14avqust-manseti

“Narkotik əməliyyat”ı ilə bağlı şok faktlar

14avqust-mansetiMəcburi köçkün hüquq-mühafizə orqanlarındakı bazarlığından danışdı

Şuşa rayonu Xəlifəli kəndində qeydiyyatda olan, məcburi köçkün Nisbət Fərhadova dünən RATI-də mətbuat konfransı keçirib. Məcburi köçkün mətbuat konfransında Irandan gətirilən 100 kiloqram narkotik maddənin satışı, bununla bağlı həbslər, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarına verdiyi rüşvət müqabilində cinayətin ört-basdır edilməsi, sonda barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dədləduzluq) maddəsi ilə barəsində cinayət işinin başlanmasından danışıb.
Nisbət Fərhadova bildirib ki, Baş Prokurorluğun mətbuat xidmətinin iyulun 31-də yaydığı məlumat həqiqəti əks etdirmir: “Mətbuat xidmətinin məlumatında yazılıb ki, Oqtay Novruzov tanışı Nisbət Fərhadova ilə qabaqcadan əlbir olaraq, Şadoğlan Baxşıyevdən oğlu Manaf Baxşıyev barəsində Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsində istintaqı aparılan cinayət işinin müsbət həll olunacağı və məhkəmədə cəzanın yüngülləşdiriləcəyi adı ilə 2011-ci ilin avqustunda 60 min 100 manat pulunu ələ keçirib”.
Nisbət Fərhadova Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsini vəzifəli şəxslərlə qanunsuz əlaqəyə girərək korrupsiya faktlarını gizlətməkdə ittiham edib. O bildirib ki, vəzifəli şəxslərin rüşvət alması barədə bu idarəni məlumatlandırıb: “Burada söhbət Irandan gətirilən 100 kiloqram narkotik vasitənin satışından gedir. Narkotik vasitənin Irandan gətirilməsinin başında Şahbaz adlı şəxs durub. Narkotikin 30 kiloqramını Etibar, 10 kiloqramını Şadoğlan Baxşıyev, 30 kiloqramını onun oğlu Manaf Baxşıyev, 15 kiloqramını Şadoğlanın kürəkəni və digər 15 kiloqramını adını bilmədiyim iki şəxs satıb”.
Narkotik satışı ilə bağlı həbslərdən sonra Şadoğlan Baxşıyev hərbçi Oqtay Novruzov vasitəsilə “bibi” adlandırdıqları Nisbət Fərhadova ilə işin yüngülləşdirilməsi üçün hüquq-mühafizə orqanlarındakı tanışları ilə əlaqə qurması üçün fəaliyyətə başlayıb. Nisbət Fərhadova Bakı Şəhər prokurorluğunda dövlət ittihamlarını müdafiə edən prokuror Şahin Ismayılov və DIN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsinin cinayət işinin istintaqını aparan müstəntiqi Hacı Əfəndiyev, Astara rayon Polis Şöbəsinin rəis müavini Arzu və həmin şöbənin müstəntiqi Elman adlı şəxslərlə görüşüb.
O, Şahin Ismayılova, Hacı Əfəndiyevə, Elmana müxtəlif vaxtlarda verdiyi 64 min manat rüşvət müqabilində Şadoğlan Baxşıyevin kürəkəninin Milli Təhlükəsizlik Nazirliyinin icraatında olan cinayət işi ilə DIN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsindəki cinayət işinin eyni icraatda birləşməsinin qarşısını alıb, qaçaqmalçılıq üzrə ittihamın irəli sürülməməsinə nail olub, 10 kiloqram narkotiki ögey qardaşına satmış Şadoğlan Baxşıyevin həbsinin qarşısını alıb. Həmçinin Şadoğlan Baxşıyev həbsdə olan oğlu ilə görüşdürülüb və oğlu narkotiki gizlədiyi yeri ona deyib. Sonradan Şadoğlan həmin narkotiki satıb. Nisbət Fərhadovanın sözlərinə görə, hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşları ilə əməlli-başlı bazarlıq edib: “Bütün bu faktlarla bağlı Korrupsiyaya qarşı Mübarizə Idarəsinin araşdırma aparılmalıdır”.
Şikayətçi həmçinin 30 kiloqram narkotik satarkən tutulan Etibar adlı şəxsin də 240 min manat rüşvət müqabilində Cinayət Məcəlləsinin 234.1 maddəsi (qanunsuz olaraq narkotik vasitəni satma) 1,5 il həbsə məhkum edildiyini deyib: “O, bütün evlərini, torpaq sahələrini, fermalarını sataraq bu pulu verib”.
Nisbət Fərhadova Bakı Şəhər prokurorluğunda dövlət ittihamlarını müdafiə edən prokuror Şahin Ismayılovun vəfatından sonra problemlərlə üzləşdiyini söyləyir: “Məhkəmədə işi həll etmək üçün Şahin Ismayılova 20 min manat verdim. O qəflətən dünyasını dəyişdi və verdiyimiz pul batdı. Bu barədə Şahbaza xəbər verdim. Onlar Bakı şəhərinə gələrək məndən 20 min manat pulu, eləcə də vəkillərin heç bir şey etmədiyini bildirərək ibtidai istintaqda və məhkəmədə tutulmuş 3 vəkilə verilmiş 2000 manat pulu tələb etdilər. 1900 manat pul verdim və dedim ki, qalan pulları hissə-hissə qaytararam. Onlar bir neçə şəxsin yanında məndən 20 min manat pul tələb etdikləri halda, sonradan 60 min 100 manat istədilər. Şahbaza məxsus olan və Manafa Cinayət Məcəlləsinin 206.3-cü maddəsi ilə təqsirləndirmə verilməməsi üçün verilmiş 20 min manat rüşvəti, Şahbaz və Şadoğlanın Astarada Cinayət Məcəlləsinin 234.4-cü maddəsi ilə başlanmış cinayət işində məsuliyyətdən kənarda qalmaları üçün rüşvət kimi verilmiş 24 min manat pulu və Manafın hüquqlarının müdafiəsi məqsədi ilə tutulmuş 3 vəkilə verilmiş 2000 manat məbləğində pulu məndən tələb edirlər. Təkcə 20 min manat məbləğində pul Şahin Ismayılova verdiyim üçün özümü günahkar bilirəm.
Indi bunlar onlar üçün gördüyüm işləri, yəni verdiyim pulları məndən tələb edirlər. Mən yalnız onlara 20 min manatı verə bilərəm. Baxışovların heç bir manatını da mənsiməmişəm”.

Ramin DEKO