“Ramil Səfərov qalmaqalı” böyüyür

Azərbaycan Macarıstanın notasına cavab verdi

Azərbaycan Macarıstanın Ramil Səfərovla bağlı göndərdiyi notaya cavab verib. Xarici Işlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, notada Ramil Səfərovun Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq normalarına uyğun olaraq azad edildiyi qeyd olunub: “Notada həmçinin bildirilib ki, ölkə Konstitusiyası Azərbaycan prezidentinə əfv etməyə görə müstəsna hüquq verir.
Səfərovun təhvil verilməsi və əfvi Azərbaycan və beynəlxalq qanunvericiliklərə uyğun olaraq həyata keçirilib”.

AŞPA Ramil Səfərovun azad edilməsinin əleyhinədir

Dünən gün ərzində R.Səfərovla bağlı ən müxtəlif səviyyəli reaksiyalar verilib. AŞPA-ın sədri Jan Klod Minyon azərbaycanlı zabit R.Səfərovun əfv olunması ilə əlaqadar  Ermənistan və Azərbaycan arasında münasibətlərin pisləşməsindən narahat olduğunu bəyan edib. Minyon qeyd edib ki, R.Səfərovun törətdiyi dəhşətli cinayətin təqdir olunmasını pisləyən beynəlxalq rəylərlə həmrəydir.
AŞPA rəhbəri R.Səfərovun azad olunmasını qəbuledilməzadlandırıb. O bildirib ki, bu qalmaqallı azadetmə Azərbaycan və Ermənistan arasında onsuz da gərgin olan münasibətlərdə çox mənfi nəticələrə səbəb olacaq.
Minyon onu da qeyd edib ki, yaranmış situasiya regionda sabitliyin pozulmasına doğru aparır: “Mən Azərbaycan hakimiyyətini öz mövqeyinə yenidən baxmağa, Avropa Şurasının standartlarına uyğun mövqe tutmağa çağırıram”.

Senat komitəsinin sədri əfvi pisləyib

ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Con Kerri Ramil Səfərovun ekstradisiyası və əfvi ilə bağlı bəyanatla çıxış edib. Kerri bildirib ki, təxribat xarakterli bu addım iki ölkə arasında kövrək sülhü təhlükə altına qoyur və Azərbaycan hökumətinin imicinə zərbə vurur: “Macarıstan 2004-cü ildə beynəlxalq təlimlər zamanı erməni əsgərini balta ilə qətlə yetirdiyinə görə ömürlük həbs cəzası çəkən Ramil Səfərovu həbs cəzasının davam edəcəyi düşüncəsi ilə Azərbaycana təhvil verib. Azərbaycanın onu nəinki əfv etməsinə, həm də qəhrəman olaraq alqışlamasına təəccübləndim”.

NATO baş katibi Yerevanda Ramil Səfərovdan danışdı

Ermənistana rəsmi səfər edən NATO baş katibi Anders Foq Rasmussen sentyabrın 6-da prezident Serj Sərkisyanla görüşüb(“Media forum”). Birgə mətbuat konfransında NATO baş katibi R.Səfərovun əfvinə münasibət bildirib.
Rasmussen deyib ki, Azərbaycana səfəri zamanı prezident Ilham Əliyevə R.Səfərovun əfvinin narahatlıq doğurduğunu çatdıracaq: “Qarabağ münaqişəsi tərəfləri qarşıdurmaya qayıtmamalı, əksinə, bölgədə sülhün bərqərarolmasına çalışmalıdırlar”.

Ermənistan Macarıstanla bütün əlaqələri kəsir

Ermənistan parlamenti sentyabrın 5-də Ramil Səfərov dinləmələri keçirib və bəyanat qəbul edib. “Media forum”un məlumatına görə, bəyanatda Macarıstanla parlament səviyyəsində bütün əlaqələrin dayandırıldığı vurğulanıb, dünya birliyinə bu ölkə ilə Azərbaycan arasında sövdələşməni pisləmək çağırışı yer alıb. Azərbaycan zabiti Ramil Səfərovun əfvini pisləyən parlament bu olayın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə zərbə vurduğunu bəyan edib. Sənəddə Dağlıq Qarabağın hər hansı formada Azərbaycanın tərkibində qalmasının yolverilməz olduğu vurğulanıb.
Dinləmələrdə danışan parlament sədrinin müavini Eduard Şarmazanov Azərbaycan hökumətinin Ramil Səfərova 8 illik maaş verməsini nəzərdə tutaraq deyib: “Markaryanın qətli dövlət sifarişidir”.
Keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan Azərbaycanı əndazədən çıxmaqda günahlandırıb: “Bizim cavabımız Dağlıq Qarabağın müstəqilliyini tanımaq olardı. Təəssüf ki, bu, parlament qərarı layihəsinə salınmadı”.
Hakim Respublika Partiyasından deputat Samvel Farmanyan qeyd edib ki, Ilham Əliyevin R.Səfərovu əfv etməsi Ermənistana və Dağlıq Qarabağa qarşı hərbi aktdır.
Irs Partiyasının üzvü Zarui Postancan bəyanatın əleyhinə səs verib. O, qondarma Dağlıq Qarabağ Respublikasını müstəqil dövlət kimi tanımaq təklifinin nəzərə alınmamasından narazı qalıb.

