İctimai Televiziya adını doğrulda bilirmi?

Cəmiyyətin sanballı nümayəndələri bu barədə yekdil fikirdədir “Xeyr!”

Xəbər verildiyi kimi, Milli Məclis “Ictimai Televiziya və Radio Yayımı haqqında” qanuna dəyişikliklər edib. Bu dəyişiklikləri ITV sədri Ismayıl Ömərovun səlahiyyətlərinin artırılması kimi xarakterizə edən millət vəkili Fəzail Ağamalı onun ünvanına tənqidlər səsləndirərək Ömərovu televiziyada diktatura yaratmaqda tənqid edib.
F.Ağamalı ITV-nin Azərbaycan cəmiyyətinin bütün tərəflərini əks etdirmədiyini, ölkənin siyasi mühitini istənilən spektrdə ictimailəşdirmədiyini söyləyib. F.Ağamalı vətəndaş cəmiyyəti təmsilçiləri, qeyri-hökumət təşkilatları, cəmiyyətin aparıcı nümayəndələriylə dəyirmi masa, müzakirə və debatların təşkilinin isə yox dərəcəsində olduğunu vurğulayıb.
Xatırladaq ki, Azərbaycanda Ictimai Televiziyanın yaradılmasının vacibliyini ölkənin demokratik qüvvələri gündəmə gətirib. Bütün dünyada ictimai televiziyaların olduğuna diqqəti çəkən Azərbaycanın demokratik fikirli şəxslərinin istəyi sonda öz təsdiqini tapdı. Amma hansı formada? Ictimai Televiziya adına layiq olduğunu sübut edə bildimi?

Bununla bağlı şərhini dinlədiyimiz yazıçı-publisit Mehriban Vəzirin qənaətincə, ITV qətiyyən o adı doğrulda bilməyib: “Ictimai Televiziya ictimaiyyətin televiziyası deyil. Cəmiyyətin müxtəlif təbəqələri onun efirində görünmür. Bildiyimiz kimi, ITV-yə digər televiziyalara olduğu kimi, Prezident Administrasiyasından siyahılar təqdim olunur. ITV-nin rəhbəri də çox aqressiv şəkildə bəyanat verir ki, müxalifəti öz fikrini ifadə edəcəyi üçün efirimə buraxa bilmərəm. Bu, əslində düzgün idarəetmə, mədəni bir siyasət deyil. ITV-nin mövcud mövqeyi siyasi mədəniyyətə, plüralizmə və onun öz mahiyyətinə xidmət etmir”.

Televiziya üzrə tanınmış mütəxəssis Zeynal Məmmədli söyləyir ki, başqa bir televiziyada professonal hesab etdiyimiz hansısa verilişi ITV-də görə bilmirik: “ITV xalq parlamenti rolunu oynaya bilmədi, xalqın problemini gündəmə gətirə bilmədi. Misal üçün, ”Qış bulvarı” məsələsi, mülki məsələlərlə bağlı ədalətsiz məhkəmə işləri, Azərbaycan mediasında müzakirə predmeti olan məsələlər, təhsil və səhiyyə işçilərinin problemlərini, ondan çıxış yollarını veriliş şəklində ITV-nin efirində görmədik. Öz adına uyğun olaraq cəmiyyətin güzgüsünə çevrilə bilməyən bu kanal üzərinə düşən vəzifəni görmədi. Azərbaycanın demokratik fikirli insanları bu kanalın efirinə yaxın buraxılmır, siyasi plüralizm yox səviyyəsindədir, cəmiyyətin bütün təbəqəlri kanalın imkanlarından istifadə edə bilmir”. Z.Məmmədli Ictimai Televiziyanın yaranmasının səbəbkarı olan şəxslərin səsinin bu gün həmin kanalın efirindən eşidilmədiyinə də diqqəti çəkdi. Dünya təcrübəsində ictimai televiziyaların öz rolunu yaxşı oynadığına diqqəti yönəldən həmsöhbətimiz, fəqət Azərbaycanda ITV-nin rolunun yetərli olmadığını söylədi: “Cəmiyyətin problemlərini öz efirinə gətirə bilmədiyi üçün bu gün Ictimai Televiziyanın adını doğrulda bildiyini demək çətindir”.

Nigar