ip-ordu

İctimai Palata 2013 seçkilərini müzakirə etdi

ip-orduKoordinasiya Şurası plan və baxışlarını ictimaiyyətə açıqladı

İctimai Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib. Bu barədə “Azadlıq”a məlumat verən Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli bildirib ki, iclasda əvvəlcə 2013-cü ildə keçiriləcək prezident seçkisilə əlaqədar yaranmış situasiya, İctimai Palatanın prioritetləri və mövqeyi ciddi müzakirə edilib. Sonda qərara gəlinib ki, Koordinasiya Şurası bu məsələ bağlı xüsusi memorandum qəbul etsin və sənəd ictimaiyyətə açıqlansın.      
Daha sonra siyasi məhbus məsələsi müzakirə edilib. Koordinasiya Şurası hesab edir ki, siyasi məhbus problemilə bağlı beynəlxalq təşkilatlar prinspial mövqe nümayiş etdirməli, tələblərinə ara verməməlidirlər. Çünki Azərbaycan hakimiyyətinin öz təşəbbüsü ilə siyasi məhbusları azad etmək təcrübəsinə rast gəlinməyib. Məhz bu baxımdandır ki, indi də Şahin Həsənli, Vidadi İsgəngəndərov kimi onlarla şəxs siyasi əqidəsinə görə həbsxanadadır. Koordinasiya Şurası qərara gəlib ki, bu məsələ ilə bağlı ayrıca bəyanat hazırlansın və İctimai Palatanın sesssiyasına təqdim olunsun.
İclasda müzakirə edilən məsələlərdən biri də Müsavat Partiyasının Göygöl rayon təşkilatının sədri Subatay Quluzadənin təzyiqlərə məruz qalması olub.
Məlumat üçün deyək ki, rayonun polis rəisi Subatay Quluzadəyə təzyiq göstərərək ondan Müsavat Partiyasının sıralarını tərk etməyi tələb edir. Koordinasiya Şurası bununla bağlı da bəyanat qəbul edib.
Sonda İctimai Palatanın növbəti sessiyasının vaxtilə bağlı müzakirələr aparılıb. Qərara alınıb ki, bundan əvvəlki iclasda müəyyənləşdirilən vaxt dəyişməz qalsın. Beləliklə də İctimai Palatanın növbəti sessiyası 8 sentyabrda keçiriləcək.

İP Koordinasiya Şurasının qarşıdan gələn prezident seçkisi ilə bağlı qəbul etdiyi memorandum:

Son dövrdə 2013 – cü il prezident seçkilərində İctimai Palatanın iştirakı  məsələləri KİV- də və sosial şəbəkələrdə intensiv müzakirə olunur. İP məqsəd və fəaliyyətində rəhbər tutduğu  demokratik dəyər və  prinsiplərə uyğun olaraq  cəmiyyət həyatı üçün mühüm sayılan məsələlərin ictimai müzakirəsini faydalı hesab edir, öz siyasətinin müəyyənləşməsində və həyata keçirilməsində bu müzakirələrdə ifadə edilən rəyləri nəzərə alır.
Eyni zamanda  xeyli dərəcədə İP-in 2013-cü il prezident seçkiləri ilə bağlı siyasəti haqqında  məlumatsızlığın nəticəsi olaraq müzakirələrdə yanlış fikir və mülahizələrin yer aldığı da müşahidə olunur. Bu da öz növbəsində İP daxili və İP ətrafı çevrələrdə təbii olan sualların, qeyri-müəyyənliklərin yaranmasına səbəb olur. Bir sıra hallarda isə İP-in və demokratik düşərgənin opponentləri və əleyhdarları bu cür qeyri-müəyyənliklərdən istifadə etməyə, onu süni surətdə dərinləşdirməyə və şişirtməyə çalışırlar.
Yuxarıda göstərilən məsələ ətrafında ictimai marağı nəzərə alaraq  İP Koordinasiya Şurası mövzu ilə bağlı aşağıdakıları açıqlamağı  məqsədəuyğun sayır:

1. İP- in  2013-cü il prezident seçkilərində iştirakı məsələsinə böyük ictimai maraq Azərbaycanda gedən ictimai-siyasi proseslərə İP-in təsiri və rolunun mühümlüyünün  nümayişi və göstəricisi, habelə İP-in avtoritarizmə qarşı müqavimətin əsas qütbü olmasının, demokratik düşərgənin əsas mütəşəkkil  güc mərkəzi, mövcud hakimiyyətə münasibətdə əsas siyasi alternativ kimi qəbul edilməsinin təsdiqidir. Yaxın dövrdə heç bir mühüm məsələnin, o cümlədən 2013-cü il prezident seçkiləri ilə bağlı məsələlərin İP-in mövqeyi və iştirakı nəzərə alınmadan həll edilməsi mümkün deyildir.

