Ucuzlaşan neft və dünya siyasəti

Indi elə ola bilər ki, analoqu olmayan iqtisadi yüksəlişlə və o boyda Avropa ölkələrini çulğalayan iqtisadi böhrana baxmayaraq Azərbaycanda baş verən dinamik inkişafla bağlı bu vaxta qədər deyilənlər bir anda sabun köpüyünə çevrilər, çünki ölkənin büdcəsinin 73 faizi neftdən gələn gəlirlərin hesabına formalaşır. Əslində bu gün analoqsuz inkişafla bağlı deyilənlər mənasız söhbətlərdir, çünki büdcədən neft punktlarını çıxsan Gürcüstanın və yaxud da Ermənistanın büdcəsi alınar, halbuki Azərbaycanın əhalisi də, ərazisi də bu ölkələrdən bir neçə dəfə çoxdur. Hələ bunlar elə bir təlaş keçirmir, ona görə ki, bu vaxta qədər toplanan valyuta ehtiyatları bunları arxayın edir və həm də qazın stabil qiymətdə qalması da bunlara bir qədər ürək-dirək verir. Üstəlik, neftin qiymətinin 80 dollarda qalması prinsipcə, bunları qane edir, bu halda büdcədə elə bir kəsir yaranmayacaq və il də başa vurulacaq.    
Ucuzlaşma isə hələ davam edir. Bəli, o da var ki, bəziləri də prosesin yarada biləcəyi zəncirvari qiymət düşməsini nəzərə alıb heç tövrünü də pozmur. O qədər bu mövzuda yazırlar ki, insanlarda həm də bir etinasızlıq immuniteti yaranır, necə deyərlər, sadə insanlar bunlara asanca alışır. Məsələnin səbəb və nəticə aspektlərinə gəldikdəsə, gərək əvvəlcə səbəbləri araşdırasan ki, o səni düzgün nəticələr çıxarmağa yönəldə bilsin. Indi çox səbəb deyilir, lakin sırf iqtisadi amilləri götürəndə görürsən ki, bu məsələnin qanunauyğunluğu da yox deyildir.
Ən əvvəl onu qeyd etmək lazımdır ki, son illərdə neftin qiyməti heç də təbii və normal deyildi, qiymətlər çox qalxmışdı. Təbii ki, şişirdilmiş qiymətlərin bir gün enməsi də baş verməli idi.
Başqa bir amil onunla bağlıdır ki, son vaxtlar Avropa ölkələrində baş verən dərin iqtisadi böhran neftə olan tələbi azaldır. Bu ölkələr elə belə, sadə ölkə deyillər, enerji istehlakına və sənaye tutumuna görə dünyanın aparıcı, lider ölkələridir.
Bunlar, necə deyərlər, əsas, bir növ, təbii səbəblərdir. Lakin uzuzlaşma tək sırf iqtisadi və təbii səbəblərdən baş verirmi? Bax, bu suala birmənalı halda “hə” demək olmur.
Iranın əks həmləsinə qarşı
Bu ilin yanvarın 22-də Irana qarşı qoyulmuş neft embarqosu iyulun 1-dən qüvvəyə minməlidir və bu tarix artıq qapını kəsdirib. Təhlilçilər qiymətlərin düşməsinin siyasi səbəblərindən danışanda daha çox Iran faktorunu qeyd edirlər. Nəzəri cəhətdən Iran neftinə qoyulan embarqo dünya bazarında bir növ neft qıtlığı yaratmalı və bunun nəticəsi kimi əsl neft “lixoradka”sı baş verməli, qiymətlər astronomik həddə çatmalı idi. Bunun baş verməməsi və neft idxal edən ölkələrin maraqlarının təmin edilməsi, həm də Iran neftinin yarada biləcəyi əks reaksiyanın neytrallaşdırılması üçün neftin qiymətinin kəskin şəkildə azaldılması prosesi gedir. Konkret rəqəm söyləmək çətindir, çünki son hədd kimi hətta 20 dollar deyilir. Amma onu qeyd etmək gərəkdir ki, son hədlə bağlı hələ yekdil fikir yoxdur. Başqa bir detal da var. Heç kim üçün sirr deyil ki, Iranın da əsas gəlirləri neftin və qazın hesabına formalaşır və indi bu gəlirləri kəskin şəkildə azaltmaq niyyəti güdülür, çünki bu yolla həm də Iranın nüvə proqramının reallaşmasının qarşısını almağa cəhd edilir və hədəf də Iran iqtisadiyyatını çökdürməkdir. Amma neft zərbəsi tək Iranla məhdudlaşacaqmı?
Rusiya daha bir qiymət dalğası ərəfəsində
Ya təsadüfdən, ya da qanunauyğunluqdan avtoritar ölkələrin hamısı əsasən xammal ixracı ilə məşğul olurlar. Böyük bir kəsim də neftin ixracı ilə məşğul olur. Rusiya da belə ölkələrdəndir. Rusiya böyük neft dalğasını düz iki dəfə  yaşayıb. 70-ci illərdə neftin qiymətinin artması ölkənin rifah halını yüksəltsə də 80-ci illərdə başlayan ucuzlaşma dalğası SSRI-nin çökməsi və böyük bir imperiyanın süqutu ilə nəticələndi. Indi də Rusiyanın büdcəsi neft və qazın hesabına formalaşır, iqtisadiyyat diversifikasiya olunmayıb, kəskin şəkildə neftdən asılıdır. Düzdür, toplanmış dollar ehtiyatı və bir də ki qazın nisbətən stabil qiyməti az da olsa təsəlli verir, lakin bu heç də xilas demək deyil, iflas prosesi hər an yetişə bilər.