İran Avropaya cavab hazırlayır

Tehran rejimi Hörmüz boğazını bağlamaq istəyir, bu isə yeni müharibənin başlanması deməkdir

Avropa Birliyinin Irana qarşı neft embarqosunun iyulun 1-dən qüvvəyə minməsindən sonra Tehran rejimi sərt cavab həmləsinə hazırlaşır. Təxminən 100 nəfər iranlı millət vəkilinin Hörmüz boğazının embarqo tətbiq edən ölkələrin tankerlərinə bağlanması məqsədilə təkliflər paketi hazırladığına dair xəbər yayılıb.
Təklifə görə, Avropa Birliyinə üzv olan 27 ölkə ilə yanaşı, ABŞ və Israilə xam neft daşıyan tankerlərin də Hörmüz boğazından keçməsi əngəllənəcək. Deputat Cavad Kərimi Qodduşi layihə formada olan təklifin qısa müddətdə parlamentdə müzakirəyə çıxarılacağını deyib.
Qeyd edək ki, Tehran rejimi bundan əvvəl də neft embarqosuna məruz qalacağı təqdirdə Hörmüz boğazını bağlayacağını bəyan etmişdi. ABŞ və müttəfiqləri isə dünyanın enerji bazarı baxımından mühüm əhəmiyyətə malik Hörmüz boğazının bağlanması qarşılığında Irana qarşı daha sərt tədbirlər görüləcəyini vurğulayırdı. Sərt tədbirlər deyəndə, Irana hərbi müdaxilənin nəzərdə tutulduğu da istisna olunmurdu. Belə olan halda, yəni, Tehran rejiminin boğazı bağlamaq cəhdləri yeni müharibə ocağının alovlanması deməkdir. Çünki Iran ilə Oman arasında yerləşən Hörmüz körfəzi üzərindən dünya neftinin 20 faizi daşınır ki, bu da ABŞ və müttəfiqləri üçün həyati əhəmiyyət kəsb edir.
Beynəlxalq Enerji Agentliyinin rəsmisi Samuel Cişuk Iranın Hörmüz boğazını bağlayacağına dair açıqlamalarını ciddi saymır. Onun sözlərinə görə, boğazın bağlanması müharibənin başlanmasına yol açacaq. Iran isə müharibəyə hazır deyil və Tehran rejimi başlanacaq əməliyyatların onun məğlubiyyətilə nəticələnəcəyini başa düşür.
Ingiltərənin xarici işlər naziri Uilyam Heyq Avropa Birliyinin Irana qarşı təzyiqləri artırmaqda qərarlı olduğunu bildirib. Onun sözlərinə görə, son addımlar Irana qarşı tətbiq olunmuş ən ağır sanksiyalardır. Nazir əlavə edib ki, Tehran rejimi bundan sonra ya ağır sanksiyalara dözmək, ya da nüvə proqramı ətrafında yaranmış problemin həlli üçün ciddi əməkdaşlıq etmək məcburiyyətindədir.