Böyük ədəbiyyatşünas və elm xadimi Həmid Araslı
Azərbaycan elminin inkişafında mühüm xidmətlər göstərmiş böyük şəxsiyyətlərdən biri də şərqşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki Həmid Araslı olub. Həmid Məmmədtağı oğlu Araslı 23 fevral 1909-cu ildə Gəncədə anadan olmuşdur. Ilk təhsilini mollaxanada alan Həmid Araslı sonra Gəncədə gimnaziyanı bitirmişdir. Atası Hacı Məhəmmədtağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən olmuşdur. H.Araslı iki yaşına çatmamış atası vəfat etmişdir. Anası Dürrübəyim xanım savadlı qadın olmuş, oğlunda xalq yaradıcılığına dərin maraq aşılaya bilmişdi.
H.Araslı 1915-ci ildə Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə təhsil almağa başlayır. Çox keçmir ki, o, anasını da itirir və qohumlarının himayəsində yaşamalı olur. 1922-1926-cı illərdə Gəncə Darülmüəllimi seminariyasında təhsilini davam etdirir. 1926-cı ildə seminariyanı bitirib Nəbiağalı kənd məktəbində əvvəlcə müəllim, sonra isə direktor vəzifəsində işləyir. H.Araslı bu illərdə folklor nümunələrini toplamaqla məşğul olur, tələbələrini də bu işə cəlb edir. 1929-cu ildə Bakıda Dövlət Pedaqoji Institutunun dil və ədəbiyyat fakültəsinə daxil olan H.Araslı institutu vaxtından əvvəl bitirib 1931-ci ildə Gəncəyə qayıdır. O, burada maarif şöbəsində müdir müavini vəzifəsinə təyin olunur. H.Araslı 1932-ci ildə Bakıya aspiranturada təhsil almaqla yanaşı, keçmiş SSRI EA-nın Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın şərq şöbəsində müdir işləyir. Həmin illərdə Şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaratmaq kimi mühüm bir işə başlayır və tezliklə yaratdığı fondun direktoru olur.
Həmid Araslı 1935-ci ildən elmi yaradıcılığa başlayır və bir il sonra Azərbaycan Yazıçılar Ittifaqına üzv qəbul edilir.
1938-ci ildə Əlyazmalar Fondunda saxlanılan əlyazmalar içərisində sovet ideologiyasına uyğun olmayan nümunələr aşkar edib onu işdən azad edirlər. O, “Azərnəşr”in Bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsinə qəbul olunur, eyni zamanda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində orta əsrlər Azərbaycan ədəbiyyatı tarixindən dərs deməyə başlayır. Həmid Araslı 1939-cu ildə Nizami adına Azərbaycan Ədəbiyyatı və Dili Institutunda orta əsrlər ədəbiyyatı, 1957-ci ildə isə mətnşünaslıq şöbələrinə rəhbərlik edib.
1943-cü ildə “XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi adını, 1954-cü ildə “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bir il sonra ona professor adı verilir. H.Araslı 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilir. 1968-ci ildə Özbəkistanın, 1979-cu ildə Azərbaycanın əməkdar elm xadimi adına layiq görülüb.
“Kitabi-Dədə Qorqud”a görə təzyiq
H.Araslı XX əsr Azərbaycanının elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə olan şəxsiyyətlərdən biri idi. Şərq xalqlarının ədəbi-bədii fikir tarixinə, qədim türk, fars, ərəb dillərinə yaxşı bələd olan alim tədqiqatlarında olduğu kimi, dərsliklərində də klassik şeirimizin incəliklərinin elmi-nəzəri şərhinə xüsusi diqqət yetirmiş, nəsilləri milli türkçülük ruhunda tərbiyələndirmək, soykökümüzlə bağlı məsələləri doğru-düzgün şərh etmək üçün əlindən gələni əsirgəməmişdir.
Alimin yaradıcılığının mühüm bir dövrü repressiyanın baş alıb getdiyi ağır illərə təsadüf edir. Dəfələrlə haqsız tənqidlərə, xüsusilə də “Kitabi-Dədə Qorqud”un nəşri ilə bağlı təzyiq və hücumlara məruz qalır. “Dədə Qorqud” eposu ilə yanaşı, Xaqani, Xətai, Hadi, Səməd Vurğun yaradıcılıqlarının yanlış mövqedən qiymətləndirildiyi zamanlarda da öz mövqeyini dəyişmədi.
Həmid Araslının ədəbiyyat tariximizin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində də müstəsna xidmətləri olmuşdur. 1943-44-cü illərdə nəşr olunmuş iki cildliyin – “Müxtəsər Azərbaycan ədəbiyyatı” tarixinin ilk cildində ədəbiyyatımızın ən qədim dövrlərindən başlayaraq XVII əsrə qədərki inkişaf mərhələlərinin ədəbi-mədəni mənzərəsini vermiş, o əsrlərdə yaşayan sənətkarlarımızın dolğun portretlərini yaratmışdır.
Onun ədəbiyyat tariximizlə bağlı mühüm xidmətlərindən biri də 1960-cı ildə nəşr olunan üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi”dir.
