eldar-ezizov

İcra başçısı “Univermaq Zaman”ın obyektini bağladı

Eldar Əzizov “Cavid” Ticarət Mərkəzinin birinci qatındakı mağazaları plomblatdırıb

Sumqayıtın icra başçısi Eldar Əzizovun göstərişilə “Cavid” Ticarət Mərkəzinin birinci qatındakı, qapıları  “Nizami parkı”na açılan mağazalar qapadılıb. Bu barədə “Azadlıq”a həmin mağazaların icarədarları məlumat verib.
Onların sözlərinə görə, dünən Sumqayıt şəhər Icra Hakimiyyətinin əməkdaşları polislərlə birgə əraziyə gələrək mağazaların qapılarını plomblayıblar. “Bunu belə əsaslandırdılar ki, qapılar parka açılır və siz qapıların üstündən mal asırsız. Bu isə kənardan çox pis görünür”,- deyə icarədarlar bildirib.
“Cavid” Ticarət Mərkəzi Sumqayıtda “Univermaq Zaman” kimi tanınan sahibkar Zaman Isgəndərova məxsusdur. Eldar Əzizov Sumqayıta icra başçısi təyin edilərkən ilk işi elə bu obyektlə bağlı olmuşdu. Icra başçısı vaxtilə ticarət mərkəzinin yerində avtomobil dayanacağı olduğunu qeyd edərək onun bərpa olunmasını gündəmə gətirmişdi. Bunun üçün isə  ticarət mərkəzi sökülməlidir. Zaman Isgəndərovun dərhal icra başçısının təklifilə razılaşması təbii ki, mümkün ola bilməzdi. Görünür, Eldar Əzizov məhz bu səbəbdən dayanacaq layihəsini reallaşdırmaq üçün Zaman Isgəndərova müxtəlif formada təzyiq göstərməyi qərarlaşdırıb.

Hikmət