Yaponlar “Alov qüllələri”ndən birinin çökməsini saxlamaq üçün bu qədər pul istəyir
“Alov qülllələri” ətrafında baş verənlərlə bağlı maraqlı məlumat almışıq. Əvvəlcə xatırladaq ki, bir müddət əvvəl Almaniyanın “Die Welt” qəzeti Parlament prospektində inşa edilən “Alov qüllələri”nin dağılmaq təhlükəsilə bağlı məlumat yayıb. Məlumata görə, qüllələrin dəbdəbəli təqdimatında həmin tikililərdən birinin 15 sm çökdüyü diqqətdən yayınıb. Xəbərdə o da vurğulanır ki, 15 sm çökən qüllənin söküləcəyi gözlənilir.
Bundan sonra “Azadlıq” məlumat yaydı ki, qüllələrdən birinin çökməsi Ilham Əliyevi bərk qəzəbləndirib. Ölkə başçısı bu projeyə məsul olan əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovu danlayıb və hətta onu kabinetindən qovub.
Həmçinin qeyd etmişdik ki, qüllənin çökməsinin qarşısını almaq üçün layihəyə yapon mütəxəssislər cəlb edilib. Onlar çökmənin qarşısını ala bilməyəcəyi təqdirdə qüllələrin sökülməsi gündəmə gələ bilər.
Dünən əldə etdiyimiz məlumatlara görə, yapon mütəxəssislər problemin həllinin mümkün olduğunu bildiriblər. Lakin bu iş üçün xeyli vəsait tələb ediblər. Bəzi məlumatlara görə, onlar tələb etdiyi vəsait 200 milyon manat civarındadır. Yapon mütəxəssislər bildirib ki, ümumiyyətlə ərazidə sürüşmənin qarşısı alınmalıdır. Yalnız bu halda qüllənin çökməsi dayana bilər. Bildirilir ki, artıq razılaşma əldə olunub. Məlumatlarda deyilir ki, bu layihəyə əlavə vəsaitlərin xərc edilməsi üzündən tikinti işlərinə bir neçə oliqarx da cəlb edilib. Onlardan biri isə “Azərsun Holding”in rəhbəri Abdulbari Gözəldir.
Hikmət