Qurumun səlahiyyət müddəti başa çatıb, amma…
Vətəndaşların müdafiəçisi olan vəkillərin özünün müdafiəyə ehtiyacı var
Vəkillər Kollegiyasının sədri Azər Tağıyevdən şikayət son dövr daha da aktuallaşıb. “Azadlıq”a da bu barədə müraciət edən vəkillər sədrin kollegiya üzvlərinə münasibətindən danışıb.
Bəkillərə qarşı ünvanlanan münasibətin nədən qaynaqlandığını sual etdiyimiz Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov söyləyir ki, əslində Vəkillər Kollegiyası Rəyasət Heyətinın səlahiyyət müddəti 2009-cu ildə başa çatıb: “Onun hazırkı sədri daha bu quruma seçilə bilməz. Çünki o, iki dəfə seçilib və müddəti uzatmaqla qanuna dəyişikliklər etməyə cəhd edir. Bununla da özünü ömürlük sədr görmək istəyir. Özünə qarşı rəqib saydığı şəxsləri də qurumdan qanunsuz şəkildə uzaqlaşdırır, sıxışdırır. Mənimlə bağlı məsələ başqa cürdür, yəni bütün imtahan mərhələlərini keçmişdim. Amma məndən öncə ora Intiqam Əliyev, Ənnağı Hacıbəyli və başqa şəxsləri müsahibə adı altında, guya hüquqi biliklərinin çatmaması, ayrı gülünc adlarla Vəkillər Kollegiyasına buraxmayıb. Namizəd Səfərov kimi Azərbaycanın görkəmli, tərəfsiz bir vəkilini qurumdan uzaqlaşdırıb, çünki onun şəxsində özünə rəqib görürdü. Yəni bu addım heç bir qanuna söykənməyən özbaşınalıqdır. Lakin buna nəzarət etməli orqan, Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Idarəsi bu özbaşınalığa göz yummaqda davam edir. Rəyasət Heyəti özbaşınalıq edirsə, nədənsə ona qarşı dözüm nümayiş olunur”. S.Məmmədov qeyd etdi ki, qurum sədri bu hərəkətlərlə Azərbaycanın məhkəmə-hüquq islahatlarına böyük zərbə vurub. Liqa sədri qurumun fəaliyyətini qanunsuz adlandırmaqla yanaşı, onun müştərilərlə bağladığı müqavilələrin mülki qanunvericiliyə zidd olduğunu söylədi: “Vəkillərdən qanunsuz şəkildə əmək kitabçası tələb edilir və s. Yəni bütün problemlər qanunsuz Rəyasət Heyəti və onun qanunsuz sədriyilə bağlıdır”.
Nigar