Ağdaşın görkəmli ziyalısı Muxtar Əfəndi
Ötən əsrin əvvəllərində Azərbaycanın ziyalı nəsli maarifçilik ideyalarının yayılması uğrunda mübarizə apardığı bir zamanda Zülfüqar Hacıbəyov Bakıdan Ağdaşa tərcüman vəzifəsində işləməyə göndərilir. 1907-ci il idi. Ağdaşda gələcəyin görkəmli bəstəkarı Zülfüqar Hacıbəyovla tanınmış bir şəxsin – Muxtar Əfəndinin görüşü olur. Iki böyük ziyalı o dövr üçün tarixi hadisə kimi qəbul olunan ilk teatr yaratmaq qərarına gəlirlər. O dövrün təzyiqlərinə və çətinliklərinə baxmayaraq, iki parlaq ziyalının səyləri sayəsində bu sənət ocağı açılır.
Beləliklə, 1908-ci ilin 10 aprelində yeni yaranmış bu teatrda Rəşid bəy Əfəndiyevin “Qan ocağı” əsərinin ilk tamaşası səhnəyə qoyulur. Ən önəmli məsələ bu idi ki, burada səhnəyə ilk dəfə qadın çıxır. Aktrisa Almaxanım və görkəmli yazıçı Maqsud Şeyxzadənin anası Fatma Şeyxzadə (sonralar Fatma Hacıyeva) böyük fədakarlıq göstərərək səhnədə yer alırlar. O zaman Muxtar Əfəndinin yaxın dostu, o illərin görkəmli sənətkarı Cəmil bəy Bağdatbəyov da bu teatrın yaranmasında və fəaliyyətində yaxından kömək göstərib.
Azərbaycanda, Krımda, Zaqafqaziyada, Türkiyədə və ərəb ölkələrində Muxtar Əfəndi adı ilə tanınan şərqşünas alim Əfəndizadə Muxtar Ismayıl oğlu 1880-ci ilin yanvar ayında Ağdaş rayonunun Şəmsabad kəndində bir müəllim ailəsində dünyaya gəlib. Altı yaşında atası Hacı Ismayıl Əfəndini itirən kiçik Muxtar anası Zeynab Kərim Əfəndi qızının himayəsində yaşayıb.
O, ilk illər Azərbaycanın müxtəlif mədrəsələrində (Ağdaş, Şamaxı, Quba, Bakı) oxuyub. Hələ 8 yaşında ikən Hafiz adını alıb. 1904-1905-ci illərdə o, Qubada “Üsuli-cədid” məktəbi açıb və bir il sonra, 1906-cı ilin axırlarında maarifçilik fəaliyyətini davam etdirmək üçün öz vətəni Ağdaşa qayıdıb.
Muxtar Əfəndi gənc yaşlarından Ağdaşda maarifçiliyin inkişafında müstəsna rol oynayıb. Həmin dövrdə “Yaşlılar üçün kurs” (1906), “Nəşri-maarif” (1906), “Darülirfan məktəbi” (1906), qiraətxana (1906), teatr (1908), “Səadət” qız məktəbi (1909) onun ağır əməyi sayəsində ərsəyə gəlib. O cümlədən, 1909-1910-cu illərdə açılan və “Rus-tatar məktəbi” kimi məşhur olan qədim tədris ocağı da Muxtar Əfəndinin zəhmətinin bəhrəsi idi.
Onun maarifçilik fəaliyyəti nəticəsində yaradılmış qiraətxana da dövrün önəmli hadisələrindən biri idi. Böyük ziyalı bunu belə xatırlayır: “Qiraətxana açmaq haqqında fikrimi Azərbaycan cəmiyyət iclaslarının birində üzvlərə eşitdirdim. Çox razılıqla mənim fikrimi bəyəndilər və açılmasına qərar verildi”. Bundan sonra az bir zamanda ərəbcə Misirdən, farsca Hindistan və Irandan, türkcə Istanbuldan, Krımdan, Bolqarıstandan, tatarca Orenburqdan, Kazandan və Astarxandan, rusca Rusiyadan gələn qəzet və məcmuələr qiraətxananı zənginləşdirir. O tarixlərdə “Baku” qəzeti bu zəngin qiraətxana haqqında belə yazırdı: “1923-cü ildə kitabların sayına görə Ağdaş qiraətxanası Bakıdan sonra ikinci yeri tutur”.
Kimsəsiz uşaqlar evi
Humanist insan Muxtar Əfəndinin hərtərəfli fəaliyyəti bunlarla bitmir. O, 1908-1909-cu illərdə ən çətin zamanda səfalətdən əziyyət çəkən uşaqlar üçün bir neçə bölgədə Kimsəsiz uşaqlar evi açmağa nail olur. Maarifpərvər ziyalı kimsəsiz uşaqları bu ocağa yığaraq, onlara atalıq qayğısı göstərir. Bu xeyirxah işə bir neçə imkanlı şəxsi (Hacı Gözəlov və başqaları) də qoşur. Belə bir xeyriyyəçilik işi haqqında xəbəri eşidən Hacı Zeynalabdin Tağıyev Muxtar Əfəndiyə xeyir-dua verir. Məşhur xeyriyyəçi həmin məktəblərə yüz qızıl pul göndərərək yardım əlini uzadır.
