Azər Mehtiyev: “Məmurlar ən müasir və ən bahalı maşınlardan istifadə edirlər”
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarının qəbulundan aylar keçsə də, icrası istiqamətində heç bir addım atılmır.
Nazirlər Kabinetinin məlum qərarı dövlət təşkilatlarında olan avtomobillərin sayını və sərf olunan yanacağın həcmini məhdudlaşdırmaq üçün nəzərdə tutulub. Qərarda dövlət büdcə təşkilatlarında istifadə olunacaq xidməti minik avtomobillərinin say həddi – limiti, eləcə də xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin normaları təsdiq edilib.ÿQərara əsasən hərbi qurumlar, milli təhlükəsizlik, hüquq-mühafizə və prokurorluq orqanları, rayon məhkəmələri istisna olmaqla bütün dövlət qurumlarında avtomobillərə limit nəzərdə tutulur. Həmçinin rayon (şəhər) icra hakimiyyətlərinin malik ola biləcəyi avtomobillərin sayı da müəyyənləşdirilib. Limitdən artıq hesab edilən avtomobillər isə satışa çıxarılmalı idi. Hələ indiyə qədər hansısa qurumda xidməti avtomobillərin məhdudlaşdırılması faktına rast gəlinməyib. Bu bir yana qalsın, guya, bu qərarla müəyyən qənaət etməyə çalışan hökumət əksinə məmurlara qiyməti yüz mindən artıq olan “xidməti avtomobil jesti” edir.
Iqtisadçı Azər Mehtiyevin sözlərinə, qonşu ölkələrdə bu məsələ ilə bağlı çox ciddi prosedurlar həyata keçirilir: “Məsələn, Rusiyada xidməti avtomobillər yalnız yerli istehsal olmalıdır. Yaxud Gürcüstanda xidməti avtomobillər üçün ayrılan maksimum məbləğ 16 mindən yuxarı ola bilməz. Təbii ki, xidməti avtomobillərin kimə verilə biləcəyi ilə də bağlı çox dəqiq kriteriyalar və məhdudiyyətlər müəyyənləşdirilib”.
Azərbaycana gəlincə, A.Mehtiyev deyir ki, hansı qərarın verilməsindən asılı olmayaraq məsələ ciddi problem olaraq qalır: “Bu həm də xidməti maşınların sayı ilə bağlıdır. Yəni bəlli deyil ki, ayrı-ayrı dövlət orqanlarında kimlərə xidməti avtomobil verilə bilər. Və bunun hansı hissəsi dövlət vəsaiti hesabına olmalıdır. Maşınların markası və onların dəyəri ilə bağlı heç bir məhdudiyyət yoxdur. Qanunvericilikdə bununla bağlı dəqiq meyarlar yoxdur. Bu da ona gətirib çıxarır ki, xidməti avtomobillərin nə zaman yenilənməsi, köhnəlmiş maşınların sonrakı taleyi və s. qaranlıq qalır. Bunun nəticəsi olaraq nazirlər, dövlət məmurları ən müasirlərindən tutmuş, ən bahalılarına qədər ən müxtəlif avtomobil markalarından xidməti maşın kimi istifadə edirlər. Özü də yalnız dövlət büdcəsi hesabına deyil, həm də özlərinin büdcədən kənar vəsaitləri hesabına xidməti avtomobillər alırlar. Məsələn, Dövlət Neft Şirkətinin istifadəsində olan xidməti maşınların sayı-hesabı yoxdur. Bütün bunlar onun nəticəsidir ki, bir çox sahələrdə olduğu kimi, bu sahədə də təsərrüfatsızlıq və korrupsiya halları geniş yayılıb”.
Gültəkin