“Rüstəm İbrahimbəyov gərək fikirləşəydi ki, nə üçün onu tərk edirlər…”
Tanınmış rejissor və dramaturq Rüstəm Ibrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar Ittifaqına alternativ olaraq yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar Ittifaqı artıq dövlət qeydiyyatına alınıb. Aktrisa Şəfiqə Məmmədovanın sədrlik etdiyi yeni qurumun dünən ikinci iclası keçirilib. Ş.Məmmədova dünən “mediaforum”a müsahibəsində öz təşkilatlarının strukturu, planlarından danışmaqla yanaşı, Rüstəm Ibrahimbəyovla bağlı məsələyə də toxunub.
Aktrisa yeni Ittifaqın R.Ibrahimbəyovun rəhbərlik etdiyi təşkilata alternativ kimi yaradıldığı haqda fikirlərə münasibət bildirərkən baş verənlərə görə həmkarını qınayıb.
O, rəhbərlik etdiyi təşkilatın təsis yığıncağında hökumət nümayəndələrinin iştirakına dair suala cavabında deyib ki, Rüstəm Ibrahimbəyovun da bütün yığıncaqlarına hökumət nümayəndələri təşrif buyurur, maraqlanırlar: “Çünki Azərbaycan kinosu dövlətindir, kino həmişə dövlətin olub. Ona görə də bu sahədə olan tədbirlərdə nazir, digər şəxslər gəlib iştirak edə bilər. Kinonu hansısa qurum saxlayır? Bura Hollivuddur? Azərbaycan kinosu yaranan gündən dövlətindir. Vəsait dövlətindir”.
Rüstəm Ibrahimbəyov hesab edir ki, yeni təşkilatın yaranması onun ictimai mövqeyi, Ziyalılar Forumundakı fəaliyyəti ilə bağlıdır, hökumət ondan qisas almaq və onu zəiflətmək üçün bunu edib. Şəfiqə Məmmədova bu haqda suala isə belə cavab verib: “Mətbuatda indi çıxış edənlərin əksəriyyəti çoxdan Kinematoqrafçılar Ittifaqına aid deyillər. Çoxdan gediblər. Amma indi nə üçünsə dəstək verirlər və bunu çox aşağı səviyyədə edirlər. Yeni qurum yaratmaq zamanın nəbzidir, təəccüblənməsinlər.
Rüstəmin şəxsi məsələsidir, mövqeyini də özü seçib, şəxsiyyətdir, heç nə deyə bilmərəm. Amma axır illər bu qurumda maraqsız fəaliyyət hökm sürürdü. Kinematoqrafçılar Ittifaqının katibi Rasim Balayev şəxsən qəzetlərdə etiraf edir ki, qurum çox pis gündədir, özümüz də bilmirik niyə gəlib-gedirik.
3 ildir Kinematoqrafçılar Ittifaqında fəaliyyətdə deyiləm. Mənim oradakı vəziyyətdən xəbərim yoxdur. Yeni qurumu təsis edənlərin heç biri o ittifaqa aid deyil. Bu qurum yeni nəfəslidir. Bacarsaq bacaracağıq. Nə isə etmək istəyirik, yığışmışıq. Bu, Rüstəm Ibrahimbəyovla heç bağlı deyil. Özləri bu məsələni niyə vəlvələyə salıb, başım çıxmır…
Rüstəm Ibrahimbəyov gərək fikirləşəydi ki, nə üçün əsas qüvvələr, onunla birgə olan xadimlər bir-bir onu tərk edir. Rüstəm Ibrahimbəyov gərək bu sualı özünə verəydi…
Ona çox güclü dəstək olub. Onun fondları, festivalları necə yaranıb? Hamısı dövlətin dəstəyi ilə olub. Rüstəm Ibrahimbəyov fəxri ad vermir, təqaüd vermir. Rasim Balayevə mənzilləri, bağları Rüstəm Ibrahimbəyov bəxş edib? Dövlət verib də. Bu gün təqaüd alır. Dövlət həmişə canla-başla onlara hər şey verib”.