Generalın müəmmalı ölümü

Mircəfər Bağırovun seçimi Həzi Aslanovun ölümünə nöqtə qoyub

Görkəmli şəxsiyyətlərin həyatında cəmiyyət həmişə sirr axtarır. Özəlliklə onların ölümü əsasən, təbii, bioloji son sayılmır, bu ölümdə ən müxtəlif xəyanətlərin, qəsdlərin izi axtarılır, onlar barədə şəhər əfsanələri yaradılır. Elə günümüzdə Türkiyənin eks-prezidenti Turqut Özalla bağlı yaşananlar deyilənlərə sübutdur. Azərbaycanda da tanınmışların ölümü ilə bağlı müəmmalı söhbətlər az deyil. Onlardan biri də iki dəfə Sovet Ittifaqı Qəhrəmanı adı qazanan general Həzi Aslanovdur.

Onu ikinci dəfə qəhraman adı almaqdan məhrum edən insan

1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olan Həzi Aslanov Ikinci Dünya Müharibəsində rəşadətli fəaliyyəti ilə seçilib. O çağın ən müxtəlif qəhrəmanlıq orden və medalları, fəxri adları ilə təlfif edilib. Ona Sovet Ittifaqı Qəhrəmanı adı vermək haqqında SSRI Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılıb ki, cəbhə komandanlığının döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet Ittifaqı Qəhrəmanı adı verilir. Aslanovun polkuna isə “Qvardiya” adı verilmişdir. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edib.
1944-cü il yanvarın 24-də Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi.
Rəsmi məlumatlara görə, Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov Mitava şəhəri yaxınlığındakı vuruşmada qəhrəmancasına həlak olub.
Bəzi iddialara görə, 1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRI hərbi rəhbərliyində təmsil olunan erməni generalı I.Baqramyan buna maneçilik törədib. Generalın ölümündə də bu Baqramyanın adı çəkilir. Oxucuların marağını nəzərə alaraq biz tədqiqatçı jurnalist Musa Bağırovun “Sərkərdənin taleyi” kitabı vasitəsi ilə Həzi Aslanovun vəfatı ilə bağlı qələmə aldığı qeydləri dərc etməyi gərəkli bilirik.

Belə deyirlər

“…Uzun müddət Həzi Aslanovun ölümünə dair müəmmalı fikirlər, söhbətlər gedib. Mən bu məsələylə məşğul olub əsl həqiqəti axtarmağa başladım. Əvvəllər də H.Aslanovun silahdaşları ilə dəfələrlə bu barədə danışmışdım. Onlar da müxtəlif fikirlər söyləyir, faktlar, sübutlar gətirirdilər. Danışılanlardan belə nəticəyə gəlmək olardı ki, onun ölümünü döyüş yoldaşlarından heç kim görməyib və görübsə belə, düzünü deməkdən çəkinir.
“Generalın yolu” adlı kitabımın məsləhətçisi, SSRI Müdafiə Nazirliyi Baş Qərərgahı akademiyasının professoru Kurenkovun dediyinə görə, o, bir neçə zabitlə hücuma keçmək üçün əlverilşi mövqe axtardığı zaman uzaqdan atılan top atəşindən həlak olub. Belə idisə, onda nə üçün tək o həlak olub? Axı Həzinin əhatəsində 10-15 zabit olub. Mənim bu sualıma o “belə deyirlər” cavabı verirdi”.

Mircəfər Bağırovun seçimi

“Nəhayət, uzun tədqiqat işlərindən sonra çox qiymətli fakt əldə etdim. 1945-ci ilin əvvəlində I.Stalinin göstərişi ilə bütün müttəfiq respublikalarda müdafiə nazirliyi təşkil olunurdu. Azərbaycanda bu məsələ ilə əlaqədar Mərkəzi Komitənin bürosunda Mircəfər Bağırov nazirin kim olmasını müzakirəyə qoyur. Çox götür-qoydan sonra Bağırov özü H.Aslanovun namizədliyini verir. Büro üzvü T.Quliyevin ”axı o cəbhədədir, onu buraxarlar” sualına M. Bağırov cavab verir ki, “siz məsələni mənə həvalə edin”. O, birbaşa Stalinə zəng edir. Stalin razılığını bildirir və H.Aslanovun müdafiə naziri olmasına etiraz etmir”.

