Elçibəyin ailəsi ona çatası pensiyanı niyə ala bilməyib?

Sosial Müdafiə Fondu məsələyə aydınlıq gətirdi

Mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev sentyabrın 6-da “Azadlıq” radiosuna müsahibəsində deyib ki, «Eks-prezidentlər haqqında» qanun 3 aydır qəbul edilsə də, Elçibəyin xanımı qanunla ona düşən müavinəti ala bilmir. Müsahibədən dərhal sonra – sentyabrın 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ərturqut Əliyevlə əlaqə yaradıblar. Ona müavinətlə bağlı anlaşılmazlıq olduğunu və sənədləşmə işlərindən sonra ailənin həmin vəsaiti alacağını bildiriblər. Bu haqda “Azadlıq” radiosuna Ərturqut Əliyev özü deyib.

«ELÇİBƏYİN AİLƏSİ FONDA MÜRACİƏT ETMƏYİB»

Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev isə bunları bildirib «Qanunvericiliyə uyğun olaraq vətəndaş pensiya təyinatı üçün qeydiyyatda olduğu ərazi üzrə Fondun yerli orqanına müraciət etməlidir. Təəssüflər olsun ki, qanun qüvvəyə mindiyi andan indiyədək Elçibəyin ailəsi Fonda müraciət etməyib. Bu səbəbdən onlara pensiya təyin etmək mümkün olmayıb. Nəhayət, məsələni mətbuatda qaldırıblar».

Elman Babayevin dediyinə görə, Fondun Binəqədi rayon şöbəsinin əməkdaşları dəfələrlə ailənin qeydiyyatda olduğu ünvana getsə də, onları tapa bilməyib: «Bu gün məcbur qalıb Ərturqut bəyin mobil telefonunun nömrəsini tapmışıq və ona müraciət etmişik ki, sənədləri şöbəyə təqdim etsin. İndi o, Bakıda deyil. Bununla belə, artıq bəzi məlumatları aldıq və indi təyinat aparılır. Qanunla müəyyən edilən müavinət onlara ödənəcək».

Elman Babayev deyib ki, qanunla Elçibəyin xanımı ayda 3750 manat alacaq. Bundan başqa, ötən aylarda yığılıb qalan məbləğ – təxminən 13 min manat isə birdəfəlik ödənəcək.

«AYAZ MÜƏLLİM KARTINI ALIB»

Eks-prezident Ayaz Mütəllibov da qanunla ona düşən müavinəti alır. Bunu da Elman Babayev bildirib: «Ayaz müəllim özü keçən ay müraciət etmişdi. Artıq pensiya ödənilir və kartını da bizdən götürüb».

«Eks-prezidentlər haqqında» qanuna əsasən, keçmiş prezident indiki dövlət başçısının aylıq əməkhaqqının 50 faizi qədər pensiya almalıdır. Keçmiş prezidentə həmçinin 3 nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir.

Keçmiş prezident vəfat etdikdə isə onun aldığı pensiyanın 50 faizi məbləğində aylıq müavinət həyat yoldaşına ödənilir.