Hilal Məmmədov İrana casusluqda ittiham olundu

Vəkili irəli sürülən ittihamların absurd və gülünc olduğunu deyir

“Istintaqla müəyyən edilmişdir ki, uzun illər ərzində jurnalist peşəsinin və mədəniyyət mərkəzinin rəhbəri vəzifəsinin imkanlarından yararlanan Hilal Məmmədov 1992-ci ildən etibarən Iranın xüsusi xidmət orqanının əməkdaşı Əbdoli Əli Həmzəli oğlu tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və ərazi toxunulmazlığı zərərinə fəaliyyət göstərmiş, bunun müqabilində mütəmadi şəkildə birbaşa maddi vəsait alıb”.
Bu, Baş Prokurorluq və Daxili Işlər Nazirliyinin “Tolişi sədo” qəzetinin təsisçisi və baş redaktoru H.Məmmədovla bağlı dünən yaydığı rəsmi məlumatdandır. Məlumatda deyilir ki, verilmiş tapşırıqlar əsasında H.Məmmədov respublikamıza qarşı düşmənçilik fəaliyyətində istifadə olunması üçün zəruri məlumatları toplayıb Iranın kəşfiyyat qurumuna ötürüb, eləcə də belə məlumatlara malik şəxsləri müəyyənləşdirib həmin təşkilatın nümayəndələri ilə əlaqələndirərək casusluğu ilə dövlətə xəyanət edib: “Hilal Məmmədov müxtəlif vaxtlarda Iranda keçirilən konfranslardakı çıxışlarında, ”Səhər-2″ televiziya kanalındakı müsahibələrində, “Tolişi sədo” qəzetində dərc olunmuş məqalələrində və tərcümə etdirərək yaydığı kitablarda respublikamızın ərazisində yaşayan azsaylı xalqların həyatına, mədəniyyətinə, ənənələrinə, tarixinə inam və hörməti sarsıdan fikirlər bildirib, aşkar surətdə milli ayrı-seçkiliyin və düşmənçiliyin salınmasına yönələn hərəkətlər edib. Hilal Məmmədov saxlanılarkən hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı üzərində və yaşadığı mənzildə ümumi çəkisi 33,183 qram olan narkotik vasitə – heroin, həmçinin qanunsuz fəaliyyətində istifadə etdiyi kompüter və digər informasiya daşıyıcıları aşkar edilib götürülüb. Yuxarıda göstərilənlərə əsasən Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.
Vəkili Rafiq Cəlilov isə Hilal Məmmədova qarşı irəli sürülən ittihamların absurd olduğunu bildirib: “Narkotik saxlamaq ittihamından sonra dövlətə xəyanət və milli ədavəti qızışdırma ittihamı absurddur”.
R.Cəlilov dövlətə xəyanət ittihamını rayon polisinin müstəntiqinin irəli sürməsindən təəccüb ifadə edir: “Bu, MTN-in müstəsna hüququdur”.
Onun sözlərinə görə, “narkotik işinin” istintaqı zamanı Bakının Nizami rayon Polis Idarəsinin müstəntiqi birdən müəyyən edib ki, Məmmədov “dövlətə xəyanət edib”. Yəni “Rusiya və Iranla əlaqələrdə olub: ”Bu, gülüncdür, ölkə vətəndaşlarının yarısının Rusiya və Iranla əlaqəsi var. Milli ədavəti qızışdırmağa gəlincə, söhbətin nədən getdiyi məlum deyil. Hilal Məmmədov milli ədavəti qızışdırmayıb, əksinə, xalqlar dostluğuna tərəfdar olub, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşlarının hüquqlarını qoruyub”.