Şirinbacı Rzayeva: “Bu partiya xalqa heç nə verməyib və vermir, odur ki, bu partiyanın sıralarını tərk edin”
Məhbus Ilqar Rzayevin Hüquqlarını Müdafiə Komitəsi çərşənbə axşamı RATI-də mətbuat konfransı keçirib.
Komitə sədri Cəmil Hacıyev Ilqar Rzayevin həbsini, ona qarşı narkotik ittihamını əsassız, qərəzli və hakimiyyətin sifarişi adlandırıb. Həbsin əsas səbəbi kimi Bakıdakı Mirzağa Əliyev küçəsində evlərinin bu ilin martında dağıdılmasına qarşı çıxmasını, vətəndaş mövqeyi nümayiş etdirməsi göstərilib. I.Rzayevin anası Şirinbacı Rzayevanın Ictimai Palatanın 22 aprel mitinqində hakimiyyətin ünvanına kəskin çıxışı da I.Rzayevin həbsinə olan səbəblər sırasında göstərilib. I.Rzayev evlərinin sökülməsilə bağlı I.Rzayevin “Vaşinqton Post” qəzetinə kəskin açıqlaması da həbs məsələsində əsaslardan biri olub. “Bütün bu faktlar göstərir ki, I.Rzayev hər-hansı cinayətə görə yox, fəal vətəndaş mövqeyi nümayiş etdirdiyinə görə həbsə alınıb”, – deyə C.Hacıyev qeyd edib.
Hüquq müdafiəçisi Rəsul Cəfərov I.Rzayevin “Eurovision” müsabiqəsi ərəfəsində həbsə alınmasını əsas gətirərək, onu “Eurovision məhbusu” adlandırıb. I.Rzyevin həbsilə bağlı sənədlərin yaxın günlərdə tərəfdaşı olduqları beynəlxalq qurumlara göndəriləcəyini bildirib.
I.Rzayevin anası Ş.Rzayeva mülkiyyət hüquqlarını qoruduğuna görə oğlunun həbsə alındığını, özünün işdən azad edildiyini, evləri dağıdılsa da, kompensasiyanın verilmədiyini deyib. Ş.Rzayeva ailə üzvlərindən heç kimin işləmədiyini deyərək, hakimiyyəti bu ailəni məhvə düçar etməkdə ittiham edib. “Mən YAP sıralarındakı insanlara müraciət edirəm, bu partiya xalqa heç nə verməyib və vermir, odur ki, bu partiyanın sıralarını tərk edin”, – deyə siyasi bəyanat səsləndirib.
Müdafiə komitəsi I.Rzayevin müdafiəsini gücləndirmək üçün ölkədəki diplomatik korpus nümayəndələrilə görüşlər keçirməyi, onun vicdan məhbusu statusu ala bilməsi üçün beynəlxalq qurumlarla işi gücləndirməyi nəzərdə tutur. I.Rzayevin mülkiyyəti dağılsa da, kompensasiya verilmədiyi üçün komitə Avropa Məhkəməsinə şikayət etməyi nəzərdə tutur.
I.Rzayev 2012-ci ilin martında evlərinin sökülməsinə qarşı çıxıb, ictimai həyatda fəallıq göstərib, anası Ş.Rzayeva IP-nin 22 aprel mitinqində iqtidarın əleyhinə çıxıb, buna cavab olaraq I.Rzayev mayın 11-də saxlanılıb, məhkəmə I.Rzayevə 2 il həbs cəzası çıxarıb.