Məkrli təbrik

“…1944-cü ilin 15 iyununda Aslanovun komandanlıq etdiyi 35-ci tank briqadası daxil olduğu korpusla birlikdə 3-cü Belorusiya cəbhəsinin sərəncamından 1-ci Pribaltika cəbhəsinin sərancamına verilmişdi. Burda isə komandan erməni I.X.Baqramyan idi. Artıq 4 ay idi ki, Aslanov Baqramyanın tabeliyində xidmət edirdi. O, xırda yara almışdı, yaxınlıqdakı hərbi xəstəxanada yatırdı. 1945-ci il yanvarın 23-də I.Baqramyan H.Aslanovu xəstəxanadan yanına çağırıb deyir: ”Səni təbrik edirəm! Böyük vəzifəyə gedirsən. Sabah Azərbaycana, Mərkəzi Komitənin sərəncamına keçirsən, bir də təbrik edirəm!”. Sonra da əlavə edir: “Biz bu gün-sabah böyük hücum əməliyyatlarına başlamalıyıq. Yaxşı olardı ki, sən özün gedib hücum sahəsini təyin edərdin. Mənim apardığım tədqiqatlara və Aslanovun silahdaşlarının dediklərinə görə o günlər, o regionda heç bir hücum məsələsi, planı olmayıb. Sonralar bu məsələ ilə bağlı bir çox arxivlərdə və eləcə də Podolskidəki hərbi arxivdə bu hücum planı ilə bağlı  bir dənə də olsun gündəlik tapmadım, əbəttə, heç bu gündəliklər olmayıb da. O günlər korpusa başqa hərbi hissələrə birlikdə Kurlyandiya qruplaşması adlandırılan böyük bir alman qarnizonunu sıxışdırıb, mühasirədə saxlayaraq öz əsas qüvvələri il birləşməyə imkan verməmək vəzifəsi tapşırılmışdı. Hətta H.Aslanovun ölümündən xeyli vaxt sonra da orda heç bir hücum, vuruşma olmayıb. Məlum olur ki, ”hücum planı” yalnız I.Baqramyanın düşməncəsinə uydurduğu bir hiylə imiş.

Qənimət götürülən alman silahı ilə qəsd

“Korpusun bütün veteranları bilirdilər ki, məni H.Aslanovun müəmmalı ölümü marqalandırır. Axırda Aslanovun silahdaşlarından iki nəfər ”polkovnik Klimenko və mayor Beqiaşvili əhvalatı olduğu kimi mənə danışdılar. Klimenko o zaman tabor komandiri, Beqiaşvili isə briqadanın baş həkimi olmuşlar. Beqiaşvili həm də Həzinin yaxın dostu olub.
Klimenkonun dediyinə görə, Aslanov Baqramyanın yanından çıxıb, öz hissəsinə gəlir və dincəlmək üçün həyətdə içində isti soba olan budkalı maşına girir. Aradan 10-15 dəqiqə keçmiş H.Aslanov olan maşın 6 lüləli minaatandan atəşə tutulur. H.Aslanov ağır yaralanır. Məsələ burasındandır ki, həmin minaatanı almanlardan bizim döyüşçülər qənimət kimi götürübmüşlər. O silah bizim öz ərazimizdə idi, ondan ancaq bizim tərəfdən atəş açıla bilərdi. Elə təəccüb doğuran da budur”.

O vurulandan sonra 23 saat sağ qaldı

“…Beqiaşvili ilə mən Tbilisidə onun evində görüşdəm. O dedi: ”H.Aslanov yaralananda mən orda yox idim. Lakin 5 dəqiqə sonra özümü ora çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili surətdə təzə qan köçürmək lazım idi. Mən Həzinin yanına uzandım ki, öz qanımdan 500 qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra o, düz 23 saat sağ qaldı. Bu müddətdə onu Moskvaya aparmaq üçün ayrılan təyyarə də o yatan evin arxasında dayanmışdı”. Beqiaşvilinin fikirincə, H.Aslanov qətlə yetirilib”.

Natiq