Bizə niyə xlor içirirlər?

Eyyub Hüseynov: “Əksər ölkələr suyu xlorla deyil, mükəmməl üsullarla təmizləyir”

Azərbaycanda əhaliyə verilən içməli suyun tərkibinin təmizlənməsində daha çox xlordan istifadə olunur. Lakin bu maddənin faydasından çox zərərinin olması da hər kəsə bəllidir.
Suda xlorun çoxluğu bir sıra xəstəliklərin yaranmasına da səbəb olur. Bu səbəbdən də ekspertlər Azərbaycanın suyu bu üsulla təmizləməkdən imtina etməsini istəyir. Artıq dünyanın inkişaf etmiş ölkələri bu üsuladan istifadə etmir. Azərbaycan yaxın zamanda xlordan imtina edərək daha müasir üsullara əl ata bilərmi?
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dünyada suyun təmizlənməsinin ən ciddi problemlərdən biri olduğunu deyir. Ancaq təəssüf ki, Azərbaycanda bu məsələ hələ mükəmməl həll edilməyib.
Ekspertin sözlərinə görə, bir çox ölkələrdə, o cümlədən qonşu Rusiyada su mənbələrində mütəmadi olaraq biotestlər aparılır. Suda baş verən hər hansı dəyişiklik ciddi araşdırılır. Içməli suyun tərkibinə bu qədər həssas yanaşılır. Əksər ölkələr də artıq suyu xlorla təmizləməkdən imtina edib. Lakin Azərbaycan hələ də bu vasitədən istifadə etməyə məcburdur. Çünki çirkab sularının su hövzələrinə axıdılması səbəbindən su həddən artıq çirklidir. Ona görə də ilk növbədə su kanallarının təmizlənməsi prosesinə başlanılmalıdır. Ancaq hər halda suyun təmizlənməsində daha mükəmməl üsulların tətbiq edilməsi vacibdir.

Fizzə