H.Araslının klassik irsin öyrənilməsi ilə bağlı fəaliyyətinin mühüm bir hissəsi Nizami və Füzuli yaradıcılığının tədqiqi istiqamətində olmuşdur. SSRI və dünya ədəbiyyatşünaslığında yanlış konsepsiyaların geniş yayıldığı bir zamanda Nizami sənətinin milli ruhuna xüsusi həssaslıqla yanaşmış, “Şairin həyatı”, “Nizami Gəncəvi əsərləri” və ayrı-ayrı tədqiqatlarında şairin öz irsinə əsaslanaraq onun türkcə düşünüb farsca yazdığını elmi dəlillərlə sübut etmişdir. Alim Nizami sənətinin XII əsr Azərbaycanında təsadüfi hadisə olmadığını, şairi ictimai-mədəni yüksəlişlə səciyyələnən əlamətdar bir dövr, mərhələnin yetirdiyini söyləyir. H.Araslı Nizaminin Qumdan olması haqqındakı əfsanəni alt-üst etmişdir. O, Məhəmməd Füzulinin də ardıcıl tədqiqatçısı və Azərbaycandan uzaqlarda tanınan naşiri olmuşdur. Şairin həyat və yaradıcılığının müxtəlif problemlərinə həsr etdiyi 20-dən artıq məqaləsi və çoxillik araşdırmalarının yekunu – rus və Azərbaycan dillərində nəşr edilən “Böyük Azərbaycan şairi Füzuli” monoqrafiyası var.
H.Araslı nəşr etdirdiyi beş cildlik füzulişünaslığın inkişafında mühüm əhəmiyyət daşımışdır, dünya füzulişünas alimlərinin bu gün də müraciət etdikləri mötəbər mənbədir. H.Araslı Nəsiminin də ilk araşdırıcılarından sayılır, “Fədakar şair” oçerki, elmi məqalələr və Nəsimi əsərlərinin nəşrlərinə müqəddimələr yazmışdır. Nəsiminin 600 illik yubileyi ərəfəsində nəşr olunan -“Imadəddin Nəsimi” kitabçasında şairin həyatının bəzi qaranlıq məqamlarına aydınlıq gətirmiş, Nəsimi şeirinin dil və poetik ifadə gözəlliklərindən söz açmışdır.
Yorulmaz tədqiqatçı alim
H.Araslının mətnşünaslıq sahəsindəki fəaliyyəti mətnşünaslıq elmimizdə ayrıca bir mərhələ təşkil edir. Alim müxtəlif illərdə Məhsəti, Nəsimi, Xətai, Füzuli, Saib, Qövsi, Vidadi, Vaqif və başqa görkəmli şairlərin əsərlərini dəfələrlə nəşr etdirmişdir. Bu sahədəki axtarışları, klassik irslə yaxından tanışlığı, əlyazmalarla işləmək səriştəsi sayəsində mətnlər üzərində təshihlər aparır, sözlük və şərhlərə yenidən nəzər salır. Bunun nəticəsidir ki, tərtib etdiyi mətnləri tədqiqatçılar daha mötəbər sayır. H.Araslı 1939-cu ildə “Kitabi-Dədə Qorqud”u nəşr etdirməklə ədəbiyyatımıza, mədəniyyətimizə, eləcə də bütün türkologiya elminə böyük xidmət göstərmişdir.
Böyük əmək sərf etdiyi bu abidə ilə bağlı axtarışlarını sonralar da davam etdirərək 1962 və 1978-ci illər nəşrlərində bəzi təshihlərlə daha da təkmilləşdirmişdir.
H.Araslı müasir Azərbaycan folklorşünaslığını yaradan alimlərdən biri kimi də tanınır. O, şifahi xalq ədəbiyyatı və folklorumuzun tədqiqi sahəsində də böyük əmək sərf etmişdir. “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” kitabı və “Aşıq yaradıcılığı” əsərlərində Qurbani, Sarı Aşıq, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər və başqa klassik aşıqların həyat və yaradıcılığı, XVII əsrdə yaranan “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah Ismayıl” və “Koroğlu” eposu haqqında orijinal elmi mülahizələr söyləmişdir.
Alim digər Şərq xalqlarının ədəbi irsinə də geniş maraq göstərmiş, Azərbaycan ədəbiyyatı və klassiklərimizlə bağlı olan şərq şairləri Firdovsi, Cami, Hafiz, xüsusilə böyük özbək şairi Əlişir Nəvai irsini də tədqiq etmiş, orta əsrlər Azərbaycan ədəbiyyatının əlaqələrinə dair ilkin araşdırmaların müəllifi kimi də məşhurlaşmışdır.
H.Araslı elmi-tədqiqat işləri ilə təşkilatçılıq fəaliyyətini özündə birləşdirən elm adamlarından idi. Respublikanın mədəni-ictimai həyatında yaxından iştirak edirdi. Nizami adına Ədəbiyyat Muzeyinin yaranmasında onun böyük zəhməti olmuşdur. 1940-cı ildən öz elmi-təşkilati fəaliyyətini bu muzeylə bağlamış, əvvəlcə elmi katib, sonra elmi işlər üzrə direktor müavini, 1960-1968-ci illər isə direktor vəzifəsində çalışmışdır.
H.Araslı həyatı boyu yüksək ixtisaslı kadrların hazırlanması üçün də fədakarlıqla çalışmış, təkcə Azərbaycanda deyil, Özbəkistanda, Türkmənistanda və Tatarıstanda aspirant, dissertant və doktorantlara rəhbərlik etmiş, onlarca elmlər doktoru, 50-yə qədər elmlər namizədi yetişdirmişdir.
H.Araslı 1983-cü ildə Bakıda vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir