Rejim anormal siyasət burulğanında

Normalda başqa cür olmalı, Ramil Səfərovun ölkəyə gətirilməsi toplumla hakimiyyət arasında yumşalma-yaxınlaşma yaratmalı idi. Tərsinə oldu. Prezident olaraq ölkədə hüququn başlıca qarantı sayılacaq adamın suçu üzündən ara qarışdı. Ölkə içində də, ölkə dışında da. Rejim adamları ən azı ölkə içində uzlaşmaya, barışa çalışmaq yerinə qızışdırıcılıq, düşmənçilik yolu tutdular.
Jurnalist Xədicə Ismayıl, eləcə də bir sıra başqaları R.Səfərovun Macarıstanda yatan yerdə baltalama aktını, prezident adlanan, ölkədə hüququn qarantı olmalı kimsənin “əfv” aktını düzgün saymadıqlarını bildirdilər (Mən də hər iki aktı düzgün saymıram). Ardınca nə baş verir? Rejimin nomenklatur deputatlarından biri, “əfv” komissiyasının üzvü Məlahət Ibrahimqızı hər iki aktı düzgün saymayanları ermənilərə işləməkdə, “hüququ biliklərinin az olmasında” suçlayır.
Mənim çoxlu qohumum (əmiuşaqları, dayıuşaqları, bibiuşaqları) Qarabağ savaşına qatılıb. Əmiuşaqlarından ikisi 1994-cü ildə, indiki hakimiyyətin apardığı QIRĞIN kampaniyası dönəmində şəhid olub (biri Kəlbəcərdə, o biri Ağdamda). Bibim oğlu Cavid Füzuli uğrunda döyüşlərdən 27 qəlpə yarası ilə qayıdıb. 27 qəlpə yarası ilə əlillik qazanmış Cavid çoxlarının sağlam ola-ola aldığı əlil maşınını ala bilmir. Bu hakimiyyət əlil maşını üçün böyük rüşvət istədiyinə görə. Azərbaycan kimi varlı bir ölkədə Qarabağ əlillərinə, veteranlarına pulsuz verilməli evlərin pulla verilməsinə, onlara verilən qəpik-quruşa nə ad verək? Indiki hakimiyyət dönəmində geniş yayılmış belə cinayətkarcasına faktlar ermənilərin yerinə Azərbaycan dövlətinə nifrət yaradırsa, ermənilərə qulluq eləyən kimlərdir: sizlərmi, bizlərmi?!
Başqa cür düşünənlərin “hüquqi biliklərinin az olduğunu” bildirən nomenklatur deputatdan soruşmaq gərəkir: çox böyük oğurluqlar baxımından dənizdə damla olaraq ortaya çıxan prezident oğurluqları – Dubayda 75 milyon, Panamaya milyonlar hansı hüquq normalarına sığır? Sözsüz, üstü açılmış bu oğurluqlardan dönə-dönə yazdığımıza görə də sizlər bizi “ermənilərə qulluq eləyən” gözündə görürsünüz. Indiki qalmaqal bu 48 milyard dollarlıq oğurluğun üstünün açılması ilə başladı. Gündəmi dəyişmək, bu DƏHŞƏTLI cinayət faktını arxa plana keçirmək üçün isterika içində düşünülməmiş addım atıldı: 600 minlik “normal vətəndaş” yığmasından bəlli birisi çıxaraq ortaya “zəhərləmə” faktorunu atdı. Azərbaycandan Türkiyəyə, Avropayadək ara qarışdı. Opponentə sarsıdıcı zərbə vurmaq istəyən rejim özü sarsıdıcı zərbə aldı. Bu uğursuzluq görsənişini – zərbə effektini arxa plana keçirmək üçün Ramil Səfərov faktoruna əl atıldı. Ancaq yaxşı başladılar, pis qurtardılar. Uduzduqları “zəhərləmə” şousunun ardınca yersiz “qələbə” şousu düzəltdilər. “Qələbə” effektini artırmaq üçün prezident R.Səfərovu əlüstü “əfv” etdi. Nə oldu? Qaş qayıran yerdə vurub gözü də çıxartdılar.
R.Səfərova ən azı formal məhkəmə qurmaq, məhkəmə yoluyla işi yoluna qoymaq olardı. Ancaq elədə “zəhərləmə” faktorundan doğan uğursuzluq effekti indiki tezliklə arxa plana keçməyəcəkdi. Indi “zəhərləmə” faktorunun arxa plana keçirilməsi baxımından parlaq effekt alındı. Ancaq bu, göründüyü kimi,.. BUMERANQ EFFEKTIDIR. Bəs deyirdiz müxalifət Azərbaycanın “demokratik dövlət”, “hüquqi dövlət” imicinə zərbə vurur. Müxalifət bundan belə 100 il çalışsa da, Azərbaycan dövlətinin imicinə belə ağır zərbə vura bilməz – 48 milyard dollarlıq prezident oğurluğu faktının üstündən daha bir zərbə! Özünüz demokratik, hüquq dövləti anlayışlarınızın mifik xarakter daşıdığını göstərdiniz.  
Adına “qəhrəmanlıq” deyilən biranlamlı olur, quşqu-öcəşmə doğurmur. Soruşulur: niyə hamı biranlamlı olaraq Mübariz Ibrahimovu qəhrəman sayır? Bəllidir: Mübarizin ortaya qoyduğu fakt biranlamlı olaraq igidlik-qoçaqlıq-qəhrəmanlıq faktıdır.