“Hökumət əvvəlcə səmimi olduğunu sübut etməlidir”

Eldar Namazov: “2 aprelə görə tutulanlardan həbsdə qalanı  varsa, o dialoqun səmimiliyinə necə inana bilərəm?”

Vətəndaş cəmiyyətinin fəalları Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla görüşün yekunlarını müxtəlif formada qiymətləndirirlər. “Azərbaycan Naminə” Ictimai Forumun rəhbəri Eldar Namazov isə ümumiyyətlə görüşdə iştirakdan imtina edib. Onun sözlərinə görə, dialoq ideyası müsbətdir və buna tərəfdar olduqlarının dəfələrlə bildiriblər. Lakin bu cür dialoqda iştirak o halda mümkündür ki, hakimiyyət səmimi olsun, həqiqətən vətəndaş cəmiyyətini möhkəmləndirmək istəsin, bunu hansısa siyasi məqsədlərlə etməsin: “Bu cür görüşlər əvvəllər də olub, lakin heç bir nəticə verməyib və vəziyyət daha da pisləşib”.
E.Namazovun sözlərinə görə, bu görüşlər hökumət və vətəndaş cəmiyyəti ilə birgə hazırlanmalıdır. Əvvəlcədən format, gündəlik, sonrakı mümkün addımlar razılaşdırılmalıdır: “Bundan əlavə, dialoqda yalnız Prezident Administrasiyasının nümayəndələri yox, həm də digər qurumların rəhbərləri iştirak etməlidir. Ədliyyə Nazirliyinə, MSK-ya, digər qurumlara suallar çoxdur”.
E.Namazov Ə.Həsənovun QHT-lərin siyasi qüvvələrin tərəfini saxlamamalı olduğu barədə bəyanatını mənfi qiymətləndirib: “Bu, düzgün fikirdir, amma demokratik cəmiyyətlər üçün xarakterikdir. Seçkilər saxtalaşdırılanda QHT pozuntular barədə susa bilməz. Büdcə vəsaitləri və neft gəlirlərinin mənimsənilməsi aşkarlananda QHT susa bilməz. Hüquq müdafiəçilərinə və müstəqil mətbuata gəlincə, insan haqlarının pozulmasını, korrupsiyanı tənqid edərək istər-istəməz siyasiləşirlər və hakimiyyətin düşmənlərinə çevrilirlər. (Turan).
Qeyd edək ki, bu təşəbbüsün davamı gözlənilir və hakimiyyətin növbəti mərhələdə ziyalılar və müxalifət liderləri ilə görüşəcəyi bildirilir. Maraqlıdır, E.Namazov növbəti görüşlərdə də iştirakdan imtina edəcəkmi?
“Azadlıq”a açıqlamasında E.Namazov bir daha xatırladıb ki, həm hakimiyyət-müxalifət, həm də hökumət-vətəndaş cəmiyyəti dialoquna tərəfdardır. Sadəcə olaraq problem hökumətin bu dialoqda nə dərəcədə səmimi olmasındadır: “Əsas məsələ odur ki, dialoq səmimi qurulsun və həqiqətən də ölkədə müsbət dəyişikliklər etməyə hesablansın. Əgər bu, yalnız konyuktura xarakteri daşıyacaqsa, beynəlxalq qurumların gözündən pərdə asmaq üçün olacaqsa, bunun heç bir mənası yoxdur. Yox əgər, bu, dialoqu xalqımızın maraqları, problemlərinin həlli naminə təşkil edirlərsə, o zaman orada iştirak etmək bizim borcumuzdur. Belə olan halda şəxsi maraqlar, hisslər kənara qoyulmalıdır. Sadəcə olaraq hökumət səmimi olduğunu sübut etməli, bizi buna inandırmalıdır. Leyla Yunus demişkən, əgər bu gün Azərbaycanda siyasi məhbuslar varsa, 2 aprel hadisələrinə görə tutulanlar arasında həbsdə qalanlar  varsa, onların azad olunması ilə bağlı yerli və beynəlxalq tələblərə məhəl qoyulmursa, mən təşkil olunmuş o dialoqun səmimiliyinə necə inana bilərəm?”.

Gültəkin