AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli bu gün səhər tezdən aclıq aksiyasına başlayıb. Bu barədə T.Mirələmlinin özündən məlumat aldıq. AXCP fəalının bu addımı atmasına səbəb isə onun həbsxanadakı oğlu Vasif Mirələmlinin artıq 3-cü gündür ki, quru aclıq aksiyası elan etməsidir. V. Mirələmlinin aclıq etməsinin səbəbi isə Şirvan Apelyasiya məhkəməsinin qərəzli qərarıdır. T. Mirələmlinin sözlərinə görə, onun oğlu hələ məhkəmə zalında elan etmişdi ki, əgər qərar qərəzli olarsa və ədalət prinsipləri növbəti dəfə tapdanarsa, o aclıq edəcək. AXCP fəalı vurğulayır ki, iyulun 6-da apellyasiya məhkəməsi heç bir araşdırma aparmayaraq, onların vəsatətlərini müzakirəsiz rədd etməsi oğlunun səbr kasasını daşdırıb: «Bundan başqa Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəhbərliyi, eləcə də 3 saylı istintaq təcridxanasının və Azyaşlılar üçün tərbiyə müəsisəsinin rəhbərliyi Vasifə qarşı etdikləri zorakılıq əməllərini izah etməlidirlər. Vasif təcridxanaya dərhal və əlində qandal gətirilib Bu isə azyaşlıya qarşı bir psixoloji təzyiqdir. Halbuki qanuna görə ən azı 1 həftə müddətdən sonra o bura köçürülə bilərdi. Mən artıq aclığa başlamağım barədə təcridxana rəhbərliyinə məlumat vermişəm. Amma onlar oğlumla görüşməyi təşkil etmək əvəzinə bildirirlər ki, görüşə hələ on dörd gün icazə verilməyəcək. Bu da təzyiq vasitəsidir.
Vasifi bəzi şeylərə məcbur edirlər. Oğlumu dünən rəisin yanında kənardan mənə göstərdilər. Bircə bunu dedi ki, mən onların dediklərini etməyəcəm. Oğlumu nəyəsə məcbur edirlər. Vasif də aclıq edir. Dünən səhhəti yaxşı deyildi. Deyirlər ki, həkim nəzarətindədir”.
Onu da qeyd edək ki, T.Mirələmli aclığa başladığımı elan etdikdən sonra əraziəyə əlavə polis qüvvələri və sahə rəisi çağrılıb. Onlar hələ ki, AXCP yetkilisinin hərəkətlərini, kimlərlə əlaqə saxladığını izləməklə məşğuldurlar.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsindən AzadlıqRadiosuna dedilər ki, Vasif Mirələmli aclıq etmir: “Çünki o, aclığa başlaması haqda müəssisə rəisinə yazılı müraciət etməliydi. Amma ortada belə müraciət yoxdur».
İnformasiya şöbəsi