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasına aparılır, orada qeydə alınır, müalicə kursuna başladığı sənədləşdirilir və… geri qaytarılır. 6 aydan sonra dustaq yenidən oraya qaytarılır, məhkəmə tibb ekspertizasından keçirilir, orada bu ekspertiza rəy verir ki, dustaq müalicə kursunu başa vurub. Amma heç bir kurs başa vurulmayıb. “55 imtahanı” adlanan bu proses o halda uğurla başa vurulur ki, dustaq oynaq qiymətlərə görə, 120-150 dollar məbləğində pul ödəmiş olsun. Bu, əlbəttə müalicə xərci deyil. Müalicə dövlət hesabına aparılmalıdır və dövlətin hesabındakını mənimsəmək üçün dövlətin məmurları var. Bu, o məbləğdir ki, dustaq bunu ödəməzsə, müalicədən yayınmış və ya bir müalicə kursu ilə sağalmayacaq adam qeydiyyatına alına, təkrar müalicə qeydinə götürülə bilər. Və bu lənətə gəlmiş “55″ qaldıqca dustaq komendaturaya çıxa bilməz.
Göründüyü kimi, burada qəribə bir “qənarə” asılılığı var. Bütün asılılıqların aşağı həlqəsində isə rəsmi adı “məhkum”, mənim təbirimdə isə “dustaq” adlanan adam dayanır. Faktiki olaraq heç bir müalicə kursu qəbul etməyən, narkotikdən asılılığı sadəcə, ona əli çatmadığı üçün səngiyən dustağın azadlığa buraxılanda birinci qayğısı, polisin nəzarəti altında heroin satılan bir ünvan tapıb orada öz yanğısını söndürmək olur.
38 ilini həbsxanada keçirən Kürdəmirli Daşdəmir azadlığa çıxandan bircə həftə sonra 2 kiloqram tiryəklə tutulmuşdu ha, bax, səbəblərdən biri də budur (Səbəblərdən biri də həmin bu yaramaz “məhkum” sözü ola bilər. Ərəb dilində olan bu anlaşılmaz kəlmənin başını buraxıb, bu adamları “dustaq” adlandırmağı rəsmiləşdirmək lazımdır).
Bu rəsmi məhdudiyyətlər aradan qaldırıla bilər, amma rəisin göstərişi ilə dəstə rəisinin yazdığı balaca bir tənbeh kağızı bütün komendatura ümidlərinin anasını ağladır. Buna görə də komendaturaya hazırlaşan dustaq iri xərclərdən başqa xırda xərclərə də hazır olmalıdır. Bu, “pooşşreniya” xərcləridir. Dustaq nümunəvi adam olduğu, rejim qaydalarına qoyun kimi əməl etdiyi, müəssisə daxilində keçirilən mədəni-kütləvi tədbirlərdə yaxasını yırtdığını sübut edən təltif arayışları da toplamalıdır. Bu arayışların hər biri 10 manatdan yuxarı dəyərləndirilir. Əgər komendaturaya hazırlıq mərhələsindən qabaqkı dövrlərdə “karser”ə düşmüşsə və ya şəxsi işinə yazılan başqa tənbeh tədbirlərinə layiq görülübsə, o zaman dustağın “sığorta arayışları”na ciddi ehtiyacı yaranır. Yəni, əlavə arayışlarla təsdiq və sübut edilməlidir ki, dustaq “karser”ə düşdükdən sonra dünyanın ən müqəddəs adamına çevrilmək iddialarına qədər ağıllanıb, islah olunub.
Bütün bu “sənədlər və sübutlar” “zon”a gələn səyyar məhkəmənin qarşısına qoyulur, hakim də əzilib-büzülərək, yalandan bir-iki irad səsləndirərək sənədlərin cibə qoyulası olanlarını cibə, qovluğa tikiləsi olanlarını qovluğa tikib siyahı üzrə hökm çıxarır.
Bu mükəmməl qaydalar dışında komendatura xoşbəxtliyi yoxdur. Ilham Əliyevin məşhur “yumurta müşavirəsi”ndən sonra “zon”larda komendatura məhkəmələri dayandırıldı və hamı bu “korrupsiya anlaşılmazlığı” dövrünün sona çatmasını gözlədi. Üstəlik, “yumurta fırtınası” ərəfəsində “UITI”-nin rəisi Nazim Ələkbərov da, yəqin ki, bu yumurta söhbəti ilə əlaqəsiz şəkildə vəzifəsindən çıxarıldı, ona görə də “zon”larda məhkəmələrin “qısa qapanma”sının iki obyektiv səbəbi oldu. Indi proses yenidən vüsət götürmüş olar. Bir-iki “qotur” “obyektiv səbəb”ə görə bu boyda korrupsiya maşını öz işini dayandırmalı deyil ki!
Mənim “zon”dakı dəmir stolumun dəmir siyirməsində onlarla adamın “məhkəmə pulu” və ya “55 pulu” saxlanılıb. Çoxlu sayda adam o siyirməyəyə baxa-baxa gününü sayıb və ya o siyirmədəki pulun üstünü düzəldə-düzəldə özünün azadlığa çıxacağı günü gözləyib. Həbsxanada nəğd pul saxlamaq bir az təhlükəli işdir. Əgər dustaqda iri pulların olduğu bilinsə, min cür yolla onun əlindən alarlar. Dustağın pulunu almaq üçün o qədər vasitələr var ki! Balaca bir toqquşma düzəldib adamı “karser”lərdə çürütmək olar. Ya da pulunu verib “karser”lərdə çürüməmək olar. Bu pulların məndə olduğunu kimsə bilməməli idi. Indi olar. Çünki nə mən oradayam, nə də pulunu saxlanca vermiş adamlar. Onların hamısı məndən də əvvəl çıxıb gedib. Hətta geri qayıdanları da var və indi onların pullarının olmadığını dəqiq bilirəm. Daha bir həbs sponsorların siyahısını və yaxın adamların etmadını yüzə doxsan doqquz doğrayır…

