PKK-çılar Türkiyədə millət vəkilini oğurlayıb

Terrorçular Hakkaridə isə 11 sürücünü qaçırıblar

Türkiyənin ana müxalifət partiyası CHP-dən (Cümhuriyyət Xalq Partiyası) olan millət vəkili Hüseyn Aygün PKK terrorçuları tərəfindən qaçırılıb.
Hadisə deputat Tuncelinin Ovacık rayonundan çıxdığı zaman baş verib. Onunla birlikdə köməkçisi və “Axşam” qəzetinin müxbiri də olub. Lakin millət vəkilini girov götürən terrorçular köməkçisini və müxbiri sərbəst buraxıblar.
Hüseyn Aygünün üzvü olduğu CHP bəyanat yayaraq deputatın dərhal azadlığa buraxılmasını tələb edib. Partiyanın Dənizlidən millət vəkili Ilhan Cihanər hadisədən qısa müddət sonra Ankaradan Elazığa, oradan da Tunceliyə gəldiklərini qeyd deyərək, deputatın qaçırılmasının qəbul edilməyəcək hadisə olduğunu bildirib. Digər müxalifət partiyası MHP (Milliyyətçi Hərəkat Partiyası) başqanı Dövlət Baxçalı da olayın qəbuledilməz olduğunu və kürd silahlılarının həddi aşdıqlarını söyləyib. PKK-nın siyasi qolu kimi tanınan BDP (Barış və Demokrat Partiyası) də Hüseyn Aygünün terrorçular tərəfindən qaçırılmasına sərt etiraz bildirib. BDP-dən yayılan açıqlamada deputatın dərhal azad edilməsi tələb olunub.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Hüseyn Aygünün üzv olduğu partiyanın rəhbəri Kamal Kılıçdaroğluna zəng edərək, müxalif partiya ilə həmrəy olduğunu bildirib. Hökumət başçısı deputatın azad olunması üçün rəsmi dairələrin bütün qüvvələrinin səfərbər edildiyini vurğulayıb.
PKK terrorçuları Hakkari vilayətinin Yüksekova kəndində hava limanı tikintisində istifadə olunan 11 avtomobil və 1 iş aparatını yandırıb. Silahlılar 11 avtomobili yandırdıqdan sonra həmin maşınların 11 sürücüsünü də qaçırıblar. Olay Yüksekova kəndinin mərkəzindən 20 km. aralıda yerləşən Köprücük ilə Kadıköy arasında yerləşən inşaat bölgəsində baş verib.

İnformasiya şöbəsi