Elnur Astanbəyli: «Keşkə Azərbaycanda hansısa yazıçı qumarbaz, narkoman olaydı, amma saxta yolla deputat olmayaydı»
Sərt üslublu köşə yazarı kimi tanınan Elnur Astanbəylinin Teleqraf.az-a müsahibə verib.Müsahibəni təqdim edirik.
Qeyd edək ki, müsahibə E.Astanbəylinin öz istəyilə yazılı formada hazırlanıb.
– Elnur bəy, “Almadan küsən” adlı kitabınız Yazıçılar Birliyi sədri, yazıçı Anarın sizə və Seymur Baycana yazdığı həcvlə bağlı yaranan qalmaqaldan qısa müddət sonra nəşr olundu. Bu təsadüfdürmü?
– Əlbəttə, təsadüfdür. Başqa nə olmalıdır ki? Hər halda kitabı Anarın həcvinə cavab olaraq çap etdirdiyimi düşünmürsünüz (gülür).
– Yeri gəlmişkən, keçmiş dostunuz Fazil Qəzənfəroğlu da bir müddət əvvəl parlamentdəki çıxışında sizin Anar haqqında tənqidlərinizlə bağlı kəskin ifadələr səsləndirmişdi.
– Bu barədə danışmaq istəmirəm. Kitab və ümumiyyətlə, ədəbiyyat ətrafında danışmağımız daha yaxşı olar.
– Kitabın satışı necə gedir?
– Pis deyil. Üstəlik, «Almadan küsən»in şeir kitabı olduğunu nəzərə alsaq, şikayətlənmək üçün heç bir səbəb görmürəm.
– Şeirləriniz haqqında ən çox səsləndirilən fikirlərdən biri budur: publisistikasında çox sərt, amansız, acıdil olan Elnur Astanbəyli şeirlərində hədsiz sentimental, kövrək, sakitdir.
– Bunda təəccüblə bir şey yoxdur, adları üstündədir zatən: biri publisistika, digəri şeir. Mən köşə yazarı kimi, günün içindən yazılar yazıram, konkret hadisə və insanları hədəf alıram. Ətrafımda baş verənlərə münasibətim tənqididir, bəzən bu tənqidin dozası hədsiz yüksələ də bilir. Şeir isə nə qədər şablon səslənsə də, yazarın iç dünyasını ifadə edir. Mən köşə yazılarımdan göründüyü qədər aqressiv deyiləm, tam əksinə, çox duyğusalam, emasionalam. Emosiya, ehtiras, həyəcan şeirdə çox vacibdir. Hər nə qədər köşə yazılarımla şeirlərim arasında emosiya, hiss-həyəcan fərqi olsa da, onların ortaq yanı var: hər ikisində səmimiyəm, hər ikisi bir-birini tamamlayır. Heç birində oxucunu aldatmıram. Nə bilirəm, nə düşünürəmsə,onu yazıram.
– Publisistikanızın şeir yaradıcılığınıza mənfi təsir etdiyini düşünürsünüzmü?
– Qətiyyən! Şeir hər gün yazılmır. Köşə yazılarını isə hər gün yazıram. Bu, bir növ qələmi formada saxlamağa kömək edir. Publisistika məni reallıqda tutub saxlayır, real həyatdan qopub mücərrəd, təyinatsız mövzulara yuvarlanmağa, mənasız fəlsəfəyə təslim olmağa qoymur. Mən bütün varlığımla yer şairiyəm, ayaqlarımı yerdən üzmürəm, buludlarda gəzmirəm, göy şairi deyiləm bir sözlə.
– Hamının gördüyü və bildiyi həqiqətlərlə insanı təəccübləndirmək olarmı?
– Mənim kimisə təəccübləndirmək kimi bir dərdim, məqsədim yoxdur. İlk baxışda çox qeyri-adi görünən, səslənən, amma arxasında heç bir reallıq hissi dayanmayan misralar, cümlələr qurmaq mənə yaddır. Yazı adamının ən mühüm borcu həqiqətin qələbəsinə kömək etməkdir. Bunun əvəzinə bir şair, yazıçı yalan istehsal etməklə məşğul olursa, mən bunu əxlaqsızlıq sayıram. Məsələn, bizdə şairlərin 99 faizinin yaradıcılığında «Mən sənin dərdindən ölürəm axı» kimi boşboğazlıq baş alıb gedir. Amma siz mənə sevdiyinin dərdindən ölən bir şair göstərə bilərsinizmi? Bu cür saysız yalanlar nümunə göstərə bilərəm və onlar mənim dünyagörüşümlə, əxlaqımla tərsdir. Şirin yalanlar uydurmaqdansa, acı həqiqəti yazmaq daha gözəldir.
– Amma Füzuli deyirdi ki, «şair sözü əlbəttə, yalandır».
– Yalan şair sözü deyil, Füzulinin öz sözüdür. Siz Pablo Nerudanın sözlərinə necə inanmaya bilərsiniz? O, qələmi və həyatı ilə həqiqət uğrunda sonadək vuruşdu. Yaxud, Nazim Hikmətin sözünə necə yalan demək olar? Azərbaycanın min illik şeiri kiçik istisnalarla çox naqisdir. O nadir hallarda həqiqətə xidmət edib. Və nadir hallarda Azərbaycan şairinin həyatı ilə yazdıqları bir-birini tamamlayıb. Bir düşünün: Nəsimi, Seyid Əzim və Sabir olmasaydı, bu gün Azərbaycan şeiri necə görünərdi? Yalnız onların sayəsində bizim şeir ləyaqətini qorudu, sadəcə, mədhiyyələrdən, gül-bülbül ədəbiyyatından ibarət olmaqdan qurtuldu. Sevindiricidir ki, yeni nəsil yazarlarının simasında Azərbaycan ədəbiyyatı, o cümlədən şeirimiz yeni mərhələyə qədəm qoyur, həm formaca, həm məzmunca modernləşir, yenləşir, realist olmağa, həyatın içindən güc almağa, insanlarla eyni sevinci və kədəri bölüşməyə başlayır.
– Yəni siz hesab edirsiniz ki, şair və yaxud yazıçı bəşəri idealları yox, yaşadığı ölkədəki problemləri düşünməli, onları qələmə almalıdır?
– Nə əlaqəsi var? Bəyəm bu gün mənim ölkəmin problemlərindən – tutaq ki, azad cəmiyyət, milli iradəyə sayğı, demokratiyanın əgəmənliyi, hüquqi dövlət, insana özgürlük və rifah bəxş etmək və s. – narahatlığım, həmin problemləri dilə gətirməyim, qələmə almağım həm də bəşəri idealların təntənəsinə bir xidmət deyilmi? Azadlıqdan, demokratiyadan, insan hüquqlarından, insanların xoşbəxtliyini təmin edəcək cəmiyyət qurulmasından böyük hansı bəşəri ideal var? Görünür, mən fikrimi yaxşı izah edə bilmirəm. Mən deyirəm ki, əgər bir yazıçının oxucusunun evləri qanunsuz başına uçurulur, «taksovatlıq» eləyib evinə bir qismət çörək aparmasına imkan verilmir, əgər bir yazıçının oxucusunun səsi saxtalaşdırılır, özü isə mitinqlərdə döyülür, məhkəmədə qanunsuz hökmün qurbanı olur, həmin yazıçı isə göylərdə süzür, «Tanrı», «ölüm», «qəbir», «insan, zaman, məkan» kimi mövzularda səfehcəsinə at çapır, qələm oynadırsa, yazdıqlarını əbədiyyətə hesablayır, özünü reallığın fövqündə görərək təyinatsız mövzularda zəvzəklik edirsə, belə bir ədəbiyyatı qəbul etmək mənim dünyagörüşümə yaddır. Mənimçün əsl yazar – insanların qayğıları ilə yaşayan, onların real dərdlərinin tərcümanı olan, gücünü, ilhamını gerçək həyatdan alan və bunu öz yaradıcı ləyaqəti, vicdanı ilə bütünləşdirən, həyatdakı əməlləri ilə ədəbiyyatda yazdıqları bir-birini tamamlayan yazardır. Yoxsa ədəbiyyatda «Yaxşı padşahın nağılı»nı yazıb həyatda pis padşaha nökərçilik edən yazar çox istedadlı olsa belə, bir vətəndaş olaraq da, bir oxucu olaraq da, pis-yaxşı bir qələm sahibi olaraq da mənim gözümdə heçdir, filfilodur.
