…Məlum oldu ki, mərhum prezident Elçibəyin ailəsi, iki ay keçməsinə baxmayaraq, eks-prezidentlər haqqında qəbul edilən qanundan yararlana bilmirlər. Bu barədə mərhum prezidentin oğlu iki gün əvvəl ANS-ə açıqlamasında söylədi.
Şübhəsiz, bununla bağlı rəsmi açıqlama olacaq, məsələn, deyəcəklər ki, ya lazım olan sənədlər təqdim edilməyib, ya da onların ailəsinin koordinatlarını tapa bilməmişik, ya da ən qısası, gəlib almayıblar.
Etiraf edək ki, bu gün “ağlı başında olan” bir rejim məmurunun anlamadığı bir şey var – onlar heç vaxt âdərk edə bilmirlər ki, Azərbaycanın prezidenti olmuş bir şəxsin sonradan nəyəsə ehtiyacı olsun. Hələ bilsələr ki, Əbülfəz Elçibəyin qohumları Qarabağda döyüşüb dəli olarlar. Onlara görə prezident qohumları ölkənin ən uğurlu iş adamları olmalıdır. Bakıda hektar-hektar torpaqları, ticarət mərkəzləri, bankları, televiziyaları, mehmanxanaları olmalıdır. Hərbi mükəlləfiyyət onlara aid edilməməlidir.
Bütün bunlara baxmayaraq, milyonlarla insan şahiddir ki, 1992-92 illərdə Əbülfəz Elçibəy Azərbaycanın prezidenti olub. Həmin vaxtlar bütün dünya bu fenomendən – erməni faşizminə qarşı amansız müharibə elan edən bu böyük Türkdən və onun şəxsi nümunəsindən ruhlanaraq Vətənin müdafiəsinə qalxan yüz minlərlə fədaidən danışırdı…
Bu gün isə, bütün dünya, 1 milyon qaçqını olan, milyardları ölkədən kənardakı offşor zonalara çıxaran, Mayamidən tutmuş, Dubaya qədər dünyanın müxtəlif səfalı güşələrində dəyəri 100 milyonlarla ölçülən daşınmaz əmlaklara sahib olan Azərbaycanın dövlət başçısı Ilham Əliyevdən və onun səfalətdən ölkəni tərk etməkdə olan xalqından danışır…
Bu pulları ölkədən çıxaranlar əvvəl bir şeyə arxayın idilər, onlara elə gəlirdi ki, bunun hesabını sormağa xalqın heç vaxt cəsarəti çatmayacaq. Hardasa haqlı idilər, zəmanə onların idi. Oxşar rejimlər at oynadırdı, Berluskoni və digər Avropa siyasətçiləri Qəzzafinin əlini öpmək(!) üçün “növbəyə” durmuşdu. Bəşər Əsəd də tez-tez Ingiltərəyə qaynatasıgilə baş çəkirdi, Avropa liderləri ilə əl sıxırdı. Bakıda yenicə heykəli qoyulmuş ulu öndər Hüsnü Mübarək isə, az qala bütün dünyaya “ağıl” öyrədirdi. Və birdən…
Xalqlar sanki bir gecənin içində “dəli” oldu, çılğına döndü, diktatorlardan hesab sormağa başladı. Dünənə qədər yaxın dost hesab elədikləri Berluskonilər, Sarkozilər, Ərdoğanlar onlara soyuqqanlılıqla, “yetər artıq, get” dedilər.
Gördük ki, diktatorlar, xalqın heç olmasa cüzi bir tələbini belə yaxına buraxmadılar, dayana bildikləri qədər dayandılar, biri öldürüldü, biri həbs olundu, biri qaçdı və s.
Növbəsini gözləyən rejimlərdən biri kimi, Azərbaycan iqtidarı, sələfləri kimi islahatlardan başqa hər şeyə əl atmağa hazırdı. Satın ala biləcəyi hər şeyi alırlar, ala bilmədiklərinə qara yaxmağa çalışırlar.
Bu yaxınlarda “Yeni Müsavat” qəzetində belə bir yazıya rast gəldim, adı “Azərbaycanlı oliqarxların Suriyadakı pullar batdı” idi. Təxminən belə fikir ifadə olunurdu ki, 48 milyardın önəmli hissəsi avtoritar ərəb ölkələrinə investisiya kimi yatırılıb, sitatı olduğu kimi verirəm: – “Hələb şəhəri Azərbaycan oliqarxlarının ”obyekti” imiş; Şeyxülislam və AZAL “şefi”nin Suriyada böyük biznesi olub; iddialara görə, ölkəmizdən çıxarılan 48 milyardın əhəmiyyətli qismi inqilab olan ərəb ölkələrinə yatırılıbmış”…
Özü də bu işləri… Allahşükür Paşazadə(!) başda olmaqla, 3 oliqarx həyata keçirib. Təsəvvür edin, Belarusda dəyişiklik olarsa, nələr yazılardı…
Hələbin offşor zona, prezidentin də bu “əhəmiyyətli hissə”dən xəbəri olmadığını iddia edən bu yazını oxuyarkən istər-istəməz yadıma məhşur sovet rejissoru Eldar Ryazanovun 1991-ci ildə ssenarisini yazdığı “Səmavi cənnət” filmi düşür. Bu filmin qeyri-rəsmi adı həm də “Ryazanov qəhrəmanlarının dəfni”dir.
Filmdə yaşlı və orta nəsillərin yaxşı xatırladığı bütün unudulmaz, xeyirxah Ryazanov qəhrəmanları sanki bir araya gəlib, amma bu dəfə onlar, dəyişik salmaqla xoşbəxtlik tapdığı şəxsi mənzil sahibləri kimi yox, şəhər ətrafında köhnə bir vaqon deposunda məskunlaşmış “bomj”lar (ev-eşiyi olmayan) kimi təqdim edilir. Burda da xoşbəxt yaşayan insanların sevinci uzun sürmür, ərazi xaricilərə satılır və yerli hüquq-mühafizə orqanları ərazinin boşaldılmasına səfərbər edilir. Hər şeyləri əllərindən insanlar sonda planeti tərk etmək qərarına gəlirlər və onları göyün yeddinci qatındakı cənnətə götürəcək olan köhnə paravozu(!) hazır vəziyyətə gətirirlər…
Bir az tez deyilmi, cənablar?!

Səmavi cənnət və offşor cəhənnəmlər
•