İran rejimi ABŞ-ın 35 hədəfini vurmaqla hədələdi
Iranın nüvə proqramı ətrafında yaranmış gərginlik davam edir. Iyulun 1-dən Avropa Birliyinin Irana qarşı neft embarqosunun qüvvəyə minməsi vəziyyəti daha da gərginləşdirib. Tehran rejiminin dünya neft bazarı baxımından mühüm əhəmiyyət daşıyan Hörmüz boğazını bağlamaq cəhdləri Qərbin ciddi narazılığına səbəb olub. Artıq ABŞ Iran sahillərinə hərbi gəmi göndərib. Iran isə bölgədə hərbi təlimlər keçirərək gücünü nümayiş etdirib.
Iranın Islam Inqilabının Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik komandanlığının generalı Əmir Əli Hacızadə ölkəsinin Qərbin mümkün hərbi hücumuna qarşı cavab planı hazırladığını açıqlayıb. Generalın sözlərinə görə, plan ABŞ-ın Yaxın Şərqdəki 35 hərbi bazasının bir neçə dəqiqə ərzində məhvini nəzərdə tutur. Əmir Əli Hacızadə həmin hədəflərin Iran ətrafındakı hərbi obyektlər olduğunu bildirib: “Bu bazaların hamısı bizim raketlərimizin hərəkət radiusundadır”.
Hörmüz boğazında keçirilən hərbi təlimlərə toxunan generalın sözlərinə görə, Iranın 2000 kilometr hərəkət radiuslu raketləri var. Lakin təlimlər zamanı 1300, 500 və 300 kilometr məsafədəki hədəfləri vurmağa qadir olan raketlərdən istifadə olunub. Üçgünlük təlimlər zamanı “Böyük Peyğəmbər-7″, təlimlərinin ikinci günündə ”Şahab-1″, “Şahab-2″, ”Şahab-3″, “Zalzapal” və “Fateh” raketləri sınaqdan çıxarılıb.
Bu arada bəzi ölkələr Avropa Birliyinin Irana qarşı neft embarqosuna qoşulub. Yaponiya hökuməti Irandan neft idxalını dayandırdığını açıqlayıb. Hökumət rəsmisi jurnalistlərə açıqlamasında iyul ayı üçün neft idxalını dayandırdıqlarını bəyan edib. Keniya hökuməti isə, ümumiyyətlə, Iran neftini almaqdan imtina edib. Keniyanın Energetika Nazirliyinin rəsmisi Patrik Nyoike hökumətin qərarının Qərbin Irana qarşı sanksiyaları ilə əlaqəli olduğunu söyləyib.
Xatırladaq ki, iyulun 1-də qüvvəyə minən embarqo ilə Iranın xarici ölkələrə ümumi neft ixracının həcmi 18 faiz azalır. Sanksiya Iranın neft və neft-kimya məhsulları daşıyan gəmilərinin Avropanın sığorta şirkətlərində sığorta olunmasını da yasaqlayır.