Beynəlxalq agentliklə Tehran rejimi bir-birindən izahat istəyir
İranın nüvə fəaliyyətləri ətrafında yaranmış gərginlik yenidən artıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) Tehran rejiminin nüvə proqramı ilə bağlı bəzi qaranlıq məsələlər olduğunu açıqlayıb. Qurumun icraçı direktorunun müavini Herman Nakaerts bildirib ki, İran dünyanın narahat edən nüvə fəaliyyətində şəffaflığı təmin etməlidir. MAQATE rəsminin sözlərinə görə, Tehran rejiminin agentliyə bildirdiyi zənginləşdirilmiş uranın miqdarı ilə özlərinin müəyyənləşdirdiyi miqdar arasında fərq var.
Beynəlxalq agentliyin açıqlamasına İranın cavabı özünü gözlətməyib. İranın MAQATE-dəki nümayəndəsi Əli Əsgər Sultaniyə qurumdan ölkəsinin nüvə proqramından hərbi məqsədlər üçün faydalandığı iddialarını sübut edən dəlilləri istəyib. O, deyib ki, ölkəsinin nüvə proqramı sülh məqsədlidir və heç bir nüvə obyektində hərbi məqsədlər üçün hansısa iş görülmür. Nümayəndə ABŞ və İsrailə eyham vuraraq, İranın nüvə proqramının hərbi məqsədlərə xidmət etdiyi ilə bağlı iddiaların həmin ölkələrdən əldə olunmuş həqiqətə uyğun olmayan məlumatlardan qaynaqlandığını deyib.
İrana qarşı hərbi müdaxilə varinatını gündəmdə saxlayan və bunun reallaşması üçün ciddi səylər göstərən İsrailin cəhdlərinə Rusiya sərt xəbərdarlıqla mövqe bildirib. Xarici işlər nazirinin müavini Sergey Ryabov deyib ki, İranın nüvə proqramı ətrafında yaranmış problemin hərbi yolla həlli regional sabitlik üçün məhvedici ola bilər. Rusiyalı rəsminin sözlərinə görə, hərbi müdaxilə yalnız İran üçün deyil, Yaxın Şərq bölgəsində və ondan kənarlarda təhlükəsizlik və iqtisadiyyata ağır zərbə vuracaq. Sergey Raybkov ABŞ-ın İranla bağlı siyasətini də tənqid edib. O, Vaşinqtonun nahaq yerə İrandan əcinnə obrazı yaratdığını deyib.
ABŞ-ın İsraildəki səfiri Dan Şapiro isə İranın nüvə proqramının dayandırılması məqsədiylə bu ölkəyə hərbi müdaxilənin nəzərdə tutulduğunu bildirib:“İranın nüvə proqramı ilə bağlı bütün variantlar masadadır, hərbi variant da bunlardan biridir”. Diplomat deyib ki, ABŞ-la İsrail İranın nüvə ölkəsinə çevrilməsinə əngəl törətmək üçün ortaq strategiyaya sahibdir.
İsraillə münasibətləri gərgin olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İran məsələsində yəhudi dövlətini xəbərdar edib. Baş nazir bildirib ki, İsrail İrana müdaxilə edərsə, bütün bölgədə qiyamət qopar. Ərdoğan CNN telekanalına müsahibəsində əlavə edib ki, Təl-Əvivin hədələrinə baxmayaraq İsrailin İrana hərbi müdaxilə etmək ehtimalı azdır.