Elxan Mehdiyev: “Azərbaycanın addımları təəccüb və təəssüf doğurur”
Macarıstan həbsxanasında saxlanılan azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana ekstradisiya edilərək azadlığa buraxılması Ermənistanı ayağa qaldırıb. Rəsmi Yerevan bütün istiqamətlərdə Azərbaycana qarşı kampaniyaya başlayıb.
Azərbaycan tərəfi ara-sıra Ermənistanın kampaniyasına reaksiya versə də, ekspertlər bunu yetərli saymır.
Siyasi ekspert Elxan Mehdiyevin Azərbaycan tərəfinin addımlarının təəccüb və təssüf doğurduğunu deyir. Belə davranış isə zabitin azad edilməsinin Azərbaycanın əleyhinə çevrilməsinə şərait yarada bilər. Çünki bütün istiqamətlərdə geniş təbliğat kampaniyası aparan Ermənistan həmsdərlərin bəyanat verməsinə də müvəffəq olub. Üstəlik, Ramil Səfərova qarşı planlar da gündəmdədir. Azərbaycan tərəfi isə faktiki olaraq heç bir addım atmır: “Azərbaycan XIN-i və hökuməti faktiki olaraq heç nə etmir. Ya bir cümlə ilə müdafiə olunur, ya da ”erməni nə danışır danışsın, biz işimizi görmüşük” yanaşması ilə susur. Bununla da ermənilərə kömək etmiş olur. Ermənilər Azərbaycanı dünyada bərabəri olmayan vəhşi kimi göstərməkdir. Hamıya məlum olmalıdır ki, informasiya indi güllədən dərinə gedir”.
Ekspert xarici işlər naziri E.Məmmədyarovun Parisdə həmsədrlərlə görüşünü də yersiz hesab edir: “Məmmədyarov nəyə görə həmsədrlərə izahat verməlidir? Biz erməni cinayətlərini ortaya qoyanda həm həmsədrlər, həm onların dövlətləri ”biz neytral vasitəçilərik və bizim ölkələr neytrallığı qorumalıdır” deyirlər. Bəs indi haradadır neytrallıq? Azərbaycan xarici işlər nazirliyi hər gün Sərkisyanın və onun mudafiə nazirinin, Köçəryanın törətdiyi cinayətlər, qətliamlarla bağlı bütün bu ölkələrə məlumat verməli və deməlidir ki, nə vaxt Sərkisyan Ohanyanı həbsə alarsa, o zaman da biz Ramil Səfərovu həbsə alarıq. Nə zaman bölgədə ədalət baş tutacaq, sərkisyanlar Haaqaya aparılacaq, o zaman da Ramil Səfərov sorğulanacaq. Azərbaycan tərəfi deməlidir ki, bizim bu addımımız bizə qarşı dünyanın gözü qarşısında edilən haqsızlığa qarşı bir etirazdır və məqsədimiz bütün dünyanı bu haqsızlığı görməyə cəlb etməkdir”.
Ekspertin sözlərinə görə, bu məsələ ilə bağlı fikir bildirməyə ATƏT-in Minsk qrupunun mənəvi haqqı yoxdur. Ermənistanın apardığı kampaniyanın əsas məqsədi isə işğalı pərdələməkdir.
Fizzə