Macar millət vəkillərindən Azərbaycana dəstək

Macarıstan Parlamenti Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini, Macarıstan Parlamentində Macar-Azərbaycan dostluq qrupunun həmsədri Marton Gyongyosi və Yobbik Partiyasının Parlamentdəki üzvü Tamas Hegedus Azərbaycanın bu ölkədəki səfirliyinə gəliblər. Azərbaycanın Maacarıstandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, M.Gyongyosi və T.Hegedus Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ilə görüşüb. Macar millət vəkilləri Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun Azərbaycana ekstradisiyası və hadisələrin sonrakı gedişi ətrafında yaranan müzakirələr ətrafında fikir mübadiləsi aparıb, Azərbaycana dəstəklərini ifadə ediblər. M.Gyongyosi deyib ki, ekstradisiya məsələsi ilə bağlı sentyabrın 4-də keçirilən mitinqdə iştirak edənlərin əksəriyyəti Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycan torpaqlarının işğalından və erməni zabiti Qurgen Markaryanın öldürülməsinin həqiqi səbəblərindən xəbərsizdir. Siyasi partiya rəhbərləri belə tədbirlərdən sadəcə öz məqsədləri üçün istifadə etməyə çalışırlar. O, indiyə qədər Macarıstanın bir sıra qəzetlərinə və elektron mediaya çoxsaylı müsahibələr verərək məsələnin həqiqi mahiyyətini aydınlaşdırmağa çalışdığını bildirib.
Söhbət zamanı iki ölkə arasında mövcud yaxınlaşmanın bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə, birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün imkan yaratmasına təsirindən də söz açılıb.

Azərbaycandan Avropa Parlamentinə məktub

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri, millət vəkili Elxan Süleymanov Avropa Parlamentinin prezidenti, siyasi qrup rəhbərləri, Avropa Parlamentinin üzvləri, Avronest Parlament Assambleyasının həmsədrlərinə Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı məktub ünvanlayıb. E.Süleymanov   bildirib ki, məktubda Azərbaycanın qurumdakı nümayəndə heyətinin mövqeyi avropalı həmkarlarına çatdırılıb. Millət vəkili vurğulayıb ki, R.Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunması və daha sonra əfv edilməsi Avropa Konvensiyası və beynəlxalq hüquq standartlarına tam uyğundur. Millət vəkili məktubunda qeyd edib ki, Ermənistanın R.Səfərovla bağlı beynəlxalq aləmdə qaldırdığı bu müzakirə onların təcavüzlə işğal etdikləri ərazilərdə qanunsuz möhkəmlənməsi və bəynəlxalq təşkilatların qeyd-şərtsiz zəbt olunmuş torpaqları işğaldan azad etməsi tələblərindən imtina etməsi məqsədi güdür: “Təəssüflə qeyd edirik ki, Ramil Səfərovla bağlı müzakirə və azərbaycanlı mülki şəxslərin ermənilər tərəfindən davamlı qətlə yetirilməsi yuxarıda qeyd olunan beynəlxalq təşkilatların qərarlarının Ermənistan tərəfindən yerinə yetirilməməsinin nəticəsidir”.

Türkiyə etiraz edir

Türkiyənin Xarici Işlər Nazirliyi R.Səfərovun Azərbaycana ekstradisiyası və ardınca əfvindən sonra yaranmış vəziyyətlə bağlı açıqlama yayıb: “Ramil Səfərovun Azərbaycan prezidenti Ilham Əliyev tərəfindən əfv edilməsinə ABŞ-dakı erməni diasporunun etirazlarının Türkiyəyə yönəldilməsini heyrətlə izləyirik. Prosesin heç bir mərhələsinə müdaxilə etməyən Türkiyənin əsassız iddialarla hədəfə alınmasına yönəlmiş səylər hər zaman Türkiyə əleyhdarlığı yürütməyə alışmış pis niyyətli çevrələrin yeni qaralama kampaniyasından ibarətdir”.