Maarifçilik fəaliyyətini getdikcə genişləndirən Muxtar Əfəndinin 1906-1907-ci illərdə açdığı “Darülirfan” oğlan məktəbləri fəaliyyət göstərməyə başlayır. Çox yüksək təhsil verən bu beşillik məktəblərdə dünyəvi elmlər tədris olunurdu. Məktəblərdə dərslər ancaq Azərbaycan dilində aparılırdı. Həmin məktəblərdə Muxtar Əfəndi ilə bərabər o dövrün görkəmli maarifçiləri Şərif Əfəndiyev, Qori seminariyasının məzunu Səməd Muradov, Məhəmməd bəy Əfəndiyev, Əhməd Əfəndi və başqaları da dərs deyirdilər.
Onun gördüyü işlər bir insan ömrünə sığışdırılmayacaq qədər böyük görünür. 1909-cu ildə Muxtar Əfəndi tərəfindən “Səadət” qız məktəbinin açılması ölkənin həyatında böyük hadisə idi. O zaman Tağıyev məktəbini bitirmiş Hədiyyə xanım Məmmədovanın rəhbərlik etdiyi bu məktəbdə qiraət, hesab, hesabi-zehni, şəriət, Quran və s. fənlərdən dərslər keçirilirdi. Muxtar Əfəndinin açdığı bu maarif və mədəniyyət müəssisələri 1920-ci ilə qədər davam etmişdir. Onun maarifçilik sahəsindəki misilsiz xidmətləri xalq arasında böyük rəğbət oyandırmışdı. Buna görə də 1919-cu ildə xalq onu Azərbaycan Cümhuriyyətinin parlamentinə nümayəndə seçir. 12 dekabr 1919-cu ildən M. Əfəndizadə parlamentdə “Əhrar” partiyasının üzvü kimi fəaliyyət göstərir. Bolşeviklərin istilasından sonra Nəsib bəy Yusifbəyli kabineti istefa verir və o, da siyasətdən uzaqlaşır.
3 ay 19 gün parlamentdə, sonra sürgündə…
Parlamentdəki 3 ay 19 günlük fəaliyyəti ona baha başa gəlir. 30-cu illərin repressiyaları onun da həyatına iz salır. Böyük maarifçi bir neçə il sürgündə yaşamağa məhkum edilir. Sonra yenidən 1930-cu ildə o, əvəzolunmaz bir maarifçi kimi Maarif nazirinin təklifi ilə Gürcüstana göndərilir. 1932-ci ilə qədər Tiflisin ali tədris ocaqlarında dil və ədəbiyyatdan dərs deyir. Eyni zamanda, Tiflisdə nəşr olunan “Yeni kənd” qəzetinin redaktoru və “Dan ulduzu” məcmuəsinin korrektoru vəzifəsində işləyir. Amma sağlamlığında ciddi problemlər yarandığına görə, həkimlərin məsləhəti ilə Bakıya dönür. Bakıda Maarif nazirinin əmri ilə baş mətbuat müdirliyində və tarix institutunda tərcüməçilik fəaliyyətinə başlayır. Burada bir çox tanınmış yazarların əsərlərini tərcümə edir. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinə dəvət olunan Muxtar Əfəndizadə uzun illər universitetin şərq dilləri fakültəsində dərs deyir. Sonra 1947-ci ildə Muxtar Əfəndi professor Ibadulla Qarayevin tapşırığı ilə “Miftahül lisan ül ərəb” (“Ərəb dilinin açarı” adlı dərslik yazır. Ali məktəblər üçün yazılmış bu dərslik keçmiş SSRI-də nadir hadisə hesab edilirdi. O zaman dünya şöhrətli ərəb dili mütəxəssisi akademik Kraçkovski bu dərsliyə yüksək qiymət verərək Muxtar Əfəndizadəni ərəb və fars dillərinin mükəmməl bilicisi adlandırmışdı. Böyük maarifçi alim orta məktəblər üçün əlavə bir neçə “Ərəb dili” dərslikləri də hazırlayır. Görkəmli ziyalı ömrü boyu böyük zəhmətlə topladığı qədim əlyazmaları, nadir kitabları Respublika Əlyazmalar Institutunun Fonduna təqdim etmişdi.
Onun tərcümə işləri sırasında 1939-1944-cü illərdə ərəb və fars dillərindən dilimizə çevirdiyi Isgəndər Münşinin, Mirxondun, Ibn Əl-Əsirin əsərləri var. 1958-ci ildə isə Muxtar Əfəndi Sədinin məşhur “Gülüstan” əsərinin sətri tərcüməsini Azərbaycan dilinə edir. Məşhur şərqşünas, tərcüməçi Isgəndər Münşinin “Tarixi-aləm-arayi Abbasi”, Ibn əl-Əsrin “Əl-Kamil Fit-Tarix” və s. əsərlərinin ana dilimizə tərcüməsi də ona məxsusdur.
Böyük vətənpərvər, yorulmaz maarifçi Muxtar Əfəndizadə 1975-ci ilin 19 oktyabrında 95 yaşında vəfat etmişdir. Ölümündən sonra onun adı Şəmsabad kənd orta məktəbinə və Ağdaş şəhərində yaşadığı küçəyə verilmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir