“Kiosk” ayıbını dilinə almayan akademikin “ə” dərdi

Deyəsən, bunlar ciddiləşirlər: Dilçilik Institutunun direktoru Fəxrəddin Veysəllinin “ə” hərfinin “nöqtəli a” ilə əvəzlənməsi təklifinə AMEA prezidenti də dəstək verdi.
Elmi baxımdan həqiqət F.Veysəllinin tərəfindədir: əgər incə saitlər qalın saitlərin üzərinə nöqtə qoymaqla düzəlirsə, “ə” hərfi istisna təşkil etməməlidir.
Doğrudur! Amma bəs, 20 ildir Fəxrəddin Veysəlli niyə səsini çıxarmırdı? Gözləyirdi ki, latın qrafikasını qəbul etdikdən sonra “ə” hərfi tamam-kamal özünü təsdiqləsin, bu hərflə dərsliklər, cild-cild kitablar buraxılsın, sonra onun dəyişməsi məsələsini gündəmə gətirsin?
2001-ci ilin yayından latın qrafikalı əlifbanın məcburi tətbiqinə başlanıldı: qəzetlər, kitablar bu əlifba ilə dərc olunmaq məcburiyyətində qaldı – itkilər oldu, çətinliklər yaşandı, ancaq bu “mütərəqqi zorakılığı” məmnuniyyətlə qəbul etdik.
Aradan 12 il keçəndən, “Dünya ədəbiyyatı kitabxanası” seriyasına start veriləndən və “150 cildliyin” tam yarıdan çoxu dərc ediləndən, özəl mətbəələrin saysız-hesabsız nəşrlərindən, Azərbaycan gəncliyinin ən azı iki nəsli “ə” ilə yetişəndən, 12 illik KIV arxivi yığılandan sonra hansısa hərfin dəyişməsi ideyasını irəli sürmək millətin başına daş salmaqdır!
Bir millətin əlifbası neçə dəfə dəyişməlidir? Bir və ya bir neçə hərfin dəyişməsi “əlifba islahatı” deyilsə, onda 40-cı illərdə kirill əlifbasındakı islahatları niyə “əlifba dəyişikliyi” kimi qiymətləndirir və bunun nəsillər arasındakı əlaqəyə mənfi təsirini illərdir ki, vurğulayırıq?
Əlifbanın millətin ehkamlarından, mədəniyyətin, milli kimliyin sütunlarından olduğunu anlaması üçün “akademiklərimizə” nə qədər vaxt lazımdır, görəsən? Çin, yapon öz heroqlifini, ərəb “ilan-qurbağa” hərfini hələ də saxlayır. Ona görə ki, tarixi, mədəniyyəti var? Bəs, bu millətin tarixini, yazısını nə vaxta qədər “cavanlaşdırmaqda” davam edəcəksiniz? Azərbaycan vətəndaşı iki nəsil o tərəfdəki babasının, ulu babasının yazdığı mətni orijinaldan oxuya bilmir. Bu savadsızlıq haçana qədər davam etməlidir?
Dildə, mədəniyyətdə, elmdə hər şey düzəlibmiş, qalıbmış “ə” hərfi. AMEA prezidenti Mahmud Kərimov Azərbaycan elminin niyə dünyanın reytinq siyahısında axırdan 7-ci yerdə olduğuna, mənasız, savadsız və plagiat “elmi araşdırmalara” elmi dərəcələrin pay-püş edilməsinə, AMEA Əsasnaməsinə görə “ömürlük olaraq” təqdim etdikləri “akademik” adının hansı “elmi prinsiplə” Əli Insanovdan alınmasına aydınlıq gətirmək əvəzinə “ə” hərfinin dəyişməsindən danışır.
Dillə bağlı Dövlət Proqramının hazırlanması sərəncamına uyğun olaraq AMEA-nın Işçi Qrupu yaradılandan dərhal sonra Bakı küçələrində “Qəzet köşk”lərini “Kiosk press”lər əvəzləməyə başlayıb. AMEA IH yanında Terminologiya Komissiyasının sədri olan Mahmud Kərimov bilmirmi ki, bizim dilimizdə “kiosk” sözü yoxdur? Bəs, buna etiraz eləmək niyə ağlından keçmir? Çünki “kiosk”un yiyəsi var, amma “ə” hərfi sahibsiz küçə itidir və hər yoldankeçənin ona daş atmasına etiraz olmayacaq?
Yaxınları, doğmaları ilə rusca danışan Mahmud Kərimovun Terminologiya Komissiyasına necə rəhbərlik etdiyi və dilin məziyyətlərindən hansı səviyyədə xəbərdar olduğu hamıya gün kimi aydındır… Günümüzə, rüzgarımıza bax, Ilahi: ana dilinin qorunmasından necə söhbət gedə bilər ki, bu xarabanın Dövlət Dil Komissiyasının sədri Artur Rəsizadə, Terminologiya Komissiyasının sədri Mahmud Kərimovdur.
Dili bilmir, dildən xəbərsizdir – cəhənnəm! Ancaq adam “akademik” adını daşıyırsa, heç olmasa, savadsız danışmamalıdır!
M.Kərimovsa deyir: “Bu hərflər (”ç” və “ş”-dan söhbət gedir) kompüterlərdə, internetdə müəyyən problemlər yaratsa da, hər halda, onların işarəsi artıq qəbul olunub. Istifadəçilərin kompüterlərdən istifadəsini daha rahat etmək üçün “ə” hərfini dəyişmək məqsədəuyğundur”.
Əvvəla, “ə” hərfinin kompüterdə yaratdığı problem “ç” və “ş” hərflərinin yaratdığından qətiyyən çox deyil. Necə olur ki, “ç” və “ş” hərflərinin “işarəsi” artıq qəbul olunmuş sayılır, “ə” hərfininki yox? Ölkənin Elmlər Akademiyasına rəhbərlik edən bir şəxs də bu qədər savadsız açıqlama verər?
Ikincisi, deyəsən, Mahmud Kərimov latın qrafikalı Azərbaycan əlifbasının proqram olaraq çoxdan hazırlanmasından xəbərsizdir. Artıq illərdir ki, bu proqramdan istifadə edirik və heç bir problem yaşamırıq. Əksinə, “ə” hərfi “nöqtəli a” ilə yazılarsa, onda problem yaranacaq: proqramları dəyişmək lazım gələcək.
Görünür, “rusca” düşünən və düşündüklərini Azərbaycan dilinə “tərcümə edib” danışan Mahmud Kərimovun kompüter proqramı da rus dilindədir, ona görə “ə”nin “problem yaratdığını” iddia edir…
Səlahiyyəti bitmiş “qeyri-legitim” və rusdilli “prezident”dən bundan artıq nə gözləyəsən!?