2. Nəzərə alınmalıdır ki, İP bu və ya digər seçki kampaniyasına hesablanmış  seçki ittifaqı, seçki koalisiyası deyil. İP müasir şəraitdə Azərbaycan demokratik qüvvələrinin (siyasi müxalifət, müstəqil media, vətəndaş cəmiyyəti xadimlərinin, mütərəqqi ziyalıların, gənclik hərəkatı liderlərinin) demokratiya uğrunda birlik və təşkilatlanma modeli olub, köklü demokratik dəyişikliklərə, rejim dəyişikliyinə nail olmaq məqsədi  daşıyan vətəndaş hərəkatıdır. Odur ki, İP- in mövcudluğunun 2013-cü il prezident seçkilərində iştirakın taktiki məsələləri ilə, o cümlədən həmin seçkilərdə hansı namizəd və ya namizədlərin iştirakı və onların müdafiəsi ilə əlaqələndirilməsi yanlış və əsassızdır. İP üzvləri, üzvləri İP-də təmsil olunan təşkilatların mütləq əksəriyyəti, o cümlədən Azərbaycan siyasi müxalifətinin aparıcı partiyaları olan AXCP və Müsavat ölkədə köklü demokratik dəyişikliklərə və rejim dəyişikliyinə nail olana qədər İP-in mövcudluğunun saxlanılmasının zəruriliyi və İP daxili əməkdaşlığın prioritetliyi mövqeyində durduqlarını ifadə edirlər.    

3. Xatırladılır ki, İP yarandığı dövrdə öz qarşısına əsas konkret siyasi hədəf kimi prezident seçkilərinə qədər növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olmağı qoymuşdu və bu mövqe indi də öz qüvvəsində qalır. İP dünyada  gedən  geosiyasi  proseslərin dinamikasını və daxili sosial-siyasi münasibətlər vəziyyətinə diqqət cəlb edərək 2013-cü il prezident seçkilərinə qədərki dövrdə ölkədə əhəmiyyətli dəyişikliklərin baş verməsi ehtimalını və mümkünlüyünü kifayət qədər real sayır, öz fəaliyyətini, o cümlədən 2013-cü il prezident seçkilərinə münasibətdə bu reallıqdan çıxış edərək müəyyənləşdirir. 2013-cü il prezident seçkilərinə münasibətdə bugünkü mövqelərin situativ olması, seçkiyə qədərki bütün mərhələlərdə bu mövqeyə korrektə və dəyişikliklər edilməsi, son mövqeyin yalnız seçki ərəfəsində qəti şəkildə formalaşdırılması məqsədəuyğun sayılır.

4. İP 2013-cü il prezident seçkilərini içində olduğumuz siyasi prosesin ən mühüm hadisələrindən biri hesab edir və fəaliyyətini qurarkən bu hadisəni əsas hədəflərdən biri kimi nəzərdə tutur. İP hesab edir ki, 2013-cü il prezident seçkiləri ölkənin avtoritarizmdən demokratiyaya keçid məsələsində Azərbaycan cəmiyyəti üçün ən əlverişli şanslardan biridir və bu şansdan demokratikləşmə üçün maksimum istifadə olunmalıdır.  Prezident seçkiləri ilə bağlı demokratik seçki mühitinin yaradılması, bunun üçün zəruri olan və İP-in Demokratiyaya Keçidin Yol Xəritəsində irəli sürdüyü siyasi, hüquqi və sosial islahatların reallaşması həlledici rol oynaya bilər.

