“Bakelektroqaynaq”ın səhmdarları ayağa qalxdı

İlham Əliyevin qudası Araz Ağalarov ASC-ni şəxsi təsərrüfatı kimi idarə etməsi hiddətə səbəb olub

“Bakelektroqaynaq” ASC-nin səhmdarları dünən mətbuat konfransı keçirərək qurumda baş verən özbaşınalıqlardan danışıblar. Kamil Şükürov bildirib ki, iyunun 27-də səhmdarların ümumi yığıncağı keçirilib. Yığıncaqda illik hesabatı müzakirədən yayındırmaq üçün və Hüquqi Şəxslərin Ittifaqı adı altında nəyin yaradıldığını gizlətmək üçün   “Bakelektroqaynaq” ASC-nin əsas payçısı “Baku Steel Company”nin hüquqşünası Nazim Əliyev toplantını fantastik surətdə keçirməyə planlaşdırıb:

“Yığıncaq açıq elan ediləndən sonra idarə heyətinin sədri Süleyman Məmmədov özünü sədr elan etdi və hesabatın oxunması üçün sözü bir xanıma verdi. Xanım hesabatdan iki söz oxuyandan sonra dərhal hesabtın səverməyə qoyulduğu elan edildi və prezidiumda oturanlar əllərini qaldırdılar. Sonra səhmdarlara bildirildi ki, Hüquqi Şəxslərin Ittifaqında təmsil olunmaq bizim xeyrimizədir və səsvermə elan edildi. Prezidiumda oturanlar əllərini yuxarı qaldırıb zalı tərk etdilər. Bu rüsvayçılıq heç beş dəqiqə belə davam etmədi. Biz alt tərtib edib ərizə ilə birgə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Sədrinə təqdim etmişik. Hesab edirik ki, hər hansı bir oliqarxın öz sevimli hüququşunasının nazı ilə oynuyub-oynamasından asılı olmayaraq bu cür rüsvayçılıqlar yalnız Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin mövcud olmadığı şəraitdə baş verən bilər. Yəni Komitə varsa və fond bazarına nəzarət edirsə bu rəzalətə son qoymalıdır”.
Səhmdarlardan Şahin Əlizadə isə “Bakelektroqaynaq”ın necə özəlləşdirilməsindən və sonra baş verən proseslərdən danışıb: “Baklektroqaynaq” 1998-ci ildə özəlləşdirməyə çıxarılıb və Men adlarında qeydiyyatdan keçən “Baku Steel Company” tərəfindən investisiya müsabiqəsi nəticəsində özəlləşdirilib. Həmin şirkətdən əlavə “Baklektroqaynaq” ASC-nin səhmlərinin 5-6 faizi özəlləşdirmədə iştirak edən şəxslərə məxsus idi. Investisiya planına görə “Baku Steel Company” “Bakelektroqaynaq” ASC-də yeni zavod qurmalı idi. “Baku Steel Company” “Bakelektroqaynaq” ASC-nin əmlakını istismar edə-edə banklardan kredit cəlb edib “Baklektroqaynaq” ASC-də yeni zavod qurdu və 5 il investisiya müddəti ərzində “Bakelektroqayanaq” ASC-ni istismar edə-edə kreditlərin hamısını bağladı və hələ artıq vəsait də qazandı. Həmin dövrlər “Baku Steel Company”nin və “Baklektroqaynaq” ASC-nin başında Paolo Pərviz durmuşdu. Lakin 5 illik investisiya müddəti bitdikdən sonra da “Bakelektroqaynaq” ASC-nin “Baku Steel Company” şirkətindən savayı səhmdarları layiqli dividend paylarını ala bilmədilər. Çünki “Baklelktroqaynaq” ASC 126 min kv.m. istehslat sahəsi və inzibati kopusdan ibarət kompleksi və unikal 160 tonluq və 80 tonluq kranlarını “Baku Steel Company” şirkətinə illik 260 min manata icarə haqqı ilə icarəyə vermişdi. Demək olar illik icarə haqqı 1 kv.m. üçün 1 manat civarında idi. Bu səbəbdən “Bakelktroqaynaq”  hər il bu günə qədər ili zərərlə başa vururdu. Onu da qeyd etmək lazımdır ki, icarə haqqının məbləği heç illik amortizasiya xərclərini ödəmirdi”.
Şahin Əlizadə bildirib ki, Nazim Əliyev hələ Paolo Pərvizin zamanından səhmdarların hüquqlarını pozub. 2008-ci ildə cəmiyyətin üzərində nəzarətin Ilham Əliyevin qudası Araz Ağalarovun əlinə keçdiyinə dair şaiyələr yayıldıqdan sonra səhmdarlar ona müraciət ünvanlayıb. Şahin Əlizadənin sözlərinə görə, səhmdarlar ümid edib ki, Araz Ağalarov ASC-ni normal hala salacaq: “Bu müraciətdən sonra Nazim Əliyev  səhmdarları hədələmək taktikasını dəyişərək onlara saymazyana münasibət sərgiləməyə başladı. Səhmdarların ümumi yığıncağında minor səhmdarlar çıxış etmək, sullar vermək, illik hesabatı dinləmək hüququndan məhrum edildi.
Bəlli oldu ki, Araz Ağalarov onun xətrini çox istədiyindən, ona səhmdarlara aid istiqamətdə kart-blanş verdiyindən artıq Nazim Əliyevi saxlamaq mümkün deyil. Səhmdarlar dəfələrlə cənab Ağalarova müraciət edib onun nəzərinə çatdırıblar ki, səhmdarların ümumi yığıncaqları belə keçirilmir, bu rəzalətdir və heç də cənab Ağalarovun adına yaraşmır. Amma nə fayda. Onu da qeyd etmək lazımdır ki, Paolo Pərviz gedəndən sonra səhmdar cəmiyyəti ümumiyyətlə dividend verməyi tərgidib və cəmiyyətin illik gəlirini hər il “Baku Steel Company” mənimsəyir.
Biz bu günlərdə müraciət imzalayaraq Vergilər Nazirliyinə təqdim etmişik və ümid edirik ki, bu rəzalətə  Nazirlik tərəfindən son qoyulacaq. “Baku Steel Company” hər il yüz minlərlə vəsaiti minor səhmdarlardan mənimsəyir və milyonlarla vəsaiti büdcədən yayındırır”.