Sara bint Təlal “Hizbullah”la əlaqədə günahlandırıdığını açıqladı
Ərəb və dünya mediasında “Barbi şahzadə” kimi təqdim olunan Səudiyyə Ərəbistanının şahzadəsi Sara bint Təlal təhlükəsizliyindən narahatlıq keçirdiyini əsas gətirərək İngiltərədən sığınacaq tələb edib. 2007-ci ildən bəri Böyük Britaniyanın paytaxtı Londonda yaşayan 38 yaşlı şahzadə Səudiyyə rəsmilərinin onu qaçıraraq Ər-Riyada aparmaq istədiklərini bildirib.
Sara bint Təlalın vəkilləri Səudiyyə hökumətinin şahzadənin pasportunun vaxtını uzatmamasından sonra İngiltərə Daxili İşlər Nazirliyinə sığınma tələbiylə müraciət edib. “Qızıl şahzadə” kimi tanınan şahzadə Təlal bin Əbdüləzizin qızı olan Sara fiziki və mənəvi zorakılıqlara məruz qaldığını, bütün varidatının əlindən alındığını söyləyib. O, İrana meylli olmaqda və “Hizbullah” terror təşkilatı ilə əlaqədə ittiham olunduğunu bildirib. Atasıyla münasibətlərinin də pozulduğunu deyən şahzadə Sara qorxduğu üçün Səudiyyə Ərəbistanına dönə bilməyəcəyini deyib.
Əlavə edək ki, şahzadənin kral ailəsi ilə münasibətlərinin pozulması səbəbi kimi ölən anasından qalan 325 milyon funt-sterlinqlik miras olduğu deyilir. Sara və qardaşı şahzadə Turki bin Talalın bu miras üzündən düşmənə çevrildiyinə dair iddialar dolaşır. Bu həm də kral ailəsi daxilində çəkişmələrin sübutu kimi xarakterizə olunur.