5. İP diqqətə çatdırır ki, 2013-cü il seçkiləri ilə bağlı bu memoranduma qədər artıq bir dəfə rəsmi açıqlama ilə çıxış etmişdi. Cəmiyyətdə İctimai Palatanın 2013- cü  il seçkilərində vahid namizədi mövzusunda gedən diskussiyalara aydınlıq gətirilərək bildirilmişdi ki, hazırda İP-də 2013-cü il prezident seçkilərində İP-in vahid namizədi məsələsi gündəmdə deyildir, müzakirə olunmur. Eyni zamanda qeyd olunmuşdu ki, 2013-cü il prezident seçkilərində geniş demokratik çevrənin birgə iştirakı faydalı və arzuediləndir.
Bu mövqe bir daha təsdiq olunaraq göstərilir ki, hazırda İP daxilində və ictimai rəydə demokratik çevrənin namizədləri kimi Müsavat başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kərimlinin adlarının önə çıxması reallığı vardır. Lakin eyni zamanda üçüncü namizəd ideyası görməzlikdən gəlinə bilməz.

6. İP hazırkı mərhələdə seçkilərdə namizəd kimi iştirak barədə bəyanları və qərarları təbii hesab edir və bu cür hərəkətləri İP-in mövqelərinə zidd saymır. Bu tipli bəyan və qərarlara hörmətlə yanaşaraq İP indiki mərhələdə bunların “namizədliyə namizədlik” haqqında bəyan və qərarlar  kimi qəbul olunmasını məqbul sayır. İP seçkiyə qədərki ağlabatan ən son müddətə qədər  bu məsələləri digər demokratik qüvvələr və ilk növbədə Ziyalılar Forumu ilə birlikdə dəyərləndirməkdə davam edəcəkdir.    
      
Yuxarıdakıları qeyd edərək İctimai Palata hazırkı dövrdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi, demokratik seçki mühitinin formalaşdırılması və bu məqsədə nail olmaq üçün ölkənin demokratik qüvvələrinin ən geniş çevrəsinin birliyinə nail olmağı ən mühüm prioritet kimi qəbul etdiyini, İP-nın seçki straregiyası və seçki platforması üzərində aparılan  işin  başa çatdırılmasını zəruri  saydığını  bəyan edir.
İP ictimaiyyəti  2013-cü il prezident seçkilərilə bağlı mövqe və qərarları  barədə müntəzəm olaraq məlumatlandırmaqda davam edəcəkdir.

İctimai Palatanın təzyiqlərlə bağlı bəyanatı:

Ictimai Palata quruma və onun liderlərinə qarşı təzyiqlərlə bağlı bəyanat yayıb. Sənəddə son günlər iqtidarın bu təzyiqlərinin yeni vüsət aldığı deyilir. Qurumun regional təşkilatlarının üzvlərinə təzyiqlərin artdığını nəzərə çatdırırlar.
Buna nümunə olaraq IP-nin Göygöl regional təşkilatının təşəbbüs qrupunun üzvü, Müsavat Partiyası Göygöl rayon təşkilatının sədri Sabutay Quluzadəyə qarşı təzyiqləri qeyd edilir.
S.Quluzadə sentyabrın 4-də Göygöl şəhər polis şöbəsinə çağırılıb, Göygöl rayon polis şöbəsinin rəisi Şirzad Əsgərov onu təhqir və təzyiqlərə məruz qoyub. S.Quluzadə sentyabrın 2-də də Göygöl rayon polis şöbəsinə çağırılıb. Anası Nazilə Allahverdiyevaya məxsus torpaq sahəsindən kanal çəkilməsi üçün imkan yaratması xahiş edilib. S.Quluzadə özü həmin ərazidə kanal çəkib.
Sentyabrın 4-də yenidən polisə çağırılan S.Quluzadəÿpolis rəisinin təzyiq və təhqirlərilə üzləşib. Polis rəisi ondan Müsavat Partiyasından çıxmasını, YAP-a üzv olmasını tələb edib. Polis rəisi rəhbəri olduğu rayonda ancaq YAP-ın fəaliyyət göstərə biləcəyi barədə siyasi bəyanat səsləndirib. S.Quluzadə siyasi əqidəsinə sadiq qalacağını dedikdə, S.Əsgərov təşkilat sədrinə fiziki zorakılıq göstərib. Polis rəisi lazım gəlsə Müsavat Partiyası başqanı Isa Qəmbəri və arxasınca gedən adamları da güllələyə biləcəyini nəzərə çatdırıb. S.Quluzadəni həbs etdirəcəyilə hədələyib.
Polis əməkdaşları S.Quluzadənin polisdə saxlanması haqda heç bir sənəd tərtib etməyiblər.
IP S.Quluzadəyə qarşı polis rəisinin təzyiqini, siyasi məsələlərə qanunsuz müdaxiləsini pisləyir, buna son qoyulmasını tələb edir.