Rafiq Əliyev də “Azadlıq”a dəstək olmağa çağırdı

“Bütün azadfikirli insanlara müraciət edirəm: azadlığımızı qorumaq üçün “Azadlıq”ı qorumaq lazımdır”

Görkəmli ictimai xadim, Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənlinin “Azadlıq” qəzetinə dəstək çağırışı müdafiə olunur. Ziyalılar Forumunun üzvü, tanınmış akademik Rafiq Əliyev C.Həsənli ilə həmrəy olduğunu bildirir və azad sözə qiymət verən hər kəsi “Azadlıq”a dəstək olmağa çağırır:
“Azadlıq” azad sözü təmsil edən ən öndə gedən mətbu orqandır. Ona yaradılan təhlükə azad sözə yaradılan təhlükədir. Mən bütün azadfikirli insanlara müraciət edirəm ki, azadlığımızı qorumaq üçün “Azadlıq”ı qorumaq, ona dəstək olmaq lazımdır”.

Hüquqşünas Qurban Məmmədov da hesab edir ki, “Azadlıq”ın çapının dayanmasına heç bir halda imkan vermək olmaz: “Xalqa davamlı olaraq müraciət etmək lazımdır ki, məlum hesaba imkanları çatdığı qədər vəsait yerləşdirib ”Azadlıq”a dəstək olsunlar. Kimin nəyə gücü çatırsa, o həcmdə də yardım göstərsin. Əgər bu gün “Azadlıq” kimi qəzeti yaşada bilmiriksə, bizim normal cəmiyyət arzulmağa, diktaturadan danışmağa haqqımız yoxdur. Bizim xalqımız böyük xalqdır, mən inanıram ki, çətin məqamda “Azadlıq”a kömək edəcək”.