“Heç bir halda əfv ərizəsi yazmayacam”

Şahin Həsənli Apellyasiya Məhkəməsinə müraciət etdi

Bakıda, 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Şahin Həsənli cəzasının daha yüngül cəza ilə əvəzlənməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məlumatı “Media forum” saytına vəkil Əlayif Həsənov verib.

Şahin Həsənlinin cəzanın böyük bir hissəsini çəkdiyini xatırladan vəkil deyib ki, Qaradağ Rayon Məhkəməsi həbsin daha yüngül cəza ilə əvəzlənməsi müraciətini təmin etməyib: “Ona görə də Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişik”.

Əlayif Həsənovun sözlərinə görə, Şahin Həsənlinin səhhətində ciddi problemlər var: “Ürək ağrılarından əziyyət çəkir, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə olunsa da, nəticəsi olmayıb. Həbsxana şəraiti səhhətini daha da ağırlaşdırır. 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəis əvəzi Nazim Kəngərliyə müraciət etmişəm, söz verib ki, Şahin Həsənlinin səhhəti ilə ciddi məşğul olacaqlar. Amma hələlik nəticə yoxdur”.

Vəkil bildirib ki, səhhəti nə qədər ağır olsa da, Şahin Həsənli əfv ərizəsi yazmaq niyyətində deyil: “Şahin Həsənli AXCP-nin fəallarından, partiyanın keçirdiyi tədbirlərin əsas təşkilatçılardan olub. Onun səhhəti, ailə vəziyyəti ağırdır. Anası xəstədir, himayəsində azyaşlı uşaqlar var, həyat yoldaşı işləmir. İndi böyük bir ailə başsız qalıb. Şahin Həsənli hesab edir ki, hakimiyyət ondan qisas alır, düşünürlər ki, onun səhhətinin və ailə vəziyyətinin ağır olmasından istifadə edib sonda onu sındıra biləcəklər, əfv ərizəsi yazdıracaqlar. Amma Şahin Həsənli deyir ki, heç bir halda əfv ərizəsi yazmayacaq, hakimiyyət buna ümid etməsin”.

Şahin Həsənli 2011-ci ilin martında həbs olunub. İstintaq onun üstündən 5 ədəd patron çıxdığını iddia edib. Şəmkir Rayon Məhkəməsi Şahin Həsənlini 2 il müddətinə azadlıqdan məhrum edib.