Arif Seyidov icra hakimiyyətinə hücum edən sakinlərdən qorxaraq arxa qapıdan qaçıb
Göygöl rayonunun bir qrup sakini yerli icra hakimiyyətinin binasına hücum edib. Bu barədə məlumatı “Bizim Yol” qəzeti yayıb.
Məlumatda deyilir ki, sakinlərin icra hakimiyyətinə hücum etməsinin səbəbi icra başçısı Arif Seyidovun abadlıq adı ilə rayonda apardığı söküntülər olub. Dövlət vəsaiti hesabına evlərin dam örtüklərinin dəyişdirilməsi prosesinə başladığını deyən Arif Seyidovun sökdürdüyü evlərin üstü açıq qaldığından son günlər yağan aramsız yağışlar evlərin içinə dolub. Günlərdir ki, evlərinin üstünün dam örtüyünün vurulmasını tələb edən insanların bu tələblərinə əməl olunmayıb.
Rayon icra hakimiyyətinin qarşısına toplaşan sakinlər icra başçısı Arif Seyidovla görüş təyin ediblər. Başçının yerində olmadığını deyən rəsmilər sakinlərin etirazları qarşısında duruş gətirə bilməyiblər. Icra hakimiyyətinin binasına daxil olan sakinlər Arif Seyidovun arxa qapıdan çıxaraq, avtomobilinə əyləşdiyinin şahidi olublar. Bu zaman icra başçısının müavininin kabinetinə daxil olan sakinlər onlara dəyən zərərin ödənilməsini tələb ediblər. Binaya daxil olan polis və digər rəsmi qurumların nümayəndələrinin müdaxiləsindən sonra sakinləri oradan kənarlaşdırmaq mümkün olub.