Ziya Məmmədovun “Azbentonit” qorxusu

Nəqliyyat naziri Mehriban Əliyevanı aldatmasının üzə çıxmasından təşvişə düşüb

Nəqliyyat naziri Ziya Məmmədov təşviş içindədir. Bu barədə “Azadlıq”a məlumat verən mənbə bildirib ki, bunun səbəbi  Kürdəmir rayonunun Mollakənd kəndinin sakini Iftixar Ağayevin nəqliyyat nazirini ifşa etməsi ilə bağlıdır. Yada salaq ki, Iftixar Ağayev 2007-ci ildə Xırdalandakı “Azbentonit” zavodunda istehsalat xəsarəti alıb, dörd barmağını itirib.
Zavodun texniki təhlükəsizlik şöbəsinin müdiri və baş mühəndis onu Topçubaşov adına xəstəxanaya aparıb və Iftixar Ağayev əməliyyat olunub. “Azbentonit”in rəhbərliyi bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verməyiblər. Iftixar Ağayevi də bir ay başqa bir evdə girov saxlayaraq baş verənlər barədə danışmasının qarşısını alıblar. Iftixar Ağayev birtəhər girovluqdan yaxa qurtarıb. Bundan sonra “Azbentonit” zavodunun təsisçisi Aydın Məmmədov və icraçı direktor Yasin Xəlilov ona hədə-qorxu gələrək şikayət edəcəyi təqdirdə anası ilə haqq-hesab çəkəcəklərini bildiriblər.
Ona birdəfəlik 700 manat verərək pensiya düzəltməyiblər. Dövlət sosial komissiyasında onu üçüncü dərəcəli əlil qrupuna daxil ediblər və buna görə hər ay 30 manat alıb. Sənədlərdə də qeyd olunub ki, Iftixar Ağayev istehsalat yox, məişət xəsarəti alıb.
Iftixar Ağayev baş verənlərlə bağlı zavodun qeyri-rəsmi sahibi Ziya Məmmədova və ombudsman Elmira Süleymanova müraciət edib. Lakin müraciətlərin nəticəsi olmayıb. Bu halda Iftixar Ağayev Ilham Əliyevin xanımı, deputat Mehriban Əliyevaya üz tutub. Mehriban Əliyeva Ziya Məmmədov və Elmira Süleymanovanın iştirakı ilə onu qəbul edib. Ölkə başçısının xanımı nəqliyyat nazirindən şikayətçini işə bərpa etməyi tələb edib. Həmçinin Ziya Məmmədova bildirib ki, Iftixar Ağayevin başına bir iş gələcəyi təqdirdə o məsuliyyət daşıyacaq. Bundan sonra Iftixar Ağayev işə bərpa olunub. Lakin az keçməmiş işdən çıxarılıb.
Iftixar Ağayev bütün bunları bu günlərdə keçirdiyi mətbuat konfransında və ayrıca olaraq məsələnin xırda detallarına qədər “Azadlıq” qəzetinə danışıb.
Məlumatlara görə, Ziya Məmmədov da məhz bundan sonra əl-ayağa düşüb. Çünki Iftixar Ağayevin açıqlamalarından bəlli olur ki, nazir Mehriban Əliyevanı aldadıb. Məlumatlarda deyilir ki, Ziya Məmmədov vəziyyətdən çıxmaq üçün hətta “Azbentonit”in rəhbərliyi barədə cinayət işi başlanılmasına çalışır. O, bununla özünün baş verənlərdə hər hansı təqsiri olmadığını sübut etmək istəyir. Ziya Məmmədov düşünür ki, əks-təqdirdə sərt cəzalandırıla bilər.
Bu arada Iftixar Ağayevin hüquqlarının müdafiəçisi Ələkbər Məmmədov “Azadlıq”a bildirib ki, “Azbentonit”in rəhbərinin hədələri səngimir: “Iftixar Ağayevə zəng edib deyiblər ki, zavodun rəhbərliyi səni axtarır. Niyə axtarırlar bəlli deyil. Güman ki, onu susdurmağa çalışırlar. Təsəvvür edin, vəziyyət o həddədir ki, Iftixar Ağayev bütün gün mənimlə bir yerdə olur, tək qalmağa ehtiyat edir”.
“Azadlıq” Iftixar Ağayevlə bağlı məsələyə “Azbentonit” rəhbərliyinin və nəqliyyat naziri Ziya Məmmədovun münasibətini öyrənməyə çalışıb. Zavodun təsisçisi Aydın Məmmədov və icraçı direktor Yasin Xəlilovla əlaqə saxlamaq cəhdi baş tutmayıb. Əməkdaşımız Iftixar Ağayevlə bağlı məsələdə rol alanlardan biri – texniki təhlükəsizlik şöbəsinin Tahir adlı müdiri ilə əlaqə saxlayıb. O isə əməkdaşımızın suallarına cavab vermək istəməyib və dəstəyi asıb.
Ziya Məmmədovun redaksiyamızda olan mobil nömrələrinə vurulub. Nazir hər iki nömrədə dəstəyi özü qaldırsa da, “səhv düşmüsüz” deyə telefonu qapadıb.

Hikmət