Nazir “Azbentonit”ə gedərək rəhbərliyi həbslə hədələyib
Nəqliyyat naziri Ziya Məmmədov iyulun 6-da sahibi olduğu “Azbentonit” zavoduna baş çəkib. Nazirin zavoda getməsi “Azadlıq”da “Azbentonit”in işçisi olmuş İftixar Ağayevlə bağlı qalmaqal barədə yazının dərc edildiyi günə təsadüf edib. Həmin yazıda bildirilirdi ki, Ziya Məmmədov Iftixar Ağayevin onu ifşa etməsindən bərk təşvişə düşüb.
Nazir ölkə başçısı Ilham Əliyevin xanımı, deputat Mehriban Əliyevanı aldatmasının üzə çıxmasının ona baha başa gələcəyindən narahat olub. Ona görə də məsuliyyəti üzərindən atmaq üçün hətta “Azbentonit” rəhbərliyinin həbs edilməsinə belə razıdır. Yazdıqlarımız təsdiqimiz tapıb. Dünən əldə etdiyimiz məlumatlara görə, Ziya Məmmədov “Azbentonit” rəhbərliyinə bildirib ki, Iftixar Ağayevlə bağlı hadisəyə görə onun nüfuzuna xələl gəlib. Qısa müddətdə “Azbentonit” rəhbərliyi bu problemi həll etməlidir. Əks-təqdirdə həbs olunacaqlar.
Iftixar Ağayevin hüquqlarının müdafiəçisi Ələkbər Məmmədov da “Azadlıq”a deyib ki, Ziya Məmmədovun “Azbentonit”ə gəlməsi və zavod rəhbərliyini hədələməsi barədə onlarda məlumat var: “Zavoddan bizi bu barədə məlumatlandırıblar. Həmçinin deyiblər ki, artıq ”Azbentonit”in rəhbərliyi problemi həll etmək üçün Iftixar Ağayevlə görüşmək istəyir. Lakin biz hesab edirik ki, zavod rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır. Çünki onlar Iftixar Ağayevin əmək hüquqlarını pozmaqla yanaşı, onun bir ay başqa bir evdə gizlətməklə faktiki olaraq adam oğurluğu cinayəti törədiblər”.
Xatırladaq ki, Iftixar Ağayev 2007-ci ildə “Azəbentonit”də istehsalat xəsarəti alıb, dörd barmağını itirib. Lakin “Azbentonit”in rəhbərliyi bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verməyiblər. Iftixar Ağayevi də bir ay başqa bir evdə girov saxlayaraq baş verənlər barədə danışmasının qarşısını alıblar. zavodunun təsisçisi Aydın Məmmədov və icraçı direktor Yasin Xəlilov ona hədə-qorxu gələrək şikayət edəcəyi təqdirdə anası ilə haqq-hesab çəkəcəklərini bildiriblər. Həmçinin Iftixar Ağayev müxtəlif bəhanələrlə işdən çıxarılıb.
Iftixar Ağayev girovluqdan yaxa qurtardıqdan sonra baş verənlər barədə zavodun qeyri-rəsmi sahibi Ziya Məmmədova və ombudsman Elmira Süleymanova müraciət edib. Bu müraciətlərin nəticə vermədiyini görən Iftixar Ağayev Mehriban Əliyevaya teleqram vurub. Ölkə başçısının xanımı Ziya Məmmədov və Elmira Süleymanovanın iştirakı ilə onu qəbul edib. Görüşdə Mehriban Əliyeva nazirdən Iftixar Ağayevi işə bərpa etməyi tələb edib. Eyni zamanda Ziya Məmmədova deyib ki, Iftixar Ağayevə qarşı hər hansı bir qeyri-qanuni hərəkətə yol verilərsə, o, məsuliyyət daşıyacaq. Bundan sonra Iftixar Ağayev işə bərpa olunub. Lakin az keçməmiş işdən çıxarılıb. Və bu günlərdə mətbuat konfransı keçirərək Ziya Məmmədovu ifşa edib.
Hikmət