aliyevler-lentkesmek

Əliyevlərin korrupsiya əməlləri ABŞ mətbuatında

aliyevler-lentkesmekDubay villaları, qızıl yataqları, Panamadakı şirkətlər və s. yenə gündəmə gətirildi

“Foreign Policy”: “Azərbaycanda prezidentin ailəsi var-dövlətini ölkənin gəlirli neft sahəsindən əldə edir”

“Mərkəzi Asiyanın neft baronları, moda ilahələri və hakim ailələrilə tanış olun”. Bu sözlər Amerikanın “Foreign Policy” jurnalında dərc olunan məqalədəndir. Məqalədə Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanda ölkəni idarə edən “varlı hakim ailələr” haqqında yazılır. Müəllif Ketrin Makalekdir. “BBC Azərbaycanca” yazıdan Azərbaycan haqqında hissəni qısa ixtisarla təqdim edib.

“Azərbaycanda prezidentin ailəsi öz var-dövlətini ölkənin gəlirli neft sahəsindən əldə edir. 1993-cü ildə hakimiyyəti ələ keçirmiş keçmiş “KQB” generalı Heydər Əliyevin dövründə onun oğlu İlham dövlət neft şirkətinin vitse-prezidenti idi. ARDNŞ indi ölkənin 7 milyard barel neft ehtiyatlarına nəzarət edir.
2003-cü ildə Heydər Əliyev öləndə prezidentlik güclü nəzarət altında keçirilən seçkilər vasitəsilə İlhama keçdi. ARDNŞ dövlətin şirkətidir… Azərbaycanın neft gəlirlərinin daxil olduğu neft fondu isə prezidentin nəzarəti altındadır.
Azərbaycan qanunları hökumət rəsmilərinin, o cümlədən prezidentin biznesə sahib olmasını yasaqlayır, amma ailə üzvlərinə belə məhdudiyyətlər qoyulmur”, – deyə jurnal yazır.

Əliyevin uşaqlarının xaricdə şirkətləri və dəbdəbəli evləri var

Müəllif “Azadlıq” radiosunun təhqiqatlarına istinad edərək yazır ki, İlham Əliyevin uşaqlarının adına xaricdə şirkətlər və dəbdəbəli evlərin olduğu aşkarlanıb: “Məsələn, onun qızları Leyla Əliyeva (27 yaş) və Arzu Əliyeva (23 yaş) qızıl mədənlərinin üzərində oturublar. 2007-ci ildə rejim Azərbaycan Beynəlxalq Mineral Resursların Əməliyyat Şirkətinə (AİMROC) Çovdar kəndi yaxınlığındakı qızıl yataqlarında 70 faizlik pay verib. Qalan 30 faiz isə hökumətə məxsusdur. Çovdar yatağı 44 ton qızıl və 164 ton gümüş ehtiyatlarına malikdir və onların dəyəri 2.5 milyard dollardır. AİMROC dörd şirkətin birləşməsidir. Onlardan biri – Britaniyada yerləşən “Globex İnternational” 200 milyon dollar dəyərində 11 faizlik paya sahibdir, bu şirkətin sahibi isə Panamada qeydiyyatdan keçmiş üç holdinq şirkətidir, onların baş menecerləri Əliyev bacılarıdır.

Digər təhqiqatlarda da başqa sənaye sahələrində oxşar strukturlar aşkar olunub. Panama sənədlərində Leyla və Arzu Əliyeva üç holdinq şirkətin baş icraçıları kimi qeydiyyatdadır: Hughson Management, Grinnell Management və Gladwin Management.
Məlumata görə, Hughson Azərbaycanın ən böyük konqlomeratı ATA Holdinqdə 51 faiz paya məxsusdur. Bundan başqa Hughson, Grinnell və Gladwin Azerfon telekommunikasiya şirkətində 24 faiz paya malikdir.

Arzu həmçinin Silk Way şirkətlər qrupunda böyük paya sahibdir. Bu holdinq hava yolları sənayesi monopoliyasıdır və AZAL dövlət hava yolları şirkətinin özəlləşdirilməsi vasitəsilə yaradılıb”

Müxalifətə hücumlar və jurnalistləri həbsə atmaqla korlanan imic

Müəllif “Washington Post” qəzetində 2010-cu ildə dərc olunmuş yazıya da istinad edərək xatırladır ki, prezidentin uşaqları ilə adları və yaşı üst-üstə düşən şəxslər Dubayda 75 milyon dollarlıq evlərə sahibdirlər: “Daşınmaz əmlak rəsmiləri deyiblər ki, evlərin bəziləri üçün pulu prezident ailəsinin nümayəndəsi ödəyib”.

Məqalədə daha sonra yazılır: “Leyla ailəsinin müxalifətə hücumlarla, bloqqer və jurnalistləri həbsə atmaqla korlanan imicini yaxşılaşdırmaq üçün xeyriyyə işləri görür. O, Heydər Əliyev Fondunun vitse-prezidentidir. Fond Leylanın anası, birinci ledi Mehriban Əliyeva tərəfindən yaradılıb. Onun veb saytında yazılıb ki, fond Azəbaycan Təhsil Nazirliyindən daha çox məktəblər, Səhiyyə Nazirliyindən daha çox xəstəxanalar tikir və Mədəniyyət Nazirliyindən daha çox tədbirlər keçirir.
Leyla bu yaxınlarda “Bakı” adlı mədəniyyət və moda jurnalı açıb və o, Moskvada nəşr olunur. Onun həyat yoldaşı, pop ulduz Emin Ağalarova Bakıda keçirilən 2012-ci il Eurovision mahnı müsabiqəsində xüsusi çıxış imtiyazı verilmişdi.
Bir neçə il əvvəl Arzu Azərbaycanın turizm siması olmuşdu. Onun çəkildiyi reklam videosu bir neçə dünya şəbəkəsində, o cümlədən CNN-də göstərilmişdi. 46 saniyəlik klipdə sarışın Arzu qlamur mühitdə, dəbdəbəli maşınların, malikanələrin və dəniz sahili kurortların əhatəsində görünürdü”.