Aİ Azərbaycanda media azadlığının vəziyyətindən narahatdır

Avropa İttifaqının xarici əlaqələr üzrə ali komissarı Ketrin Eşton Azərbaycanda insan hüquqların vəziyyəti ilə bağlı Avropa Parlamentinin bir qrup deputatının müraciətini cavablandırıb. Bu barədə “Turan”a “Talşi Sado” qəzetinin redaktoru Hilal Məmmədovun hüquqlarını ictimai Müdafiə Komitəsindən bildirilib.  

K.Eştonun cavab məktubunda 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsindən sonra Azərbaycanda insan hüquqlarının, xüsusən ifadə hüququna hörmət edilməsinin Aİ, Avropa Şurası, ATƏT və BMT qarşısında götürülən öhdəliklərə uyğun olmamasından narahatlıq bildirilib. Məktubda 2011-ci ilin aprelində keçirilən dinc nümayiş zamanı həbs edilənlərin buraxılması pozitiv qiymətləndirilsə də, Mehman Hüseynovun və Hilal Məmmədovun işləri də daxil olmaqla media azadlıqların məhdudlaşdırılması və pozulması istiqamətində hərəkətlər düzgün hesab edilmir.

K. Eşton daha sonra yazır: “Aİ dəfələrlə ən yüksək səviyyədə insan hüquqlarının, o cümlədən bütün istiqamətlər üzrə ifadə hüququnun prioritetliyinə istinad edib və bundan sonra da edəcək. Məhz bu mənim, Aİ-nin prezidenti Van Romlinin və komissar Fülenin Azərbaycana son ildə edilən səfərlər üçün əsas səbəb olub.

Ölkədə insan hüquqlarının ümumi vəziyyəti və bu sahədə fərdi məsələlər Aİ və Azərbaycan arasında Əməkdaşlıq üzrə Komitə və Şura, habelə İnsan Hüquqları üzrə alt komitə kimi mövcud siyasi dialoqlar çərçivəsində daima qaldırılır. Bu qruplar cari ilin son rübündə də bir  görüşlər planlaşdırıb”.

Bundan əlavə, məktubda qeyd edilir ki, Aİ özünün Bakıdakı nümayəndəliyi vasitəsilə də göstərilən məsələlər üzrə monitorinqi davam etdirəcək və vətəndaş cəmiyyətinin nümayəndələri ilə mütəmadi müzakirələr aparacaq.