Azərbaycan Atletika Federasiyası Ramil Quliyevi Türkiyəni təmsil etməyə qoymadı, idmançı Olimpiyadadan kənarda qaldı
Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) azərbaycanlı sprinter Ramil Quliyevin 2012-ci il London Yay Olimpiya Oyunlarında Türkiyəni təmsil etməsinə icazə verməyib.
“Habertürk” xəbər verir ki, Türkiyə Atletika Federasiyası (TAF) Azərbaycandan istədiyi icazəyə rədd cavabı aldıqdan sonra İAAF-a müraciət edib.
Müraciətdə Quliyevin 2010-cu ildən Türkiyədə oturum icazəsinin olduğunu xatırladan qardaş ölkə federasiyası 22 yaşlı atletin London olimpiadasında çıxış etməsinə xüsusi icazə istəyib. İAAF isə İstanbuldakı dünya çempionatı öncəsi Keniya əsilli İlham Özbilən və Polat Arıkan üçün xüsusi icazə verməsinə baxmayaraq, bu dəfə xahişi rədd edib (Lent.az).
Ramil Quliyev 100 metr və 200 metr məsafələrə qaçış yarışlarında dünyanın ən sürətli sprinterləri arasında göstərilir. O, 3 il öncə “Fənərbağça”ya transfer olduqdan sonra Türkiyə vətəndaşlığını qəbul edib və Azərbaycanı təmsil etməkdən boyun qaçırıb. O, sonuncu dəfə Azərbaycanı 2009-cu ilin avqustunda Berlində keçirilən dünya çempionatında təmsil edib. İAAF qaydalarına əsasən, başqa ölkənin şərəfini 3 illik fasilədən sonra qorumaq mümkündür. TAF bu müddəti azaltmaq istəyi ilə Azərbaycan Atletika Federasiyasına müraciət edib. Lakin Azərbaycan tərəfi müraciəti rədd edərək, Quliyevi yalnız 2012-ci il olimpiadasından sonra buraxa biləcəklərini deyiblər. Atletin özü isə Azərbaycanın adından çıxış etməyəcəyini söyləyib.