Elmar Məmmədyarov ATƏT-in baş katibinə necə cavab verdi?
«Gəlib Azərbaycana gah təmas xəttindən snayperlərin çıxarılmasını, gah da hansısa mexanizmlər təklif etmək gülməli görünür. Problem mexanizmlərdə yox, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş torpaqlarında olmasındadır. Əgər o qoşunlar oradan çıxsa, həm insident, həm də mexanizm problemləri həll olunacaq. Bu Azərbaycanın mövqeyidir və biz onun üzərində dayanacağıq».
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 9-da ATƏT-in baş katibi Lamberto Zannierlə birgə keçirdiyi mətbuat konfransında deyib (“Azadlıq” radiosu).
Lamberto Zannier konfransda bildirib ki, təmas xəttində və sərhəddə insidentlərin baş verməsi narahatlıq doğurur: «Biz ATƏT-in monitorinq rolunun gücləndirilməsini təklif edirik. Bu baxımdan snayperlərin təmas xəttindən çıxarılmasını, eləcə də bir neçə etimadın artırılması tədbirlərini təklif etmişik. Prezidentlərin görüşündə bu təkliflər razılaşdırılıb və onların icrasına başlanılmalıdır. Eləcə də təmas xəttində insidentlərin araşdırılması mexanizmi işə salınmalıdır».
Zannier deyib ki, buna görə də bir tərəfdən atəşkəsi gücləndirməyə, digər tərəfdən danışıqların uğurla başa çatmasına çalışmaq lazımdır.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün danışıqlar yolu ilə tapılacaq həllə heç bir alternativ ola bilməz. Ona görə də danışıqlar prosesinin davam etməsi vacibdir: «Hesab edirəm ki, bu prosesə nə qədər çox beynəlxalq qurum cəlb olunsa, səylər də o qədər artacaq və proses daha da sürətlənəcək».