Dözülməz vəziyyət

2009-cu ildə yayın axırlarına doğru səhhətimdə ciddi narahatlıqlar hiss etməyə başladım. Gecələri yata bilmir, saatlarla həyətdə gəzirdim. Sümük və oynaq ağrıları adamı məzəli bir duruma salır. Gün ərzində, sanki, heç bir ağrı-filan yoxdur. At kimi gəzib dolanırsan. Axşama doğru oynaqlardan xoşagəlməz siqnallar daxil olur. Sinirlər ekzotik bir gecənin olmayacağını müjdələyirlər. Sinirlər də zatən it günündədir. Müntəzəm olaraq üzə vurmadığın əsəb səndən korlanmış sinirlərin qisasını alır. Burada iyrənməmək üçün özünü maksimum səfərbərliyə almalısan, amma heç bir xeyri yoxdur. Bütün gün ərzində barakda it kimi hürüşən qara milçəklərin, gecələr isə küçük kimi zingildəyən ağcaqanadların səsi ən ciddi səylə səfərbərliyə alınmış əsəblərin də müdafiə xəttini darmadağın edir. Həyət qanlı və ya selikli tüpürcək topalarının yaratdığı balaca adacıqlarla bəzənir və burada var-gəl edərkən minalanmış zonada olduğu kimi hərəkət etməlisən. Eyni salonda qərarlaşdırılmış ayaqyolu və əlüzyuyan mənşəyi bəlli iyrəncliklərin zahiri görünüşünün və üfunətinin harmoniyası ilə süslənib. Özünü görməzliyə vuracaqsan, amma burun deşikləri xəyanət eləyir. Onların aldığı xoşagəlməz ətir həssas sinirlərin vasitəsilə beynin hansısa zərif hissəsində reallığa həddən artıq uyğun gələn mənzərənin xəyali eskizlərini yaradır və bu eskizlər dəhşətli dərəcədə dəqiq olur.
Yuxuya gedə bilmədiyin gecələrdə gün ərzində əlinə keçən qida ilə qarnını dolduran, bəziləri ishaldan, bəziləri isə qəbizdən əziyyət çəkən dustaq ordusunun barakın havasına daxil etdiyi anlaşılmaz boğanaq və bu boğanağın yaranması prosesini səsləndirən notsuz küy içərini tənəffüs üçün yarıtmaz vəziyyətə gətirir. Oynaqlarına sürtdüyün ağrıkəsici mazını sinirlərinə çəkə bilməzsən. Yayın son günlərinin soyuğa doğru apardığı gecə havasında da çox fırlanmaq mümkün deyil. Binə, havasından rütubət və deməli, azacıq soyuqdan sonra sazaq sallanan bir yerdir. Bunlar, əlbəttə, gülməli hisslər deyil. Həbsxana isə nəinki ağlamaq, hətta kövrəlmək üçün də məqbul yer sayılmır. Deməli, mövcudluğun ağlabatan alternativləri tapılmalıdır…

ardı var