– Bu, çox maksimalist istək deyilmi? Kifayət qədər nəhəng yazıçılar var ki, onların şəxsiyyətində problemlər olub, amma əsərləri dünya ədəbiyyatının şedevrlərindən sayılır.
– Belə yazıçılar kifayət qədər deyil, yanılırsınız, tək-tükdür. Məsələn, Knut Hamsun – faşizm tərəfdarı idi. Buna görə onu hələ də Norveç xalqı bağışlamır. O boyda nəhəngə əl boyda bir büstü belə qıymır. Bir də görürsən, mən hansısa yazıçının nalayiq, ləyaqətsiz hərəkətindən yazanda deyirlər ki, «əşşi, nə olsun e, ona qalsa Dostoyevski də qumarbaz olub, bu, onun böyüklüyünü şübhə altına almır ki…». Çox yanlış fikirdir. Hansısa yazıçının qumarbaz, içki, yaxud qadın düşkünü olmasının onun şəxsiyyəti ilə nə əlaqəsi var? Bu, olsa-olsa onun şəxsi həyatıdır. Yazıçının şəxsiyyəti o, pulunu qumarda uduzanda ləkələnmir, xalqının, ölkəsinin mənfəətini bir deputat mandatına, hansısa orden-medala, prezident təqaüdünə satanda ləkələnir. Keşkə Azərbacanda hansısa yazıçı qumarbaz olaydı, amma gedib hakim gücə yarınaraq, ağa qara deyərək, saxta yolla, təyinatla deputat olmayaydı. Yazıçı qələmi ilə alver edəndə, qələmini karyera, komfort naminə alətə çevirəndə bitir, yox olur, ondan sonra dimdiyi ilə quş tutsa belə, mənası yoxdur. Mən bunu əminliklə deyirəm: qələmini satan hər şeyini satar, arvadını da satar, ölkəsini də satar. Ədəbiyyatı «talkuçka» kimi görənlər heç vaxt yazıçı ola bilməzlər, belələri alverçidən başqa bir şey deyillər. Əslində biz – yeni nəsli təmsil edə yazarların davası da ondan ötəridir ki, artıq ədəbiyyatdan, qələmdən merkantil maraqlar naminə istifadə edənlərin hegemonluğuna son qoyulsun, bu iyrənc ənənə bitsin və bundan sonra Azərbaycanda da ədəbiyyat artıq həqiqətin yanında dayansın.
– Elnur bəy, son olaraq oxuculara nə demək istərdin?
– İstəyirəm «Almadan küsən»i alıb oxusunlar. Bəyənərlər, bəyənməzlər, buna qarışmıram. Mənim qələmdən başqa heç nəyim yoxdur. Mən yazdıqlarımın hesabına yaşayıram. Həm yaşayır, həm yeni yazılarımı yazıram. Alacaqları hər kitabla mənə necə dəstək ola biləcəklərini bəlkə oxucular təsəvvür etməyə çətinlik çəkirlər, amma inanın ki, kitabımın hər satılan nüsxəsinə ehtiyacım var.
Hazırladı:
Cəmalə Əliqızı
P.C. Oxucuların nəzərinə çatdıraq ki, Elnur Astanbəylinin «Almadan küsən» şeirlər kitabını Bakının «Əli və Nino» və «Akademiya» kitab dükanlarından, metronun «Elmlər Akademiyası» stansiyasının girişindəki kitab köşkündən əldə edə bilərlər.
teleqraf.az