Təhsildəki rüsvayçılığa kimlər cavabdehdir?

Nurəddin Məmmədli: “Təhsildəki durumun acınacaqlı olması rejimin mahiyyətindən irəli gəlir”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının orta məktəblərdə keçirdiyi buraxılış imtahanının nəticələri olduqca acınacaqlıdır. Tam orta təhsil bazasında (11 illik) keçirilən buraxılış imtahanda iştirak edən 10288 şagirddən 857-si ana dilindən, 545-i riyaziyyatdan “2″ qiymət alıb. Beləliklə: 1402 nəfər iki alaraq attestat üzü görməyəcək.
Amma bu, bütün respublika üzrə nəticə deyil. Bu, Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaş rayonlarında keçirilən buraxılış imtahanlarının nəticələridir.
Bu günlərdə qəzetimizdə maraqlı bir müqayisəni təqdim etmişdik. Moskva şəhər təhsil departamentinin rəhbəri Isak Kalinin buraxılış imtahanlarının nəticələrinə görə paytaxtda 142 nəfərin attestat almamasını ciddi fakt kimi dəyərləndirərək, növbəti il daha əzimlə çalışacaqlarını vurğulayıb. Indi təsəvvür edin, əhalisinin sayı 12 milyonu çoxdan aşmış, minlərlə məktəbin olduğu Moskva boyda şəhərdə cəmi 142 nəfər attestat almayacaq. Amma Azərbaycanın bir bölgəsində attestat almayanların sayı isə bundan düz on dəfə çoxdur.
Eyni mənzərə Cənub bölgəsində keçirilən imtahanın nəticələrində də qeydə alınıb. Bəs bu cür rüsvayçı nəticələrdən sonra təhsil ilə bağlı hazırkı duruma cavabdeh olanlar hansı addımları atmalıdırlar?

Azərbaycan təhsilinin hazırkı durumunun acınacaqlı olmasının hamıya bəlli olduğunu deyən AXCP sədrinin müavini, professor Nurəddin Məmmədlinin fikrincə, ölkədə valideyinlərin əlavə ödənişləri hesabına repititorlar şagirdlərə dərs keçməsəydilər, göstəricilər daha ağır ola bilərdi. Hazırda təhsilin problemlərinin daha çox validyeinlərin üzərinə düşdüyünü söyləyən N.Məmmədli vurğuladı ki, orta məktəblər yalnız iki funksiyanı yerinə yetirir. Birinci, korrupsiya piramidasında bir zəncirdilər, ikinci isə seçki saxtakarlığında iştirak edirlər: “Görün vəziyyət nə səviyyəyə çatıb ki, Azərbaycan mətbuatının banisi Həsənbəy Zərdabinin qızını rüşvət almadığına görə universitetdən kənarlaşdırıblar. Əlbəttə, təhsildəki hazırkı duruma görə məsuliyyət daşıyanlar cavab verməlidirlər. Amma Azərbaycanda hər bir sahədə vəziyyət acınacaqlıdır. Mənim Misir Mərdanova münasibətim olduqca mənfidir. Amma nazirin vəzifəsindən uzaqlaşdırılması təhsildəki durumu dəyişməyəcək. Çünki bu, rejimin xarakterindən gələn məsələdir”.

Xəyal